Xəbər lenti


"Azərbaycan postpandemiya dövründə iqtisadi aktivliyi daha qısa zamanda bərpa etmək imkanına malik olan ölkələrdən biri olacaq".
Ovqat.com xəbər verir ki, bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Deputat bildirib ki, karantin rejimində nəzərdə tutulan tədbirlər uğurlu şəkildə həyata keçirilir: "Karantin rejimi üçün əsas hədəf vətəndaşlarımızın sağlamlığının qorunması idi. Prezident İlham Əliyev xüsusən qeyd etdi ki, Azərbaycan üçün vətəndaşlarımızın sağlamlığının qorunub saxlanılması iqtisadi aktivliyin davam etdirilməsindən daha üstündür. Ölkə başçısının göstərişi və rəhbərliyi ilə məhz vətəndaşlarımızın qorunub saxlanılması istiqamətində tədbirlər gücləndirildi.
Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən Azərbaycan pandemiyanın təsirlərinin minimallaşdırılması istiqamətində ən effektli mübarizə aparan ölkələrdən biri elan edilib. Bu da ondan xəbər verir ki, karantin rejimi üçün nəzərdə tutulan hədəflərə praktik olaraq nail ola bildik. Pandemiyanın təsirlərinin mərhələli şəkildə lokallaşdırılması müşahidə olunur".
 
V.Bayramov sosial dəstək paketlərinin əhəmiyyətindən də söz açıb: "Karantin rejimində mövcud hədəflərdən biri də məhz vətəndaşların sosial təminatlarının qorunub saxlanılmasından ibarət idi. Bir tərəfdən koronavirusun təsirinin lokallaşdırılması, digər tərəfdən isə 4 İşçi Qrupu tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq iqtisadiyyatın, vətəndaşların, eləcə də sahibkarların pandemiyanın təsirlərindən qorunması istiqamətində mühüm işlər görüldü. Təbii ki, iqtisadi paket strateji olaraq postpandemiya dövründə sahibkarların daha yaxından dəstəklənməsini nəzərdə tutur.
Vergi güzəştləri ilə bağlı paketin parlamentdə müzakirə olunaraq tövsiyə olunması ondan xəbər verir ki, məqsəd postpandemiya dövründə iqtisadi aktivliyi daha qısa zamanda bərpa etməkdir. Güman olunur ki, postpandemiya dövründə sahibkarların daha yaxından dəstəklənməsi mərhələli formada aktivliyi bərpa edə biləcək. Bu da strateji olaraq iqtisadiyyatın, xüsusən real sektorun yenidən canlandırılmasına xidmət edəcək".




Ana səhifəyə qayıt        Baxış: 2 338          Tarix: 29-04-2020, 20:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma