Xəbər lenti

 Noyabrın 28-30-da Bakı Ekspo Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsinin, Türkiyənin “Elan-Ekspo” və “Atılım Fuarcılık” şirkətlərinin birgə təşkilatçılığı “Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya sərgi”si keçiriləcək.

Bu barədə “Report”a Komitədən bildirilir.

Məlumatda deyilir ki, bununla yanaşı, sərginin II günündə, noyabrın 29-da “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfrans təşkil ediləcək. Həm sərgidə, həm də konfransda ƏMDK-nın sədri Kərəm Həsənov, aidiyyəti xarici dövlət qurumlarının rəhbərləri, səfirliklərin və beynəlxalq şirkətlərin nümayəndələri iştirak edəcək.

Sərginin əsas məqsədi Azərbaycanda daşınmaz əmlak sektorunun imkanlarının nümayiş etdirilməsi, bu sahəyə marağın artırılması, həmçinin özəlləşdirmə prosesində xarici və yerli investorların iştirakının daha da genişləndirilməsidir. Tədbir həm yerli, həm də beynəlxalq müstəvidə tikinti sektoruna aid nəhəng şirkətləri, daşınmaz əmlak sahəsindəki brend layihələri, əmlak sektoru üzrə investorları Azərbaycanda professional bir məkanda toplayacaq.

Sərgidə 14 ölkədən – Azərbaycan, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Qətər, Böyük Britaniya, Portuqaliya, Fransa, İspaniya, Polşa, İtaliya, Rusiya, Kipr, Andorra və Gürcüstandan 70-ə yaxın şirkət iştirak edəcək. Onlar 140-dan çox layihə nümayiş etdirəcək.

ƏMDK-nın pavilyonunda isə sahibkarlar və ölkəyə investisiya yatırmaqda maraqlı olan sərmayeçilər üçün özəlləşdirmə prosesi haqqında məlumatlar, komitənin fəaliyyət istiqamətləri üzrə vətəndaşlara təqdim edilən elektron xidmətlər və bütün respublika üzrə torpaqların effektiv idarə edilməsində mühüm əhəmiyyət daşıyan torpaqların elektron uçotuna dair işlər barədə məlumatlar nümayiş olunacaq. Ziyarətçilər komitənin göstərdiyi xidmətlər üzrə onları maraqlandıran istənilən suala operativ şəkildə cavab ala biləcəklər. Bunun üçün isə hüquqi yardım masası fəaliyyət göstərəcək.

Builki sərgidə özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı pavilyonların yaradılması kimi yeniliklər də nəzərdə tutulur. Özəlləşdirilməyə çıxarılan müəssisələrlə bağlı yaradılacaq pavilyonlarda həmin müəssisələrin maliyyə və iqtisadi göstəriciləri, istehsal etdikləri məhsul və xidmətlər, yerləşdiyi ünvan, fəaliyyət növü, gəlir gətirmə potensialı və sair digər bütün məlumatlar əks olunacaq. Potensial iştirakçılara özəlləşdirməyə çıxarılan müəssisələr və özəlləşdirmədə iştirak etmə prosedurları barədə məlumat veriləcək.

Sərgi çərçivəsində müxtəlif yerli və xarici tikinti şirkətləri tərəfindən endirimlər nəzərdə tutulub. Bununla, yanaşı bir mənzil üzrə uduşlu lotareya keçiriləcək. Sözügedən layihələrlə yanaşı həmçinin dövlət sifarişi əsasında inşa edilən sosial mənzillər və Bakı şəhərinin müxtəlif rayonlarında həyata keçirilən pilot layihələrin də təqdimatı olacaq. Belə layihələrin bir platformada təqdimatı əmlak alıcılarına təklifləri və fürsətləri müqayisə etmək və sərfəli variantları seçmək imkanı da qazandırır.

“Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda keçiriləcək beynəlxalq konfransın məqsədi isə daşınmaz əmlak idarəçiliyi, o cümlədən ölkəmizdə daşınmaz əmlak bazarının formalaşdırılması sahəsində xarici ölkələrin aidiyyəti dövlət, qeyri-hökumət və özəl qurumları ilə əlaqələrin qurulmasıdır. Eyni zamanda beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlığın inkişafı, habelə bu sahələrdə birgə fəaliyyət imkanları və beynəlxalq təcrübə haqqında geniş müzakirələrin aparılması da əsas vəzifələrdəndir.

Konfransda Almaniya, Yunanıstan, Türkiyə, BƏƏ, Belarus, Böyük Britaniya, Polşa, Macarıstan, Kipr, Portuqaliya, İspaniya və digər ölkələrdən, eləcə də xarici dövlətlərin Azərbaycan Respublikasında akkreditə olunmuş səfirliklərindən, beynəlxalq təşkilatlardan, yerli və xarici biznes qurumlarından, bələdiyyələr və mərkəzi icra hakimiyyəti orqanlarından 100-dən çox nümayəndənin iştirakı nəzərdə tutulur.

Sərgiyə ziyarətçilərin daşınması üçün xüsusi avtobuslar ayrılıb. Avtobuslar sərgi keçirilən müddətdə səhər saat 10-dan etibarən hər saatdan bir metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığından (“Mcdonalds”la üzbəüz) Baku Ekspo Mərkəzinə və əks istiqamətdə sərnişinləri pulsuz daşıyacaqlar. 




Ana səhifəyə qayıt        Baxış: 881          Tarix: 22-11-2017, 10:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma