Xəbər lenti

 
Mürvət Həsənli
Kənd təsərrüfatı eksperti

Aqrar Kredit və İnkişaf Agentliyi payızlıq əkinlərə görə, daha 17.000 bəyan üzrə subsidiya ödənişi həyata keçirib. 
 
Bu məlumat KTN-nin rəsmi saytında yayımlanıb. Bildirildiyinə görə, ümumilikdə aprelin 30-dək AKİA tərəfindən payızlıq əkinlər üçün 27.4619 fermerə subsidiya ödənilib.
 
“Subsidiya qaydalarına uyğun olaraq, ödənişlər fermer kartlarına 25% nağdlaşdırıla bilən və 75% nağdsız hissə şəklində ödənilib. Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından təsərrüfatlarına lazım olan məhsulları POS-terminal vasitəsilə ödəniş etməklə əldə edə bilərlər”, - KTN-nin rəsmi məlumatında belə deyilir. 
 
Nazirlik onu da bildirib ki, subsidiyaların ödənilməsində bu il mühüm dəyişiklilklər həyata keçirilib. Qaydalara edilmiş son dəyişikliyə görə, təsərrüfatlar gübrənin tam dəyərini “Fermer kartı” ilə nağdsız ödəmək imkanı qazanıblar.
 
İndiyədək ödənilən subsidiyaların mühüm hissəsinin pambıqçılıq sahəsinə ayrıldığını görə bilərik. KTN-dən APA-ya verilən məlumatların analizindən belə çıxır. Məlumata görə, pambıqçı fermerlər həm əkin, həm məhsul subsidiyası alırlar. Fermerlərə pambıq sahəsinin hər hektarına görə 260 manat (220 əkin subsidiyası +40 manat dizelin bahalaşmasından sonra artırılan subsidiya məbləği), subsidiya alıblar.  
 
Bəs, bu il pambıqçılığa ayrılan subsidiyanın ümumi məbləği nə qədərdir?
 
KTN-nin məlumatına görə, bu il pambıqçılıq üçün nəzərdə tutulan sahə 100 min hektardır. Hesablasaq, bu, hardasa 26 milyon manat əkin subsidiyası deməkdir. Üstəlik, il ərzində pambıqçılarımıza verilən subsidiya bununla da bitmir. Bir də məhsuldarlığa görə subsidiya var ki, dəyəri heç də əkinə verilən subsidiyalardan az deyil. Bu mövzuya yazımızın son hissəsində qayıdacağıq. Hələlik isə subsidiyaların verilməsinin səbəblərinə nəzər salaq.


 
Sirr deyil ki, müasir dövrdə kənd təsərrüfatı üçün bu cür təşviqlər olmasa, aqrar sektorun inkişafına ümid bağlamağa dəyməz. Cənab Prezident İlham Əliyev də müxtəlif zamanlarda səsləndirdiyi fikirlərdə bu məqamı xüsusi vurğulamış və subsidiyaların aqrar sektorda rolunu yüksək qiymətləndirmişdi. O, 2019-cu il dekabrın 19-da pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı müşavirədəki çıxışında demişdir: “Bu, bir daha onu göstərir ki, dövlət dəstəyi olmadan pambıqçılıq inkişaf edə bilməz. Biz demək olar ki, Azərbaycanda pambıqçılığı dirçəltmişik, bunu çox gəlirli sahəyə çevirmişik, pambıqçılıqla məşğul olan rayonlarda məşğulluq problemlərini həll etmişik.”.
 
Prezidentin də qeyd etdiyi kimi, onun bu qayğısı nəticəsində pambıqçılığımızın inkişaf mərhələsinə qədəm qoyduğu şübhə doğurmur. Məlum olduğu kimi, 2015-ci ildə neft qiymətlərinin ardıcıl ucuzlaşmasını “neft erası bitdi” kimi dəyərləndirən ölkə başçısı qeyri-neft sektoruna keçidin başladığını bəyan etmişdi. Əsas diqqətin isə kənd təsərrüfatı sahəsinə, o cümlədən pambıqçılıq sektoruna ayrılacağını bildirmişdi. Həmin zamanlar isə pambıqçılıq sahəsində ciddi problemlər yaşanırdı. Təsadüfi deyil ki, 2015-ci ildə 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilmişdi. Deməli, hər hektarda məhsuldarlıq cəmi 18,8 sentner idi. Prezidentin göstərişi ilə 2016-cı ildə 51 min hektarda pambıq əkildi və ilin sonunda 89 min ton pambıq tədarük edildi. Bu aqrar sektorda islahatların ilk ili idi və obyektiv və subyektiv səbəblərdən məhsuldarlıq 17 s/hektara düşmüşdü. 2017-ci il məhsuldarlıq baxımından daha uğursuz olmuşdu. Məlumata görə, 2017-ci ildə 136 min hektarda pambıq əkilmiş və 207 min ton məhsul götürülmüşdü. Hektarda məhsuldarlıq isə 15,2 sentnerə düşdü, bəzi torpaqların pambıqçılıq üçün yararsız olduğu anlaşıldı. 
 
Görünür, Prezident bu zəif nəticədə təkcə obyektiv faktorların yox, həm də insan amili kimi subyektiv amillərin mühüm rol oynadığına qənaətinə gələcək, yeni əkin ilinin əvvəlində - 2018-ci ilin aprel ayında KTN-də ciddi kadr islahatları aparacaqdı


 
Həmin vaxt KTN-nə İnam Kərimov gətirildi və bu təyinatdan sonra məhsuldarlıq artmağa başladı. Yeni nazirin əsas fəaliyyəti isə 2019-cu il əkin-biçin mövsümünə düşür. Çünki həmin ilin əvvəlindən sonuna qədər aqrar sektorun əldə etdiyi nəticələrdən birbişa İnam Kərimov məsuliyyət daşıyırdı. 2019-cu ilin nəticələri isə pis olmamışdı: 100 min hektardan 294 min ton məhsul. Başqa sözlə, hektarda məhsuldarlıq 29,4 sentnerə çatmışdı. Prezident həmin nəticələri 2019-cu ilin dekabrında keçirilən pambıq müşavirəsində  bu cür  qiymətləndirmişdi: “Bu, doğrudan da tarixi nailiyyətdir”.
 
DSK-nin məlumatına görə, 2020-ci ildə pambıqçılıqda ümumi hasilat 336,5 min tona yüksəlib. Bu da məhduldarlığın 14% artaraq 33.6 s/ha-ya yüksəlməsi deməkdir.
 
Sözsüz ki, bu inkişafda Cənab Prezidentin pambıqçılığa tətbiq etdiyi innovativ tədbirlərin də rolu az olmamışdı. Başlıca tədbirlərdən biri isə kənd təsərrüfatı texnikalarının alınması və əmək alətlərinin mexanikləşdirilməsi idi.
 
 Məlumata görə, son 5 ildə Azərbaycan pambıq istehsalını artırmaq üçün yüzlərlə kombayn alıb fermerlərin ixtiyarına verib. “Amerika istehsalı olan “John Deere” kombaynları, - 400-dən çox kombayn almışıq. Texnikanın alınmasına bütövlükdə 500 milyon manatdan çox vəsait xərcləmişik”, - bunu Prezidentin özü də 2019-cu ildəki pambıq müşavirəsində demişdi.
 
Məhsuldarlığın artmasında təhvil verilən pambığın hər tonuna görə 100 manat subsidiyanın ayrılması da xüsusi rol oynayır. Məhsuldarlığın 33.6 s/ha olduğunu nəzərə alsaq, bu fermerlərimizin hektar başına əlavə 336 manat qazanması deməkdir. Qeyd edək ki, bu il də fermerlərimiz 100 min hektar pambıq əkəcəklər. Belə çıxır ki, onlara ayrılan məhsuldarlıq subsidiyası ən azı 33.6 milyon manat olacaq. Üst-üstə gələndə bu, Azərbaycan hakimiyyətinin pambıqçılığa ildə 60 milyon manat subsidiya ayırması deməkdir: 26 milyon + 33.6 milyon = 59.6 milyon
 




Ana səhifəyə qayıt        Baxış: 5 938          Tarix: 3-05-2021, 11:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma