Xəbər lenti

 

Bakıda baş tutan ikinci Formula 1 yarışına ötən ildəkindən 30 % çox tamaşaçı gəlib. Xaricdən gələn avtoidman azarkeşlərinin sayı keçən illə müqayisədə iki dəfə çox olub.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) AzVision.az-a verilən məlumata görə, Azərbaycan paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində keçirilmiş növbəti Formula 1 yarışı həftəsonuna - 2017 Formula 1 Azərbaycan Qran Prisi üçün yarış məkanına böyükdən kiçiyə 71 min 541 azarkeş gəlib.
Formula 1-in ən yeni məkanı olan Bakı Şəhər Halqasında ötən il baş tutmuş ilk yarışla müqayisədə bu il keçirilmiş Azərbaycan Qran Prisinə 30 % daha çox tamaşaçı qatılıb. Bundan əlavə, bu il yarışı yerində canlı izləmək üçün Bakıya xaricdən ötən ildəkindən 2 dəfə çox avtoidman azarkeşi gəlib. Ümumilikdə 65 ölkədən gələn azarkeşlər Bakıda mövsümün ən gərgin və yaddaqalan yarışına şahid olublar. Xaricdən gələn Formula 1 həvəskarlarının sayı bütün tamaşaçıların üçdə birini təşkil edib. 
Yarışı izləməyə gələn minlərlə azarkeşlə yanaşı televiziya ekranları qarşısında əyləşən milyonlarla avtoidman həvəskarı uzun müddət yaddaşlarda qalacaq möhtəşəm yarış izləyiblər. Bu yarışda "Red Bull" komandasının pilotu Daniel Rikardo rəqiblərini üstələyərək 2017-ci il mövsümündə ilk qələbəsini qazanıb. "Mercedes AMG" komandasının pilotu Valteri Bottasa isə "uçan finlandiyalı" adını veriblər. Belə ki, o böyük ustalıq nümayiş etdirərək yarış ərzində ən arxa sıradan ön cərgəyədək gələrək finiş xəttindən əvvəl sonuncu saniyədə "Williams" komandasının pilotu Lens Strolu ötüb və podiumda ikinci pillədə qərarlaşıb. Yarışın son anlarında ikinci pilləni əldən verməsinə baxmayaraq "Williams" komandasının kanadalı yeniyetmə sürücüsü Lens Strol Formula 1-də debüt etdiyi ilk mövsümdəcə ən gənc yaşda podiuma çıxan pilot ola bilib.
Hər bir anı gərgin mübarizə ilə dolu yarışda çempionatın lider pilotlarının - Sebastian Fettel ilə Luis Hamiltonun bolidləri toqquşub. Böyük mübahisə doğuran bu hadisənin Azərbaycan Qran Prisindən sonra da uzun müddət müzakirə olunacağı gözlənilir. Yarış ərzində "Force India" komandasının pilotları arasında da toqquşma olub. Bundan başqa, "McLaren Honda" komandasının pilotu, ötən il Bakıda ilk dəfə keçirilmiş Formula 1 yarışının ulduz elçisi Fernando Alonso yarışı 9-cu yerdə bitirərək builki mövsümdə özünün və komandasının ilk xalını qazanıb.

2017 Formula 1 Azərbaycan Qran Prisini izləmək məqsədilə Bakıya toplaşmış avtoidman azarkeşləri üçün dənizkənarı bulvarda möhtəşəm əyləncə proqramı təqdim olunub. Yarış həftəsonu günlərinin hər axşamında dünya ulduzları bulvar ərazisində salınmış böyük səhnəyə çıxaraq Formula 1 azarkeşlərinə yaddaqalan anlar yaşadıblar. Cümə günü axşam saatlarında türkiyəli məşhur müğənni Tarkan enerji ilə dolu performansıyla səhnə ətrafına yığışmış avtoidman həvəskarlarına möhtəşəm gecə bəxş edib. Şənbə günü səhnəyə Nikol Şerzinger ilə "The Black Eyed Peas" qrupu çıxıb. Bazar günü isə dünya musiqisinin ən uğurlu sənətçilərindən biri, əfsanəvi musiqi ulduzu Meraya Keri möhtəşəm konserti ilə yarış və əyləncə həftəsonunun bağlanışını edib.



Ana səhifəyə qayıt        Baxış: 1 144          Tarix: 3-07-2017, 21:35      

Xəbəri paylaş


Paylaş:   

Prizma