ABŞ-da 23-29 dekabr həftəsində neft ehtiyatları növbəti dəfə azalma göstərib.
"Report" xəbər verir ki, bu məlumatı ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) həftəlik hesabatında yayıb.
Hesabatda bildirilir ki, təhlil olunan dövr ərzində ABŞ-da neft ehtiyatları 7,4 mln. barel və ya 1,71% azalaraq 424,5 mln. barelə düşüb. Qeyd edək ki, analitiklər ehtiyatların 4,7 mln. barel azalacağını ehtimal edirdilər. Xatırladaq ki, neft ehtiyatları ötən həftə 4,6 mln. barel azalma göstərib.
Bununla yanaşı, ABŞ-ın benzin ehtiyatlarında artım müşahidə olunub. Analitiklər benzin ehtiyatlarının 2 mln. barel artacağını ehtimal etsələr də, ehtiyatlar 4,8 mln barel və ya 2,1% artaraq 233,1 mln. barelə çatıb. Əvvəlki həftə isə benzin ehtiyatları 0,6 mln. barel artıb.
ABŞ-da hesabat həftəsində neft hasilatı 28 min barel və ya 0,29% artaraq 9,782 mln. barel/gün təşkil edib və tarixi rekord səviyyəyə yaxınlaşıb. Xatırladaq ki, əvvəlki həftə ABŞ-da neft hasilatı son 2 ayda ilk dəfə olaraq 35 min barel azalma göstərib. Açıqlanan məlumatlardan sonra "Brent" markalı neftin qiyməti 68 dollar/barelə yüksəlib.
"Report"un analitik qrupu bildirir ki, neft qiymətləri yüksək səviyyədə qalmağa davam edəcək. 2018-ci ilin ilk rübündə "Brent" markalı neftin 55-70 dollar/barel diapazonuna olması gözlənilir.
Paylaş: