Yunan-Roma güləşi üzrə dünya və Avropa çempionu olan Rəsul Çunayev “Neftçi” İdman Klubundan ayrılması klubda birmənalı qarşılanmayıb. Aldadıldığını, maaş və mükafatlarının verilmədiyini əsas gətirən Rəsul ötən həftəsonu komandadan getdiyini bəyan etmişdi.
Publika.az xəbər verir ki, “Neftçi”nin prezidenti Sadıq Sadıqova yaxınlığı ilə bilinən, vaxtilə klubun mətbuat katibi işləmiş Elnur Əşrəfoğlu məlumatı təkzib edib.
O, Çunayevə bu sözlərlə cavab verib: “Rəsul Çunayev yalan danışır. Güləşçi 10 ildən çoxdur ki, çörəyini yediyi "Neftçi İdman Klubu" haqqında mətbuata yalan açıqlama verib. Guya ki, ona vəd edilən mükafat verilməyib və güləşçi klubu tərk edib. Əslində isə belə deyil. Hər ay "Neftçi"dən 2 min manat əmək haqqı alan Rəsul başqa klubdan bunun ikiqat artığını alacağını əsas gətirərək, öz xahişi ilə klubdan ayrılıb. Bu gün isə çıxıb brifinq edərək, klub haqqında yalan danışır. 15 ay haradan pul ala bilmədiyin barədə nəsə deyə bilmərəm, amma "Neftçi İdman Klubu" "cocuq" vaxtlarından bu günlərə kimi hər ay sənə müntəzəm olaraq maaş verib. Adam nankor olmaz, Rəsul!”
Qeyd edək ki, E.Əşrəfoğlu hazırda Cüdo Federasiyasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəridir.
Paylaş: