Xəbər lenti
27-11-2024, 19:25

Maliyyə naziri Samir Şərifov Milli Məclisin iclasında 2018-ci ilin dövlət büdcəsinə yenidən baxılmasına zəmin yaradan səbəblərdən danışıb.

Qeyd edək ki, dövlət və icmal büdcələrin gəlir, xərclərinin tarazlaşdırılması, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi (pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməkhaqqlarının artırılması və digər sosial tədbirlərin maliyyə təminatı) Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən bəzi neft yataqları (Ümid, Qarabağ və Babək yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq Şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın “Azərenerji” ASC-nin müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin, ölkədə turizmin inkişafı, yol infrastrukturlarının tikintisi və yenidənqurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin tənzimlənməsi, bəzi infrastruktur və sosial layihələrin maliyyələşdirilməsi və digər zəruri dövlət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı əlavə maliyyə təminatının formalaşdırılması üçün ehtiyac yaranıb.

“Yuxarıda sadalanan tədbirlərin həyata keçirilməsi üçün tələb olunan əlavə vəsaitin 2018-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsi imkan xaricindədir. Beləliklə, dövlət və icmal büdcələrin gəlir və xərclərinin tarazlaşdırılması, əlavə xərclər üzrə maliyyə təminatının yaradılması üçün 2018-ci il dövlət büdcəsinə yenidən baxılması zərurəti yaranıb”-deyə S.Şərifov bildirib.

Modern.az-ın məlumatına görə, Samir Şərifov bildirib ki, 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin gəlirləri 22,11 mlrd. manat, xərcləri isə 23,061 mlrd. manat məbləğində nəzərdə tutulur.

O qeyd edib ki, büdcənin gəlirlər hissəsi Ümumi Daxili Məhsulun (ÜDM) 29,6%-ni təşkil etməklə 2018-ci ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 1,983 mlrd. manat və yaxud 9,9%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 5 593,3 mln. manat və yaxud 33,9% çoxdur.

“Yenidən baxılma ilə dövlət büdcəsinin xərclərinin 2,014 mlrd. manat artırılması nəzərdə tutulur. Bu da təsdiq olunmuş proqnoza əsasən, 9,6%, 2017-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə 5 466,5 mln. manat və yaxud 31,1% çoxdur. Artımdan sonra dövlət büdcəsinin xərclərinin cari ilin sonuna gözlənilən ÜDM-in 30,9%-inə bərabər olacaq ki, bu da təsdiq edilmiş göstəricidən 0,6 faiz bəndi, 2017-ci ilin faktiki icra göstəricisindən 5,8 faiz bəndi çoxdur. 2018-ci ilin yenidən baxılan dövlət büdcəsinin kəsiri təsdiq edilmiş göstəriciyə nisbətən 31 mln. manat artırılaraq 951 mln. manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin sonuna gözlənilən ÜDM-nin 1,3%-nə bərabər olacaq. Kəsirin bu artımı dövlət büdcəsinin 2018-ci il 1 yanvar tarixinə mövcud olan vahid xəzinə hesabının qalığı hesabına örtüləcək”.

Nazirin sözlərinə görə, bu ilin beş ayında neftin orta qiyməti 71,1 dollar-barel olub, hazırda 78 dollar- bareldən çoxdur. 2018-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsində nəzərdə tutulan əlavə xərclərin maliyyə təminatı üçün xam neftin 1 barrelinin satış qiymətinin təsdiq olunmuş proqnoza (45 ABŞ dolları) nisbətən 10 dollar artırılaraq 55 dollara çatdırılması nəzərdə tutulur. Bunun müqabilində cari ilin sonunadək Neft Fonduna əlavə olaraq gözlənilən 5 mlrd. 600 mln. manat daxilolmaların 1 mlrd. 750 mln. manatının dövlət büdcəsinə transfert edilməsi, gömrük inzibatçılığının gücləndirilməsi və digər islahat tədbirlərinin keçirilməsi hesabına Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsində nəzərdə tutulan gəlir proqnozunun 725 mln. manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar gəlirlərinin 35 mln. manat artırılması, 2018-ci il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığından 31 mln. manat istifadə olunması nəzərdə tutulur.

 




Ana səhifəyə qayıt        Baxış: 493          Tarix: 29-06-2018, 16:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma