Xəbər lenti

 
Son zamanlar havaların qeyri-sabit keçməsi fermer təsərrüfatları üçün ciddi problemlər yaradır. Yağışlar, dolular bəzi əkin sahələrini yuyub aparır, əkilən məhsullara ciddi ziyan vurur.
 
Ovqat.com xəbər verir ki,  Aqrar Sığorta Fondunun dünən fermerlərə müraciətində də bu xüsus vurğulanır və onlar öz təsərrüfatlarını sığortalamağa çağırılır.
 
Bəs bu sığorta siyasəti necə həyata keçirilir və fermerlərə nə qazandırır?
 
Suallarımızı cavablandıran kənd təsərrüfatı mütəxəssisi, iş adamı Mürvət Həsənli təsərrüfatların sığortalanmasının vacib sayır. Onun sözlərinə görə, ilin bu fəslində havaların qeyri-sabit keçməsi bir çox hallarda fermerlərimizin əziyyətini tamamilə məhv edə bilər: “Yağışlar əkin sahələrini yuyub apardığı kimi, dolular da hələ körpə olan şitilləri, meyvə bağlarını tamamilə sıradan çıxarır. Bəzən təbiətin şıltaqlığından salamat qurtulan bitkilər və ağaclar da xırman və meyvələri toplama mövsümündə istənilən keyfiyyətdə məhsul gətirməyə bilər. Məsələn, dolular limon və ya portağal bağlarındakı meyvələrin qabıqlarını zədələyir və məhsulun vizual görüntüsünü pisləşdirir. Nəticədə fermerlər ciddi maliyyə itkisi ilə üzləşirlər. Azərbaycan hakimiyyəti kənd təsərrüfatı sahəsinin inkişaf etdirməyi əsas iqtisadi strategiya kimi qarşıya məqsəd qoyduğundan fermerlərimizin bu cür itkilərlə qarşılaşmasını istəmir. Odur ki, itkiləri azaltmaq üçün fermer təsərrüfatlarını sığortalamağı uyğun görür və bu istiqamətdə mühüm addımlar atır”.
 
Mütəxəssisin bildirdiyinə görə, Nazirlər Kabinetinin 17 dekabr 2019-cu il tarixli 479 saylı qərarına əsasən, fermerlərə aqrar sığorta imkanları yaradılıb: “Qərarda nəzərdə tutulub ki, fermerlərin sığorta xərclərinin 50%-i dövlət tərəfindən ödənilsin. Bu da fermerlərimizə ciddi dəstəkdir”.


 
Sığortalana bilən məhsullara gəlincə, Mürvət Həsənli xatırladıb ki, məlum qərar ilkin mərhələdə 14 adda bitkiçilik məhsullarını əhatə edir: “Bu bitkilərə buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, limon, naringi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıq aiddir. Bundan əlavə heyvandarlıq təsərrüfatları da sığortalana bilər və yaxın gələcəkdə başqa əkinçilik sahələrinin də bu siyahıya əlavə olunması nəzərdə tutulur”.
 
Mürvət Həsənli bildirib ki, bitkilərin əsasən məhsul hissəsinin sığortalanması nəzərdə tutulur: Taxıl, paxlalı və yağlı bitkilərdə – dən, lifli bitkilərdə – lif; əsas məhsulu kök və dibində olan bitkilərdə – kök və dib; əsas məhsulu yarpaq olan bitkilərdə – yarpaq; meyvəsi yeyilən bitkilərdə – meyvə; yem bitkilərində – bütün yaşıl hissə. Amma əlavə ödənişlər edilərək bitkinin tamamının da sığortalamaq imkanı var”.
 
Bəs bitkilər hansı risklərə qarşı sığortalanır?
 
Həmsöhbətimizin bildirdiyinə görə, Nazirlər Kabinetinin müvafiq qərarında fermerlərin əkin və biçin mövsümündə qarşılaşa biləcəkləri demək olar ki, bütün təbiət risklərinə qarşı sığortalanması nəzərdə tutulur: “Qərarda təbiət riskləri belə sıralanır: 
dolu;
yanğın;
zəlzələ;
torpaq sürüşməsi;
qasırğa;
fırtına;
üçüncü şəxslərin hərəkətləri. 
Mən bir kənd təsərrüfatı mütəxəssisi və təsərrüfatla məşğul olan iş adamı kimi qeyə bilərəm ki, qərarda nəzərdə tutulan risklər bir fermerin üzləşə biləcəyi gözlənilməz hadisələrin hamısını əhatə edir. Bundan başqa qərarda fermerlərə əlavə sığorta haqqı ödəməklə digər risklərdən sığortalanma imkanları da təklif olunur.


 
Məsələn, əlavə sığorta haqqı ödəməklə meyvə bağları və üzüm bitkilərinin məhsullarında dolu riski nəticəsində yaranan miqdar itkisi ilə yanaşı, keyfiyyət itkisinə də təminat verilə bilər. Bundan başqa, əlavə sığorta haqqı ödəməklə buğda və arpa bitkilərinin dən hissəsi ilə yanaşı, gövdə hissəsində də yaranan miqdar itkisinə təminat verilə bilər. Yəni əlavə ödənişlə taxılın təkcə dəni hissəsini deyil, samanını da sığortalamaq olar”. 
 
Mürvət Həsənli bitkiləri müxtəlif xəstəliklərdən qorumaq üçün də sığorta imkanlarının da nəzərdə tutulduğu, amma bu imkanlar üçün də əlavə sığorta haqqı ödənilməsinin vacibliyini vurğulayıb.
 
Mütəxəssisin bildirdiyinə görə, bitkilərin sığortası üçün müəyyən vaxt məhdudiyyətləri nəzərdə tutulur: “Heyvanlıq sahəsi ilin bütün mövsümlərində aktiv fəaliyyətdə olduğu üçün təsərrüfatları istənilən an sığortalaya bilərsən. Kənd təsərrüfatı bitkilərinin sığortası isə belə deyil. Sığorta üçün müəyyən dövrlər nəzərdə tutulur və bu müddət “Aqrar Sığorta” tərəfindən bəyan olunur. Fermerlər də məhz həmin müddət ərzində sığorta üçün müraciət edə bilirlər. “Aqrar Sığorta”nın dünənki bəyanı da artıq bu müddətin başladığından xəbər verir”.
 
 Mürvət Həsənlinin dediyinə görə, sığorta haqqının konkret miqdarı da bəlli deyil. “Nazirlər Kabinetinin 30 oktyabr 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”na əsasən, kənd təsərrüfatı bitkilərinin sığortası zamanı sığorta tarifinin dərəcəsi bitkilərin növlərindən və risklərin kateqoriyalarından asılı olaraq fərqlənir. Ona görə də bu barədə dəqiq rəqəm səsləndirə bilmirəm”. 
 
 


Ana səhifəyə qayıt        Baxış: 5 626          Tarix: 8-05-2021, 15:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma