Xəbər lenti

 

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında Qanunu təsdiq edib.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinə aşağıdakı dəyişikliklər edilib:

1.1. 45-ci maddənin 1-ci hissəsi aşağıdakı redaksiyada verilsin:
"1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.”
1.2. 73-cü maddənin 1-ci hissəsinin ikinci cümləsində "Müddətli” sözü "Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli” sözləri ilə əvəz edilsin.
1.3. 77-ci maddə üzrə:
1.3.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
"1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir:
bir ilədək əmək stajı olduqda - azı iki təqvim həftəsi;
bir ildən beş ilədək əmək stajı olduqda - azı dörd təqvim həftəsi;
beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi;
on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi.”;
1.3.2. 3-cü hissə aşağıdakı redaksiyada verilsin:
"3. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin "a” və "b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir:
bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında;
bir ildən beş ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında;
beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında;
on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında.”
1.3.3. 4-cü hissə aşağıdakı redaksiyada verilsin:
"4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır.”;
1.3.4. 5-ci hissə ləğv edilsin;
1.3.5. 6-cı hissədə "işçilərin işə düzəldiyi dövr ərzində daha uzun müddətə orta əməkhaqqının saxlanılması, habelə” sözləri çıxarılsın, "üçüncü” sözündən sonra ", dördüncü” sözü əlavə edilsin.
Maddə 2. Bu qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir. /BakuPost.az/




Ana səhifəyə qayıt        Baxış: 1 201          Tarix: 18-06-2017, 14:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma