Azərbaycanda yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib. Strateq.az xəbər verir ki, bu barədə mayın 23-də Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmov deyib. O, mərhum prezident Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının, yeni 200 manatlıq əskinasların təqdimat mərasimində çıxış edib. MB-nin mətbuat xidmətinın məlumatına görə, Elman Rüstəmov bildirib ki, 200 manatlıq pul əskinasların tədavülə buraxılması qərarı ölkə iqtisadiyyatının dinamik inkişafı, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişikliklər nəzərə alınaraq verilib. Onun fikrincə, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədi güdülüb.
Bəs bu barədə istisadçılar nə düşünürlər? Iri nominallı əskinasın dövriyyə buraxılmasının hansı müsbət və mənfi tərəfləri var? İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bu qərarda bir sıra çatışmamazlıqların olduğunu bildirib:
“Aydındır ki, ölkəmiz bu məsələdə 500 avro əskinası olan Avrozona ilə müqayisə oluna bilməz. Çünki Avropa Birliyində orta aylıq əmək haqqı bizimlə müqayəsədə xeyili yüksəkdir və dünyada yığımların 24 faizə yaxını məhz avro ilə aparılır. Dünyanın ən güclü iqtisadiyyatına malik olan ABŞ-da dövriyyədə olan ən yüksək əskinas 100 dollardır. Birləşmiş Ştatlarda xüsusi hesablaşmalar üçün 1000 dollarlıq əskinaslardan istifadə edilir, amma onlar ümumi dövriyyəyə buraxılmır. Dünyada valyuta ehtiyatlarının 67 faizinin ABŞ valyutası ilə saxlanmasına baxmayaraq, Federal Ehtiyatlar Sistemi əskinasların üzərində rəqəmləri artırmağa tələsmir”.
V.Bayramov daha sonra bildirib ki, Azərbaycanda nağdsız hesablaşmaların stimullaşdırılmasının prioritet olduğu zamanda iri əskinasların dövriyyəyə buraxılması nağdlı hesablaşmaların artmasına səbəb olacaq: “Bu addım pulun alıcılıq qabiliyyətinin azalmasına səbəb ola bilər. Dövriyyədə yüksək nominallı əskinasların olması həm psixoloji, həm də iqtisadi baxımdan istehlak bazarına neqativ təsir göstərir. Bu baxımdan, iri nominallı əskinaslar inflyasiya yaradıcı faktorları gücləndirəcək. Digər tərəfdən, hazırda nağd hesablaşmalarda iri deyil, xırda əskinasların azlığı daha çox müşahidə edilir. Bu baxımdan, Mərkəzi Bankın xırda nominallı əskinasların sayını artırması daha məqsədəuyğun olardı”.
Xatırladaq ki, MB-nin məlumatına görə, yeni pul nişanı hazırlanarkən müsabiqədə ABŞ şirkəti “Crane Currency”nin təqdim etdiyi dizayn qalib seçilib. Pul nişanı “Giesecke+Devrient” şirkətində istehsal olunub.
Strateq.az
Paylaş: