2017-ci ildə “Şahdəniz” konsorsiumu Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsi üzrə fəaliyyətə 3,331 mlrd. ABŞ dolları xərcləyib.
“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin ilin yekunları ilə bağlı hesabatında qeyd olunub.
Bu məbləğin 451 mln. dolları əməliyyat xərcləri və təqribən 2,88 mlrd.dolları əsaslı xərclər olub. Qeyd olunub ki, əsaslı xərclərin böyük əksəriyyəti “Şahdəniz 2” layihəsinə aiddir.
Qeyd edək ki, 2016-cı il ərzində “Şahdəniz” üzrə fəaliyyətə təqribən 469 mln. dollar əməliyyat xərcləri və təqribən 3,7 mlrd. dollar əsaslı xərclər çəkilib.
Xatırladaq ki, "Şahdəniz" yatağı Bakıdan 70 km cənub-şərqdə, suyun dərinliyinin 50-500 metr arasında dəyişdiyi Xəzər dənizinin şelf zonasında yerləşir. Yatağın ehtiyatları 1,2 trln. kubmetr qaz həcmində qiymətləndirilir. Yataq dünyanın ən iri qaz və qaz-kondensat yataqlarından hesab olunur.
"Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Layihədə BP (operator - 28,8%), "AzSD" (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.
Paylaş: