Maliyyə naziri Samir Şərifov Milli Məclisdəki büdcə müzakirələri zamanı çıxış etdi. Bildirid ki, 2019-cu ilin dövlət büdcəsində məcburi köçkünlərin mənzil-məişət məsələlərini həll etməkdən ötrü Neft Fondunun büdcəsindən əlavə olaraq 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Bundan əlavə ölkədə məşğulluq tədbirlərinin keçiriməsiu üçün 80 milyon, ölkə üzrə dövlət sifarişi ilə ali təhsil alanların xüsusi çəkisinin artırılması üçün 11 milyon, Gənclər Fondunun xərcləri üçün əlavə olaraq 2,7 milyon manat, AMEA-nın xərclərinə 800 min manat, səhiyyə xərclərinə əlavə olaraq 4 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Həmçinin ölkədə yeni yaradılmış bir sıra təşkilatlara 5,5 milyon manat əlavə vəsait ayrılacaq. Milli Məclisin saxlanma xərcləri 10,1 milyon manat artırılıb.
Nazir bildirdi ki, yeni əkin sahələri, suvarılma işləri ilə əlaqədar kənd təsərrüfatına əlavə 40 milyon manat ayrılacaq. 256 milyon manatlıq vəsait isə islahatların həyata keçiriməsinə yönəldiləcək. Ancaq bələdiyyələrə verilən dotasiya isə 500 min manat azaldılacaq.
S.Şərifov deputatların səsləndirdiyi ayrı-ayrı sahələrlə bağlı təkliflərdən də bəhs etdi. Dedi ki, bu təkliflər hökumət tərəfindən təhlil ediləcək.
Nazirin sözlərinə görə, bunlarla bağlı hesablanma daha çox vaxt tələb etdiyinə görə gələn illərdə onlara baxılacaq: “Bu təkliflərin reallaşdırılması üçün 7 milyard manat əlavə vəsait tələb olunur. Təbii ki, bu həcmdə vəsaitin ayrılması qeyri-realdır”.
Nazir dedi ki, sadalanan təkliflər qəbul olunduğu təqdirdə onların maliyyə təminatı üçün əlavə mənbələr yaradılacaq. Gömrük Komitəsinin xətti ilə əlavə daxilolmaların hesabına nəzərdə tutulan bir sıra proqnozların icrası nəzərdə tutulur.
E.PAŞASOY,
Musavat.com
Paylaş: