Martın 27-də keçiriləcək hərraca 55 dövlət əmlakı çıxarılıb. Bunlardan 23-ü səhmdar cəmiyyəti, 5-i kiçik dövlət müəssisə və obyekti, 16-sı istifadəsiz qeyri-yaşayış sahəsi, 11-i isə nəqliyyat vasitəsidir.
"Dövlət əmlaklarının çox çeşidli olması investorların həm iri, həm də kiçik biznes layihələrinin reallaşdırılmasına imkan verir. Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaqla öyrənmək mümkündür. Qeyd edilməlidir ki, xarici investorları nəzərə alaraq hərracların elanları ingilis dilinə də tərcümə edilib və portalda yerləşdirilib", – deyə məlumatda vurğulanıb.
Komitədən bildirilib ki, özəlləşməyə çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib.
Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektin 4-ü torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Şirvan, Zaqatala, Ağstafa və Cəlilabad rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Şirvan Mexanizasiya Sahəsi, Zaqatalada yerləşən 9 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsi kimi iri dövlət əmlakları var.
Paylaş: