Xəbər lenti

 
“Kənd Təsərrüfatı Nazirliyi bu gün Azərbaycanın digər dövlət qurumları arasında korrupsiyaya bulaşmamış ən təmiz idarədir. Onun fəaliyyəti barədə nəsə yazanda gərək ədalət hissini itirməyəsən”.
 
Ovqat.com xəbər verir ki, “Xəmsə” MMC-nin təsiscisi və iqtisadçi ekspert Mürvət Həsənli saytımızda dərc olunan bir yazını şərh edərkən belə deyib.
 
Qeyd edək ki, həmin yazı DGK-nın yeyinti məhsullarının idxal statistikasının şərhinə həsr olunmuş və bu sahədəki artımın KTN-nin uğursuz fəaliyyəti ilə əlaqələndirilmişdi. İş adamı isə bu mülahizə ilə razılaşmır. Onun sözlərinə görə, DGK-nın hesabatları idxal olunan məhsulun miqdar göstəricilərinə yox, maliyyə dəyərinə əsaslanır: “Yəni ölkəyə nə miqdarda məhsul gətirildiyini yox, həmin malların qiymətini əks etdirir. Qiymətlər isə dəyişkən olduğundan bu cür yanlış qənaətlər ortaya çıxır”.
 
Mürvət Həsənlinin iddiasına görə, dünya ərzaq bazarındakı qiymətlərə nəzər salanda ötən illə müqayisədə ciddi bahalaşmanın olduğunu görə bilərik. Bu da nəticə etibarilə idxal olunan məhsulun qiymətinə də təsir göstərir və ötən ilin statistikası ilə ciddi fərq yaranır. 
 
“Fikrimcə, Azərbaycanın aqrar sektorunda inkişaf və ya tənəzzülü müəyyənləşdirmək üçün ən qısa yol Dövlət Statistika Komitəsinin yaydığı rəsmi məlumatları incələməkdir. Çünki burada məhsulun dəyəri yox, həcmi əsas götürülür və hər şey komputer vasitəsilə hesablandığından nazirliyin əməkdaşları bu göstəricilərə istəsələr belə, müdaxilə edə bilmirlər. Dövlət Statistika Komitəsinin son statistikasına görə isə, 2021-ci ilin yanvar-mart ayları üzrə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında 2,2% artım qeydə alınıb”.
 
İş adamı iddia edir ki, yanvar-mart ayları kənd təsərrüfatında istehsal baxımından ölü mövsüm kimi xarakterizə edilir: “Çünki bu dövrdə əsasən tarlaları şumlamaq, kol-kosdan təmizləmək işləri aparılır. Faktiki olaraq torpaqdan demək olar ki, heç bir məhsul   götürülmür. Bununla belə, istehsalda 2.2% artım aqrar sektorun öz işinin öhdəsindən uğurla gəldiyinə dəlalət edir. DSK-nin məlumatlarına nəzər salsaq görərik ki, 2021-ci ilin yanvar-mart aylarında 117,4 min hektar sahədə və ya 2020-ci ilin eyni dövrü ilə müqayisədə 1,3% çox yazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 16,7 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 2,9 min hektarı dən üçün qarğıdalı), 29,2 min hektar sahədə kartof, 24,7 min hektar sahədə tərəvəz, 4,1 min hektar sahədə bostan bitkiləri, 0,5 min hektar sahədə şəkər çuğunduru, 1,0 min hektar sahədə dən üçün günəbaxan, 40,8 min hektar sahədə çoxillik otlar və 0,4 min hektar sahədə birillik otlar əkilib. Təsərrüfatlarda yanvar-mart aylarında 80,4 min ton və yaxud keçən ilin müvafiq dövrünə nisbətən 1,4% çox tərəvəz məhsulları istehsal edilib. KTN bu ölü aylarda daha nə etməlidir?”
 
Bəs yanvar-mart ayları həqiqətən ölü mövsümdürsə, onda məhsuldarlıqdakı artım necə baş verib?
 
İş adamı bu suala cavab verərkən bildirib ki, artım əsasən heyvandarlıq sahəsində qeydə alınıb: “DGK-nin statistikasına nəzər salsanız, bu fakt orda da qeyd olunub. Bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkəyə 14 947,02 min dollar dəyərində, 8 794,07 ton ət idxal edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən müvafiq olaraq dəyər ifadəsində 26,1%, həcm göstəricisi üzrə isə 20,2% azdır. Göründüyü kimi, bu ilin ilk rübündə idxal 20%-dən çox azalıb. Məntiqlə bu, istehsalın artdığını göstərir. Eyni artım DSK-nin statistikasında da qeydə alınıb. Məlumata görə, 2021-ci ilin yanvar-mart aylarında quş əti də daxil olmaqla diri çəkidə 130,4 min ton ət, 484,0 min ton süd istehsal edilib, 2020-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,0%, süd istehsalı 1,8% artıb”.
 
İş adamı bütün bunlara rəğmən, DGK-nin statistikasına əsaslanıb KTN-nin ağır şəkildə tənqid olunmasını qərəzçilik adlandırıb: “Jurnalistləri hardasa başa düşmək olar, onlar mütəxəssislərin rəyləri ilə razılaşırlar. Yeri gələndə DGK-nin statistikasının miqdar göstəricilərinə deyil, dəyər göstəricilərinə əsaslandıqlarını bilməyə bilərlər. Amma özünü mütəxəssis adlandıranlar niyə bu incə fərqi anlaya bilmirlər? Onlar da, yumşaq desək, bu fərqdən xəbərsizdirlər, yoxsa, qərəz güdürlər? Məncə, hər iki ehtimal mümkündür. Görünür, statistik rəqəmləri analiz etməyə həm savadları çatmır, həm də KTN ilə nəsə qərəzləri var”.
 
Həmsöhbətimiz istehsal göstəricilərini analiz edənlərin DSK-nın yox, DGK-nın hesabatlarına əsaslanmasını sağ qulağı sol əllə qaşımağa bənzətdi: “Yadıma bir əhvalat düşdü. Nəql edirlər ki, bir gün Şəms Təbrizi Bağdada gedir. Axşam çağı Dəclə sahilində oturub  diqqətlə çaya baxan bir dərviş görür və ondan nə işlə məşğul olduğunu soruşur. Dərviş cavab verir ki, “çayda Ayın necə əks olunduğuna baxıram”. Şəms Təbrizi dubarə soruşur: - Boynuna çiban çıxıb ki, başını qaldırıb Ayın özünə yox, sudakı əksinə baxırsan?”. 
 
Mən indi eyni metodla iqtisadi analiz verənlərə səslənirəm: “Bu məntiqlə siz fəaliyyət növünüzü dəyişib, dərvişlik etsəniz yaxşıdır”.
 
 
 
 
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 030          Tarix: 20-04-2021, 11:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma