Bakının “Neftçi” klubunun prezidenti Kamran Quliyev Avropa Liqasının III təsnifat mərhələsinin “Bney Yehuda” ilə İsraildəki cavab görüşünə ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib.
APA-nın məlumatına görə, "ağ-qaralar"ın rəhbəri Azərbaycanın ən titullu klubunun 1:2 hesablı məğlubiyyəti və avrokuboklarda mübarizəni dayandırmasına münasibət bildirib, həmçinin yeni mövsümlə bağlı hədəfləri açıqlayıb.
- “Neftçi”də demək olar hamı “Bney Yehuda”nı keçmək üçün nəsə alınmadığını deyir. Sizcə, nə alınmadı ki, yekunda avrokuboklarda mübarizəni dayandırdırdınız?
- Ümumiyyətlə, Avroliqa qarşılaşmaları çempionat oyunlarından çox fərqlənir. Burda kubok sistemidir, mübarizə iki matçdan ibarətdir. Komanda nəinki oyunun, oyunun hansısa bir hissəsinə köklənməyibsə, hardasa konsetrasiyanı itirirsə, bu kollektivə baha başa gəlir. Bu turnirdə iki oyunda hər dəqiqənin dəyəri var. Avropa Liqasının I təsnifat mərhələsində bizə təzyiq var idi ki, Moldova "Sperantsa"sı zəifdir və onları keçməliyik. Komanda bunun öhdəsindən gəldi. İkinci mərhələdə isə Rusiya "Arsenal"ı rəqibimiz oldu. Onlar keyfiyyətinə, büdcəsinə və çıxış etdiyi çempionata görə bizdən üstündür. Komanda var gücünü ora sərf etmişdi. "Bney Yehuda" ilə görüşlərdə isə komanda psixoloji cəhətdən o məsuliyyəti dərk edə bilmədi. Əsas məsələ də budur. Statistikaya nəzər salmaq istəmirəm. Birinci və ikinci matçda top 70 faiz bizdə idi. Ancaq müdafiə baxımından çox yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq. Olar bilər ki, futbolçularda psixoloji hazırlıq çatmırdı.
- İsraildəki görüşdə son ana qədər müsbət nəticə olacağını gözləyirdik. Bunu komandanın oyununda yaxşılığa doğru dəyişiklərin olacağına görə ümid edirdik. Baş məşqçi isə birinci görüşlə müqayisədə kreativlik edə bilmədi. Bunun səbəbini nədə görürsünüz?
- Ümumiyyətlə, Avropada "avtobus müdafiəsi" ifadəsi mövcuddur. "Avtobusu" qurmağı bacaran məşqçi varsa, lazım olanda onu qura bilir. O sıxlıqda olan müdafiəni yarmaq çox çətin idi. Bu komandalarla oynamaq çətin olur. Səbəb isə tək bu deyil. Komanda psixoloji cəhətdən daha hazır olsa nəsə etmək olardı. "Arsenal"la matçdan bir həftə sonra oyuna çıxdıq. Hardasa hazırlıq dönəmində boşluqlar var idi. Amma bu komandaya qarşı oynayıb qələbə qazanmaq lazım idi.
- "Neftçi" Roberto Bordinin rəhbərliyi altında qapanan komandalara qarşı oynaya bilmir...
- Çətindir. Beşli müdafiə fərqli ola bilər. Belə komandalara həm qalib gəlmişik, həm də məğlub olmuşuq. Bu futboldur.
- Bordin istədiyi heyəti qurmuşdu. Rəhbərlikdən heyət baxımından nə istəmişdisə, hər şey arzuolunan səviyyədə idi.
- Daha öncəki müsahibəmdə qeyd etmişdim ki, biz transfer məsələlərini hələ yekunlaşdırmamışıq. Buna baxmayaraq, hər futbolçunu komandaya dəvət edə bilmərik. Bizə güc qatan və səviyyəmizi qaldıran oyunçu axtarırdıq və indi də axtarışlar davam edir. Qismət olsa, yeni oyunçu cəlb edəcəyik. Transfer işlərini yekunlaşdırmamışıq. İndi isə oyunçu almaq daha çətindir. Ona görə ki, çempionatlar başlayıb. Kimisə gətirmək naminə heç kim bura futbolçu gətirməyəcək. Hesab edirəm ki, yayın əvvəlində etdiyimiz transferlər bu komandanın keyfiyyətini 20-30 faiz artırıb. Biz faciənin yox, üzücü bir nəticənin şahidi olduq.
- "Neftçi" bu mövsüm avrokuboklarda nəyi hədəfləyirdi?
- Bizim üçün ən minimum "Sperantsa"nı keçmək idi. Onu da bacardıq. Buna baxmayaraq, "Arsenalı məğlub edəndən sonra iştahamız açılmışdı. Çünki irəlidə "Bney Yehuda", ondan sonra "Malmö" klubu var idi. Azarkeşlər, biz və futbolçular üçün qrup mərhələsinin qapısı göründü. Amma ikili oyunlarda hər şey ola bilər. Biz "Arsenal"ı da keçə, "Bney Yehuda"ya isə uduza bilərik. Bizim üçün çox üzücüdür. İlk iki oyunda azarkeşlərimiz 5000 km yol qət ediblər, xaricə səfər ediblər. Həmin səfərlərdən qələbə ilə qayıdıblar. 6 oyuna görə onların hamısına təşəkkür etmək istəyirəm. Onlar bizi son nəfəsə qədər dəstəkləyiblər. İnanmaq istəyirik ki, "Neftçi" daha da güclü olacaq. Yenə qeyd etmək istəyirəm ki, bu, bizim üçün faciə deyil. Amma daha yaxşı ola bilərdi.
- Sosial şəbəkələrdə bəzi müzakirələr başlayıb. Azarkeşlər hesabat tələb edirlər və baş məşqçinin getməsini istəyənlər də var. Bu sizin üçün nə dərəcə önəmlidir?
- Komandanın içində hansı proseslər getməlidirsə, onlar baş verəcək. Bu məsələyə bütün prizmalardan baxılacaq. Məşqçi korpusu, idman direktoru, hətta futbolçularla görüşümüz olacaq. Çünki ayın 19-u bizim çempionatda ilk oyunumuzdur. Amma bu media və ictimaiyyət üçün deyil. Sırf komandanın daxilində olan proseslərdir. Avropa Liqasında 6 oyun oynadıq. Yalnız sonuncu matçda minimal hesabla məğlub olduq. 4 qələbəmiz var. Çoxlu qol vurmuşuq. İnsanları sevindirmişik. İndi hamı təbii ki, bu məğlubiyyətə görə narazı ola bilər. Azarkeşin haqqı var. Komandaya dəstək olmaq lazımdır. Həyat dayanmır. Futbol davam edir. Biz nəyisə öyrənmişik. Boşluqları görmüşük. Bütün bunların üzərində işləməliyik.
- “Neftçi”nin avrokuboklardakı çıxışına görə italiyalı baş məşqçisinin işinə necə qiymət verərdiniz?
- Ötən ilə ümumiyyətlə qiymət vermək istəmirəm. Çünki o fiasko idi. 3:1 hesablı qələbədən sonra başqa cür hazır olmalı idik. Amma bu il minimum qoyulan planın öhdəsindən gəldi. Ona görə birdən-birə onu günahkar hesab etmək olmaz. Hamımız günahkarıq. Qələbə qazananda hamının qələbəsi olursa, məğlubiyyətdə də belə olmalıdır. Bəlkə də, rəhbərlik tərəfindən oyunçulara lazım olan sözlər çatmayıb, baş məşqçinin işi düzgün qurulmayıb. Həmişə futbolçuları qınamaqdan uzaq durmuşam. Biz nə qədər çalışsaq da, oynayan onlardır. Ən çox onlara dəstək olmağa çalışırıq. Bu dəfə alınmadı. Onlar peşəkar insanlardır. Özləri anlayacaqlar.
- "Neftçi"də olduğunuz müddət sizin özünüz üçün də böyük təcrübə olub. Təcrübəyə əsasən, flaqmanın növbəti mövsüm üçün hədəf və gözləntiləri nədir?
- Biz birinci yer uğrunda mübarizə aparacağıq. Burada başqa bir məqsəd ola bilməz. Məqsəd birinci yeri tutmaq və ölkə kubokunu qazanmaqdır. "Neftçi"nin qarşısına hansısa məqsəd qoymaq anormal olar.
- Bordin İsraildəki oyundan sonra bildirdi ki, komandada bəzi dəyişikliklər etmək lazımdır. Baş məşqçi nəyi nəzərdə tuturdu?
- Bəzilərinin fikrinə görə ehtiyat oyunçular skamyamızda əsas heyətdə oynaya biləcək futbolçularımız var. İndi ehtiyat skamyamız yaxşıdır. Hansısa mövqedə futbolçu tapşırığı yerinə yetirə bilmir və zəif çıxış edirsə, onun yerinə oyunçumuz var. Ön xətdə istənilən futbolçunu əvəzləmək olar.
- Oyunlarda psixoloji hazırlıqları qeyd etdiniz. Bunun növbəti dəfə təkrarlanmaması üçün nə etmək lazımdır? Komanda "Arsenal"ı udur, amma ondan zəif olan kollektivə məğlub olur....
- Futbolda konkret yazılmış qaydalar yoxdur. 10 ildir ki, futboldayam. Yəqin ki, bir yolun tapacağıq. Çempionat bizim üçün 3 gündən sonra başlayır. Komanda məsuliyyəti dərk edir. Onların qarşısına böyük hədəflər qoyulub. "Uypeşt" məğlubiyyətindən sonra hamı pis vəziyyətdə idi. Biz söz tapa bilmirdik. Burada məğlub olduq və bu üzücüdür. Kollektivə dəstək lazımdır. Azarkeşlər dəstək olmalıdır. Rəhbərlik öz işini görəcək. Bu dəfə rəqibdən cəmi bir top az vurduq. Üçüncü mərhələdə zəif rəqib yoxdur. UEFA klubları mükafatlandırır və klublar var gücünü qoyur ki, mərhələ adlaya bilsin. İsrail çempionatı yarım pillə, bəlkə də bir pillə bizim Premyer Liqadan öndədir. Ən azından komanda sayına görə... Bizim çempionatda da güclü kollektivlər var.
- Ötən ilki "Neftçi" ilə bu ilki komanda arasında fərq var?
- Əlbəttə. İnanmıram ki, keçən ilki komanda "Arsenal"ı məğlub edərdi. Bunu bilmək və anlamaq üçün məktəbə gedib, futbol dərsi öyrənməyə ehtiyac yoxdur. Görünürdü ki, komandamız böyüyüb. Bu yöndə hələ də işlər gedir.
- Çempionatda yenə "Qarabağ"la "Neftçi" savaşı olacaq? Bəzi klublar yetəri qədər zəifləyiblər...
- Bu barədə heç nə deyə bilmərəm. Bir neçə il əvvəl "Sumqayıt"da işləyirdim. Komanda birinci yer uğrunda mübarizəyə qoşulmurdu. İkinci və üçüncü yerlər uğrunda yarışırdı. Bu dəfə hansı komanda "Qarabağ"a və "Neftçi"yə rəqib olacağını Allah bilir. Bəlkə 2-3 turdan sonra o suala daha asan cavab verdim. Bütün komandalara uğurlar arzulayıram. Çempionat başlayır. Bu münasibətlə azarkeşləri təbrik edirəm. Ən azından həftəsonu gəlib oyunlara baxsınlar, komandalarını dəstəkləsinlər. Öz növbəmdə deyirəm ki, "Arsenal"la oyunun 80-ci dəqiqəsindən sonra bizim azarkeşlər telefonlarının işıqlarını yandırmışdı. İnanmaq istəyirəm ki, bunu çempionat oyunlarında nə vaxtsa, görəcəyəm. Çox möhtəşəm bir şey idi. Futbolçulara da, güc gəlir. Futbolumuza ölkədə maraq artır. İstəyirəm ki, çempionata da insanlar gəlsinlər və tribunaları doldursunlar.
- Çempionat başlasa da, klubun bazası hələ də hazır deyil...
- Baza üçün bütün lazım olan işlər görülür. Bazanın harada yerləşdiyi hamıya bəllidir. Müəyyən sənədləşmə işlərində problemlər var. Onlar aradan qaldırılacaq. Proses davam edir.
Vüqar Xeyrullayev
Paylaş: