Aqrar Xidmətlər Agentliyi bu ilin yanvar ayında Prezidentin Fərmanı əsasında Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 4 orqan – Dövlət Fitosanitar, Dövlət Baytarlıq, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə və Baş Dövlət Texniki Nəzarət xidmətlərinin əsasında formalaşdırılıb. Bunu “Report”a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev bildirib.
Onun sözlərinə görə, Agentliyin yaradılmasında əsas məqsəd ondan ibarətdir ki, Agentliyin əsas istiqamət olaraq idarəçiliyin təkmilləşdirilməsi, şəffaflığın artırılması və bu sahədə göstərilən xidmətlərin elektronlaşmasıdır.
Xidmətlər elektronlaşmış şəkildə fermerlərə təklif olunacaq
O bildirib ki, xidmətlərin əlçatan olması istiqamətində tədbirlərin həyata keçirilməsi üçün Agentlik artıq öz fəaliyyətini qurmaq üzrədir: “Mayın 22-dən Agentliyin əsasnaməsi təsdiq olunub, artıq struktur tam formalaşdırılıb. Bizim əsas fəaliyyət istiqamətlərimiz xidmətlərin yeni formada, elektronlaşmış şəkildə fermerlərə təklif olunmasıdır. Fermerlər Agentliyin xidmətlərindən rayonlarda fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində yaradılan xüsusi pəncərələr vasitəsilə yararlana biləcəklər. Fermerlər birbaşa olaraq həmin xidmətlərə müraciət edərək yararlana biləcəklər. Bu xidmətlərdə daha əvvəlki 4 qurumun xidmətləri birbaşa olaraq fermerlərə həmin inzibati bina ərazisində müraciət edib yararlana bilərlər. Bundan başqa, xidmətdən yararlanmaq üçün elektron xidmətlərlə bağlı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi, həmçinin “Çağrı Mərkəzi” üzərindən birbaşa olaraq məlumatlandırma xidmətlərini həyata keçirə bilərlər”.
Aqrar Xidmətlər Agentliyinin sədri Seymur Mövlayev
"Əsas məqsədimiz fermerlərə dövlət xidmətləri əlçatan olsun və xidmətlər şəffaf şəkildə həyata keçirilsin".
S. Mövlayev deyir ki, fəaliyyətlərini əsas istiqaməti fermerlərin yanında olmaqla qururlar: “Biz mütəmadi olaraq fermerlər arasında sorğular keçirərək, onların ən böyük ehtiyacları, informasiya və xidmət istiqamətində ehtiyaclarının nələrdən ibarət olduğunu müəyyənləşdirməyə çalışacağıq. Gələcəkdə xidmətləri birbaşa olaraq səyyar formada, onların yaşadıqları ərazilər üzrə həyata keçirməyə və təmin etməyə çalışacağıq”.
Xidmətin sədri bildirib ki, Aqrar Xidmətlər Agentliyinin fəaliyyət istiqamətinin əsası odur ki, fermerlərə dövlət xidmətləri əlçatan olsun, bu xidmətlərdən yararlansınlar və xidmətlər şəffaf şəkildə həyata keçirilsin. Ancaq o deyir ki, bu istiqamətdə bəzi çətinliklər var: “Çətinliklər isə ondan ibarətdir ki, fermerlərimiz kifayət qədər aqrar sahədə becərmə texnikaları, heyvanlara qulluqla bağlı məlumatlı deyillər. Çalışacağıq ki, bu istiqamətdə də işimizi təkmil şəkildə görək. Fermerlərə düzgün aqrotexniki qulluqlar, heyvanlara baxış və yemlənmə qaydaları, həmçinin digər istiqamətdə də proseslərimizi həyata keçirək”.
Onun sözlərinə görə, qurumun əsasnaməsində də qeyd olunduğu kimi, əsas istiqamətlər həm bitkiçilik, həm də heyvandalıq sahəsində məhsuldarlığının artırılması istiqamətində fəaliyyətin qurulmasından ibarətdir: “Biz Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə mütəmadi olaraq bu prosesləri nəzarət altında saxlayacağıq və çalışacağıq ki, fermerlərin yanında olaraq onlara dəstək verib fermerlərin kənd təsərrüfatı məhsullarının istehsalını artırılmasına nail olaq”.
Bütün xidmətlər bir mərkəzdə təmərküzləşib
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli isə “Report”a açıqlamasında bildirib ki, kənd təsərrüfatı istehsalı xaraktercə elə bir istehsal növüdür ki, il ərzində istehsalçıların çoxsaylı xidmətlərə ehtiyacı olur.
Onun sözlərinə görə, bu xidmətlər isə istər birkiçilikdə, istər heyvandarlıqda, istərsə də digər məsələlərdədir: “Bu gün dünyada kənd təsərrüfatını intensiv yolla inkişaf etdirilməsində əsas diqqət bitki mühafizə tədbirlərinə, toxum materiallarının saflaşdırılmasına və xidmətlərin daha çox əlçatan olmasına çalışmaqla maya dəyərinin ucuzlaşdırmağa çalışırlar”.
N. Nəsirli deyir ki, uzun illər Kənd Təsərrüfatı Nazirliyi inzibati bir mərkəzi icra rolunu oynayıb: “Lakin son bir neçə ildə artıq Kənd Təsərrüfatı Nazirliyi öz mahiyyətinə uyğun bir siyasət qurmağa başlayıb. Burada söhbət bizim fermerlərimizin xidmətlərə olan əlçatanlığının təmin olunmasından gedir. Bu gün ölkənin aqrar bazarını təhlil etsək görəcəyik ki, təxminən 40-dan çox xidmətə fermerlər müraciət edirlər. Bunların da böyük əksəriyyəti dövlət tərəfindən idarə olunan xidmətlərdir”.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli
"Kənd təsərrüfatı xidmətləri səviyyəsinin artırılması son nəticədə məhsulun maya dəyərinə ciddi təsir göstərəcək".
Ekspert deyir ki, belə olan halda, xüsusilə kənd təsərrüfatı istehsalı regionların ən ucqar bölgələrində həyata keçirilir: “Bizim fermerlər bu xidmətlərdən istifadəylə bağlı ciddi şəkildə vaxt, resurs və maliyyə itkisi ilə üzləşirlər. Bunun üçün də son bir ildə belə qərara gəlinib ki, fermerə 3 xidmət prinsipindən ən mühümü xidmətlərin keyfiyyətinin yüksəldilməsidir. Hər bir rayonda xüsusi mərkəz təşkil olunub, bütün xidmətlər həmin mərkəzdə təmərküzləşib və bir pəncərədən idarə olunur. Burada təxminən 40-dan çox xidmətlər təqdim edilir. İstər mexanizatorların sənədlərinin dəyişdirilməsi, bitki mühafizə tədbirləri və fitosanitar məsələləri ilə bağlı, sertifikatlaşdırma, heyvandarlıqla bağlı məsələlər, baytarlıq xidmətləri, süni damazlıq məsələlərinin təşkil edilməsi kimi bütün xidmətlər bu gün Azərbaycanın hər bir rayonunda təşkil olunmuş Dövlət Aqrar İnkişaf Mərkəzlərində fermerlərə təqdim olunur”.
Mütəxəssis deyir ki, demək olar ki, artıq bütün rayonlarda belə mərkəzlərin formalaşması başa çatıb: “Hesab edirəm ki, növbəti illərdə bu xidmətlərin keyfiyyətinin yüksəldilməsi ilə bağlı ciddi addımlar atılacaq. Hazırda bu mərkəzlərdə işləyən mütəxəssislərin təkmilləşdirməsi ilə bağlı işlər həyata keçirilir. Onlara təlim və kurslar keçirilir ki, onlar ümumilikdə həm dünyada gedən trendlərə inteqrasiya olsunlar, eyni zamanda fermerin özünün xidmətin mahiyyətini başa düşməsi baxımından ümid edirik ki, növbəti illərdə kənd təsərrüfatı xidmətləri səviyyəsinin artırılması ilə kənd təsərrüfatı istehsalında keyfiyyət və kəmiyyət göstəricilərində daha ciddi nəticələr əldə edəcəyik. Bu da son nəticədə məhsulun maya dəyərinə ciddi təsir göstərəcək”.
Paylaş: