Xəbər lenti
 
 
 
 
Rusiya hökuməti qarabaşaq yarmasının ixracını müvəqqəti qadağan edib. 
 
Ovqat.com xəbər verir ki, Moskva bu qərarını fabriklərdə xammal çatışmazlığı və qablaşdırma və lojistik maliyyətinin artması fonunda taxıl məhsullarının bahalaşma ehtimalı ilə əlaqələndirib.
 
Bildirilir ki, Rusiyanın taxıl bazarında disbalans yaranıb və bu da xaricdə artan tədarük tələbləri ilə əlaqədardır. Rusiyanın nüfuzlu media qurumları Nazirlər Kabinetindəki mənbələrə istinadə edərək vurğulayırlar ki, Sənaye və Ticarət Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Federal Antiinhisarçılıq Xidməti 2021-ci ildə qarğıdalı ixracının azaldılması ilə bağlı İqtisadi İnkişaf Nazirliyinə təklif verməyə hazırlaşır Bu isə Rusiyanın qarabaşaq ixracını dayandırması anlamına gəlir.
 
Rusiya hökumətinin gözlənilən bu qərarı bir sıra idxalçı ölkələrdə narahatlığa səbəb olub. Qonşumuz Gürcüstan da bu qəbildəndir. Ölkənin İqtisadiyyat naziri Natia Turnava mətbuat açıqlamasında "Gürcüstanın kifayət qədər ehtiyata sahib olduğunu və lazım gələrsə onu artıracaq mənbələrin tapıla biləcəyini” desə də, bu qərardan təəssüfünü gizlətməyib.
 
“Əlbəttə, Rusiyanın sərbəst ticarət prinsiplərinə cavab verməyən bu qərarı təəssüf doğurur. Ancaq Gürcüstan dünya bazarının üçdə ikisi ilə sərbəst ticarət rejiminə malikdir və asanlıqla öhdəsindən gələ bilər”, - deyən nazir əsas alternativ tədarükçü kimi Ukraynanı nəzərdən keçirəcəklərini istisna etməyib. Mütəxəssislər isə alternativ mənbələrin idxal xərclərini artıracağını bildiriblər.


 
İqtisadçı Vakhtang Çaraya Gürcüstanın Interpressnews xəbər agentliyinə verdiyi müsahibəsində, Gürcüstanın hazırda qarabaşaq yarmasının 100% - ni Rusiyadan idxal etdiyini xatırladaraq deyib:
 
"Təcili ehtiyac olarsa, Gürcüstanın, məsələn, Qazaxıstandan və ya Ukraynadan qarabaşaq yarması idxal edə bilər, ancaq bunun qiyməti artımına səbəb olacağını düşünürəm”.
 
Bəs, Rusiyanın gözlənilən bu qərarının Azərbaycana təsiri nə ola bilər?
 
Ovqat.com-un suallarını cavablandıran kənd təsərrüfatı mütəxəssisi Mürvət Həsənli qarabaşaq yarması ilə əlaqədar Azərbaycan üçün hər hansı təhlükə görmür. Onun fikrincə, əvvəla, Azərbaycan Gürcüstan kimi qarabaşaq tələbatının hamısını Rusiyadan təchiz etmir. Üstəlik, Azərbaycanın qarabaşaq idxalı o qədər də böyük deyil:
 
“Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ərzində Azərbaycana cəmi 4,5 min ABŞ dolları dəyərində 3,78 ton qarabaşaq idxal edilib. Düzdür, onun böyük hissəsini Rusiyadan almışıq: 3,48 min. dollar dəyərində 3,42 ton. Amma Azərbaycan qida təhlükəsizliyi strategiyası çərçivəsində taxıl təchizatını vaxtında şaxələndirdiyindən bu sahədə ən ciddi uğurunu da məhz qarabaşaq tədarükündə əldə edib. Əvvəla, öz yerli imkanlarımızı bu sahədə səfərbər edə bilmiş və 2018-ci ildə Azərbaycanda ilk dəfə qarabaşaq istehsalına başlamışıq. Məlumata görə, Ağsunun Ləngəbiz kəndi ərazisində ilk dəfə qarabaşaq yetişdirilib və 176 ton məhsul əldə edilib. “Qarabağ taxıl” MMC-nin Ağsu filialı tərəfindən həyata keçirilən bu təşəbbüs ötən 2 il ərzində daha da böyüdülüb. Görünür, məhz bunun nəticəsidir ki, 2020-ci ildə qarabaşaq idxalı önəmli ölçüdə azalıb. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu göstərici 2019-cu illə müqayisədə dəyər ifadəsində 98%, həcm ifadəsində isə 99,3% azalıb. Bu da çox ciddi nailiyyətdir”.


 
Mürvət Həsənlinin fikrincə, hökumətinin atdığı digər mühüm addım isə qarabaşaq idxalında tədarükçülərin sayını artırmaq olub: “2020-ci ildə Rusiyadan sonra ən çox qarabaşaq idxal etdiyimiz ölkə Türkiyə idi. Bu ölkədən 0,53 min. dollarlıq 0,24 ton məhsul tədarük edilmişdi. Üçüncü yerdə olan Almaniyadan isə 0,42 min. dollar dəyərində 0,11 ton qarabaşaq alınıb. İtaliyadan isə Azərbaycana cəmi 0,07 min dollar dəyərində 0,01 ton məhsul məhsul gətirilib. Sözsüz ki, Rusiya ilə müqayisədə digər alternativ tədarükçülərdən aldığımız qarabaşağın miqdarı xeyli aşağı olub. Amma hər halda Azərbaycan öz alternativ mənbələrini yarada bilib. Ehtiyac olarsa, onlardan aldığımız məhsulun miqdarını da artıra bilərik”.
 
Həmsöhbətimizin fikrincə, alternativ mənbələrin şaxələnməsi və yerli istehsala önəm verilməsi Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir: “Təsadüfi deyil ki, 2014-2015-ci illərdə neftin qiymətlərinin aşağı düşməsindən sonra müxtəlif tədbirlərdə çıxış edən Prezident bu ucuzlaşmanın iqtisadi əsasının olmadığını, əksinə geosiyasi xarakter daşıdığını açıq şəkildə dilə gətirmiş və Azərbaycanın təcili qida təhlükəsizliyi sahəsində addım atmasının vacibliyini vurğulamışdı. Düzdür, o, bütün qida məhsulları sahəsində fermerlərimizin qarşısına 100 faiz özünü təchiz etmək hədəfi qoysa da, indiyədək müxtəlif səbəblərdən bunu reallaşdırmaq mümkün olmayıb. Hesab edirəm ki, bu səbəblərin böyük əksəriyyəti obyektiv reallıqlardan doğur. Çünki kənd təsərrüfatının inkişafı üçün illərlə, bəzən onillərlə zaman tələb olunur. Bununla belə, bəzi qida məhsullarının istehsalında, xüsusilə də quşçuluq sahəsində Prezidentin qarşıya qoyduğu hədəfi reallaşdıra bilmişik. Bəzi sahələrdə isə istehsalı artıra-artıra son məqsədə doğru irəliləyirik”.


 
Mürvət Həsənli qarabaşaq tədarükündə heç bir problem görməsə də, Rusiya Nazirlər Kabinetinin gözlənilən bu qərarının bizim üçün də ciddi fəsadlarının olacağını düşünür: “Düzdür, mediaya açıqlanan məlumatda yalnız qarabaşağın adı çəkilir. Amma zənnimcə, bu, idxalçı dövlətlərə bir xəbərdarlıqdır. Yəni, Moskva əlində tutduğu xoruzun hələ quyruğunu göstərir və hədəf ölkələrə qucağında nə olduğu barədə mühüm ismarışlar göndərir. Bilirsiniz ki, qarabaşaq taxıl məhsullarına aiddir. Hazırlanması nəzərdə tutulan qərarda da “taxıl bazarında məhsulların bahalaşma” ehtimalından söhbət gedir. Başqa sözlə desək, Rusiya digər taxıl məhsullarına da eyni qadağanı qoya bilər. Bax, əsl təhlükə burda gizlidir”. 
 
Mürvət Həsənli xatırladıb ki, artıq 3 ildir, taxıl istehsalı sahəsində hegemonluq Çinin əlinə keçib. Digər tədarükçülərin isə taxıl istehsalı ciddi şəkildə azalıb. Hələ 2018-ci ildə Beynəlxalq Taxıl Şurası bəyan etmişdi ki, Çin 2018-2019-cu il biçin mövsümündə dünya taxıl istehsalının 46%-ni yetişdirib. Özü isə dünya taxıl tələbatının cəmi 16%-ni istehlak edir. Baxmayaraq ki, özünün 3 illik tələbatını bir ildə toplayan Çin əlindəki taxılı başqasına satmaq barədə düşünmürdü. Açıq şəkildə bildirirdi ki, istehlakdan artıq qalanını bioenerjiyə çevirib benzin əvəzinə maşınlara tökəcək, amma onu kiməsə satmayacaq. Eyni vəziyyət ötən il də davam edib. Hətta pandemiya səbəbindən dünyada taxıl stoklarının 320 milyon tondan 330 milyon tona yüksəldiyi bildirilir. Belə bir vəziyyətdə bir çox ölkələr gözünü Rusiya və Ukrayna kimi dövlətlərə dikib. Ukraynada quraqlıq olduğundan ötən biçin mövsümündə istehsal azalıb. Rusiya isə qiymətləri 20% artırıb. İndi isə böyük ehtimalla ixracı da müvəqqəti dayandıracaq və bununla həm “sözəbaxmayan” qonşularını cəzalandıracaq, həm də “ağılları başlarına gələndən sonra” isə məhsullarını onlara daha baha qiymətə satacaq”.
 


Ekspertin bu fikirlərinin fonunda taxıl tədarükündə Rusiyadan asılılıqdan hələ qurtula bilməməyimiz bəzi suallara yol açır: Zira rəsmi məlumatlarda hər il taxıl istehsalının artdığı bildirilir. Buna baxmayaraq, taxıl idxalımız da davamlı artır. Taxıl Fondu bu qeyri-adi vəziyyəti Azərbaycanın yerli məhsullarının yetərli keyfiyyətə malik olmaması ilə izah edirlər. Amma əsl səbəb başqa da ola bilər. Mümkündür ki, kimlərsə Azərbaycanın ən strateji qida məhsulunda xaricdən asılılıqdan xilas olmasını istəməsin. Bəs Mürvət Həsənli bu ehtimala necə baxır?
 
İş adamı bu suala cavab verməkdən yayınaraq dedi: “Sualınıza cavab verəcək orqanlar var. Mən bu barədə hər hansı ciddi dəlillərə malik olmadığımdan sizi məlumatlandıra bilərəm. Amma düşünürəm ki, müvafiq dairələr insanlarımızı narahat edən bu sualları araşdıracaq və təhlükə qapımızı döymədən onun qarşısını alacaq”.
 
Ovqat.com
 


Ana səhifəyə qayıt        Baxış: 6 156          Tarix: 6-05-2021, 11:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma