Xəbər lenti

"Zirə" klubunun sabiq futbolçusu Nelson Bonilya Azərbaycandan təklif alıb. "Report"un məlumatına görə, bu barədə salvadorlu hücumçunun özü yerli mətbuata müsahibəsində bildirib.

27 yaşlı forvard Avropa Liqasında çıxış edəcək klubun onunla maraqlandığını açıqlayıb. Bonilya komandanın adını deməsə də, onun "Qəbələ"ni nəzərdə tutduğu güman olunur. Çünki "İnter"ə transfer qadağası qoyulub, "Zirə" maraqlansaydı, Bonilya həmin komandanı keçmiş klubu kimi təqdim edərdi. Üstəlik, ötən mövsümün ikinci yarısında transfer olunan Riçard Qadze müqaviləsini daha bir il uzadaraq, Ayxan Abbasovun rəhbərlik etdiyi kollektivdə qalıb. "Qəbələ" isə hücumçu axtarışındadır.

Bonilya hələlik qərar vermədiyini söyləyib: "Hazırda istirahət etmək istəyirəm. Çünki çox ağır mövsüm keçirmişəm. Təklif üzərində bir müddət sonra düşünəcəyəm".

Salvadorlu forvard ötən mövsümün ilk yarısını Portuqaliya "Nasyonal"ında, qış fasiləsindən sonra isə icarə əsasında Türkiyənin "Qaziantep BB" komandasında keçirib. Ümumiyyətlə, Bonilya 2014-cü ildən Avropada çıxış edir. O, 2014-2015 mövsümünü Rumıniya "Vitorul"unda, 2015-2016 mövsümündə isə "Zirə"də keçirib. "Köhnə qitə"də üst-üstə 27 qol vurduğunu deyən hücumçu karyerasından razılıq ifadə edib: "Heç kim mənə deməyib ki, 10 min dollar ver, səni Avropaya aparım. Oyunçular var ki, 6 aydan sonra geri qayıdırlar. Məni isə bütün klublar görərək bəyəndikdən sonra arxamca Rumıniyaya, Azərbaycana və Portuqaliyaya gəliblər. Çoxları deyə bilər ki, Azərbaycanda nə var idi? Azərbaycan futbolu Ermənistanla eyni səviyyədədir. Ermənistan yığması Salvadorla yoldaşlıq görüşündə 4 qol vurdu. Ermənistan -Almaniya oyununda 80-ci dəqiqəyədək hesab 1:1 idi. Ötən il mənim ən azı 10 təklifim var idi. Hətta MLS-dən də istəyirdilər".

Qeyd edək ki, Nelson Bonilya "Zirə"də ötən mövsüm 14 qol vurub. O, "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintanadan cəmi bir top geri qalaraq, bombardirlər siyahısında ikinci olub. Lakin Azərbaycandan ayrıldıqdan sonra Bonilya "Nasyonal"da 14 oyuna 2 qol vurub, "Qaziantep BB"də isə cəmi 3 matçda iştirak edib.

 




Ana səhifəyə qayıt        Baxış: 1 043          Tarix: 31-05-2017, 11:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma