Azərbaycan neftinin qiyməti hazırda 60 dollardan yuxarıdır. Amma buna baxmayaraq, “Brent” markalı neftin qiymətində uzun müddət enmənin olması, təbii ki, bizim neft üçün də müəyyən təhlükə yarada bilər.
Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli dünya bazarında neftin qiymətinin aşağı enməsinə münasibət bildirərkən deyib. O bildirib ki, bu gün dünyada gedən iqtisadi böhranlar neftin ucuzlaşmasına səbəb olur:
“Böyük ölkələr arasında gedən ticarət müharibələri dünya iqtisadiyyatını zəiflədir və dövriyyəni azaldır. Burda böyük bir bağlantı var. Çünki dünya ticarəti zəiflədikcə neftə tələbat da azalır. Bu gündən etibarən ABŞ-ın Çinə tətbiq etdiyi 300 milyard dollarlıq əlavə gömrük rüsumları qüvvəyə mindi. Buna cavab olaraq da Çin ABŞ-a əlavə gömrük vergisi tətbiq etdi. Bütün bunlar “Brent” markalı neftin qiymətində ucuzlaşmaya səbəb olur. Hesab edirəm ki, iki ölkə arasında gedən ticarət müharibəsində bir razılıq əldə olunmasa, danışıqlar heç bir nəticə verməsə, o zaman neft qiymətlərində daha da ucuzlaşma olacaq”.
İqtisadçı neftin qiymətində ucuzlaşmanın olmasının Azərbaycan üçün hazırda heç bir təhlükə yaratmadığını bildirib:
“Azərbaycan üçün ciddi bir təhlükə hələlik gözlənilmir. Çünki 2019-cu ildə Azərbaycan nefti bazarlarda 60 dollardan xeyli yüksək olub. Buna görə də qiymətin 58-59 dollara düşməsi elə də böyük təhlükə hesab oluna bilməz. Lakin qiymətlər 55 dollardan aşağı düşsə və uzun müddət belə davam edərsə, o zaman ciddi təhlükəyə səbəb ola bilər”.
Qeyd edək ki, həftənin ilk iş günündə “Brent” markalı neftin bir barreli 58,98, VTİ markalı neftin bir barreli isə 55,11 dollar olub.
Paylaş: