Rusiyada keçirilən futbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsi start götürəcək.
“Report”un məlumatına görə, əvvəlcə Fransa və Argentina yığmaları münasibətlərinə aydınlıq gətirəcək. Didye Deşamın baş məşqçi olduğu kollektiv Danimarka, Peru və Avstraliya ilə birgə mübarizə apardığı C qrupunu məğlubiyyətsiz başa vurub. Avstraliya (2:1) və Perunu (1:0) məğlub edən komanda son turda Danimarka ilə heç-heçə (0:0) edib və qrup birincisi kimi növbəti mərhələyə yüksəlib.
Argentina isə Nigeriya, İslandiya və Xorvatiya ilə birgə D qrupunda mübarizə aparıb. İlk turda İslandiya ilə heç-heçə (1:1) edən yığma ikinci turda Xorvatiyaya məğlub olub (0:3). Cənubi amerikalılar sonuncu turda Nigeriyanı məğlub etməklə (2:1) növbəti mərhələyə vəsiqə qazanıb.
Fransa və Argentina bu vaxta qədər 11 dəfə üz-üzə gəliblər. Qarşılaşmaların 9-u yoldaşlıq görüşlərinə təsadüf edib. Komandalar dünya çempionatlarında isə 2 dəfə qarşılaşıblar. 1930-cu il Uruqvayda keçirilmiş mundialdakı ilk qarşılaşmada Argentina 1:0 hesabı ilə qələbə qazanıb. 1978-ci ilə Argentinada təşkil olunmuş çempionatda isə meydan sahibləri 2:1 hesabı ilə qalib olub.
Günün digər oyunun isə son Avropa çempionu Portuqaliya Uruqvay səddini keçməyə çalışacaq. Uruqvay A qrupunda Misir (1:0), Səudiyyə Ərəbistanı (1:0) və Rusiya (3:0) ilə mübarizə aparıb. Hər üç oyunda qələbə qazanan komanda qapısında qol görməyib. Portuqaliya isə İspaniya (3:3), Mərakeş (1:0) və İran (1:1) yığmaları ilə birgə yer aldığı B qrupunu ikinci pillədə başa vurub.
Uruqvay və Portuqaliya yığmaları indiyədək 2 dəfə üz-üzə gəliblər. Komandalar dünya çempionatları tarixində isə ilk dəfə qarşılaşacaqlar.
DÇ-2018
30 iyun
1/8 final
18:00. Fransa – Argentina
Hakimlər: Alireza Faghani, Reza Sokhandan, Mohammadreza Mansuri (hamısı İran), Xulio Baskunyan (Çili)
Kazan, “Kazan Arena”
22:00. Uruqvay – Portuqaliya
Hakimlər: Sizar Ramos, Marvin Torrentera, Migel Hernandez (hamısı Meksika), Jair Marrufo (ABŞ)
Soçi, “Fişt” stadionu.
Paylaş: