Bakı-Sumqayıt yolu, Binəqədi şossesi, Novxanı yolu və Zabrat-Maştağa avtomobil yolunu bir-birinə birləşdirmək baxımından böyük əhəmiyyətə malik olan Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun yenidən qurulması işlərinə start verilib.
Ovqat.com-un "Azəravtoyol" ASC-yə istinadən verdiyi xəbərə görə, əsaslı şəkildə təmir olunan yolun uzunluğu 19,3 km-dir. 2 hərəkət zolaqlı olan yolun eni 8-10 metr arası dəyişir. Layihə çərçivəsində hazırda yolun köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, yolun hərəkət hissəsi hazır olan hissələrə yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülür. Yola ümumilikdə 2 qat olmaqla 12 sm qalınlığında 175 min kv m. asfalt örtüyü döşənəcək.
Yenidənqurma işləri zamanı zəruri olan yerlərdə yolun yararsız qruntu qazılaraq çıxarılacaq, bunun əvəzinə karbonat materialı tökülərək yenidən kipləşdirmə işləri görüləcək. Həmçinin vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yolun yaşayış məntəqələrindən keçən hissələrində 1.5 m enində yeni piyada səkiləri inşa olunacaq, kənarlarına isə səki daşları düzülüb hərəkət hissəsi asfaltlanacaq.
Görülən işlər yekunlaşdırıldıqdan sonra zəruri olan yerlərə yağış sularını kənarlaşdırması üçün yağış barmaqlıqları qoyulacaq, yol nişanı və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin çəklişi işləri aparılacaq.
Paylaş: