“Dünyada ticarət savaşları yenidən qızışır, məsuliyyətsiz, ancaq böyük biznesin maraqlarını düşünən, o maraqların müdafiəsini dövlət siyasətinə çevirən, hətta bunu dövlət maraqları kimi təqdim edən yanlış və zərərli bir anlayış dünyaya hakim kəsilib”.
Bu fikirlər iqtisadçı Natiq Cəfərliyə məxsusdur. O, qeyd edib ki, ABŞ Çin mallarına gömrük rüsumlarını və vergiləri qaldırır, urapatriotlar bunu alqışlayır, böyük biznes sevinir, amma bu addımların bədəlinin son ödəyicisi sadə ABŞ vətəndaşları, alıcılar, istehlakçılar olur:
“Yəni Çin mallarının qiyməti qalxır, çinlilərin gömrükdə ödədiyi əlavə 300 milyard dollar malların qiymətinin üzərinə gəlir, alıcı daha çox ödəmək məcburiyyətində qalır. Sonda həmin 300 milyard ABŞ vətəndaşının cibindən çıxır. Eyni qaydada Çin hökuməti də ABŞ mallarına rüsumları artırır. Bunun bədəlini çinli alıcılar, istehlakçılar ödəyirlər”.
N. Cəfərli onu da vurğulayıb ki, dövlətlər bir-biri ilə gömrük müharibəsi aparırlar, amma bizdə gömrük siyasəti öz xalqına qarşı aparılır: “Məmləkətdə istehsal edilməyən, istehsalı yaxın 10 ildə nəzərdə belə tutulmayan mallara 15% gömrük rüsumu qoyan hökumət hələ bunu uğur kimi də təqdim edib deyir ki, Gömrük Xidməti bu il daha çox pul yığıb büdcəyə verib.
Sanki Gömrük Xidməti əlavə dəyər yaradır, nəsə istehsal edir. Onların topladığı əlavə vəsait vətəndaşların cibindən çıxır. Hansı məntiqlə, məsələn dərmanlara, dərman molekullarına gömrük rüsumu tədbiq edirsiz? Ölkədə bəyəm dərman istehsalı var ki, yerli istehsalçının maraqlarını qoruyasız?! Ya da, hansı ağılla uşaq yeməklərimə gömrük rüsumu qoyursuz? Yerli istehsal varmı ki, bu addımı atırsız?! Və ya, nə səbəbə əngəlli insanlara lazım olan avadanlığa, texniki vəsaitlərə, xüsusi alətlərə gömrük rüsumu tədbiq edirsiz?! Bunun məntiqi nədir?!
Xülasə, ABŞ və Çin səhv yolla olsa da, heç olmasa öz istehsalçılarının marağına görə addımlar atır, bəs bizim hökumət kimin maraqlarını qoruyur?! İdxala nəzarət edib pul qazanan inhisarçı “bizmem”lərin (biznesmen məmurlar) marağı nədən vətəndaşın cibindən təmin edilməlidir?!”. \\Yeniavaz.com
Paylaş: