Xəbər lenti

Martdan bəri oliqarxlar milyonlar itiriblər, iqtisadçının gözləntilərinə görə, onlar bundan sonra kapitalın Azərbaycandan çıxarılmasına üstünlük verəcəklər

Pandemiya Azərbaycanda oliqarxiyanın belini qırmaqdadır. “Yeni Müsavat” bildirir ki, yerli oliqarxlar əsas biznesini şadlıq sarayları, restoran, istirahət mərkəzləri, hotellər və turizm üzərində qururdu. Lakin  yaz aylarından başlayan karantin tədbirləri ilin sonuna qədər davam etdi və bu müddət ərzində rentabelli işləyən xidmət sahələri çökdü. Hazırda sözügedən sektor böyük miqyasda məmur oliqarxiyasının nəzarətindədir. Bəzi biznesmen deputatların, icra başçılarının, ayrı-ayrı yüksək vəzifəli şəxslərin, məmurların obyektləri onlara yaxın aylarda da gəlir gətirməyəcək. Hətta bəzi hotellərin və restoranların dəyərindən aşağı qiymətə satışa qoyulması xəbərləri var. Belə görünür ki, onlar ya daha gəlirli sahələrə baş vurmalı olacaqlar, ya da uzunmüddətli böhrana hazırlaşmalıdırlar.

Hər halda, bu ilin yaz aylarına qədər pandemiyanın və onun təsirlərinin aradan qalxacağı gözlənilmir. Nəzərə alsaq ki, virusun mutasiyaya uğraması, yeni növ epidemiyanın gələcəyi haqda danışırlar, o zaman oliqarxların biznesinin komadan tezliklə ayılacağını gözləmək olmaz. Nəticədə xüsusən böyük gəlir gətirən toy biznesi - şadlıq evləri, turizm zonası - hotel, istirahət mərkəzləri bir müddət də bağlı qalacaqlar. Ümumiyyətlə, pandemiyanın zərər vurduğu, hətta iflic etdiyi əsas sahələrdən biri də turizmdir. Hazırda sərhədlər bağlı olduğundan bütün dünya ölkələrində turizm sektorunun fəaliyyəti tamamilə dayanıb. Azərbaycanda isə turizm sektorunda azad sahibkarların payı həddindən azdır. Bu cür məkanların hansını araşdırsan, arxasından oliqarx çıxır.
Epidemiya isə onların işini elə günə salıb ki, yaxın gələcəkdə dirçəlməsi proqnozlaşdırılmır. Prezident İlham Əliyev də çıxışlarının birində qeyd etmişdi ki, turizm pandemiyadan çıxan sonuncu sahə olacaq. Beləliklə, martdan bu yana şadlıq sarayları, hotelləri bağlı qalan oliqarxlar milyonlar itiriblər.

İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycanda xarici biznes 2020" hesabatının rəsmi təqdimatında deyib ki, martın əvvəlindən indiyədək pandemiya dövründə Azərbaycanda  təxminən 80 min yeni iş yeri açılıb. Sadaladığımız xidmət sahələrində işlərin dayanması müqabilində 80 min yeni iş yerinin açılması da maraqlı və paradoksal haldır.

İqtisadçı-ekspert Natiq Cəfərlinin “Yeni Müsavat”a dediyinə görə, vəzifəli şəxslərin biznes modelləri birtərəfli deyil. N.Cəfərli hesab edir ki, şadlıq sarayı, hoteli olanların başqa sahələrdə də qeyri-rəsmi yatırımları var: “Onlar bir yandan azalanda digərindən gəlirlə kompensasiya edirlər. Ən əsası isə məmurun gəlir mənbəyi biznes deyil, onun vəzifəsidir. Bu səlahiyyət sahibləri - oliqarxiya dediyimiz təbəqə vəziyyətdən istifadə edərək qazanc əldə edir. Bu cür adamlarla mübarizə aparmaq çətindir. Ona görə həmin sahələr üzrə obyektlərin satışa çıxarılması mümkündür”.
İqtisadçının fikrincə, onların gələcəkdə sistemin dəyişikliyi, dərin islahatlar aparılacağı haqda gözləntisi var: “Ona görə zənnimcə, kapitalın Azərbaycandan çıxarılmasına daha çox üstünlük verəcəklər”.

“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 2 925          Tarix: 22-12-2020, 10:43      

Xəbəri paylaş


Paylaş:   

Prizma