Xəbər lenti


Axıcı şəkildə 2021-ci ilin birinci yarısına keçən 2020-ci ilin olduqca çətin problemlərinə baxmayaraq, beynəlxalq maliyyə təşkilatları və reytinq agentlikləri yaxın gələcəkdə Azərbaycanın iqtisadi inkişafı ilə bağlı kifayət qədər müsbət proqnozlar verirlər. Bazarda qiymətlərin yüksəlməsinə təsir edən neftə tələbatın bərpası, eləcə də karantin məhdudiyyətlərinin aradan qaldırılması bunun üçün stimul rolunu oynayıb. Ancaq yerli ekspertlər əmindirlər ki, Azərbaycan iqtisadiyyatının böyüməsi üçün əsas motivasiya Qarabağın azad edilmiş ərazilərində genişmiqyaslı bərpa işləri olacaq.

Maliyyə sabitliyi
Bugünlərdə “Moody's Investors Service” mayın 17-də keçirilmiş müzakirədən sonra Azərbaycanın da daxil olduğu emitentlər qrupunun dövri araşdırmasını tamamladığını açıqlayıb. Agentliyin məlumatına görə, Azərbaycan hökumətinin maliyyə davamlılığı “a1” səviyyəsindədir, halbuki daha əvvəllər bu, “a2” idi. Reytinq agentliyi mövqeyini ölkənin xalis kreditor kimi güclü mövqeyə malik olması ilə əsaslandırıb, çünki Dövlət Neft Fondunun aktivlərinin həcmi bütün birbaşa borcları və dövlət zəmanətlərini əhatə edir.
Məlumdur ki, dövlətin maliyyə davamlılığı milli iqtisadiyyata, maliyyə sisteminə və s. təsir göstərən makroiqtisadi və digər amillərin dəyişməsi halında pul öhdəliklərini yerinə yetirmək bacarığıdır. Ekspertlər maliyyə davamlılığı göstəricilərini ölkənin maliyyə potensialı göstəriciləri ilə müqayisə edirlər. Bu baxımdan da Azərbaycan üçün bu mövqenin yaxşılaşması, şübhəsiz ki, müsbət amildir.
Reytinqlər, bilindiyi kimi, ilk növbədə, dövlətin investisiya cəlbediciliyi baxımından vacibdir. Onlar nə qədər yüksək və onları müşayiət edən proqnozlar nə qədər müsbət olarsa, ölkənin investisiya gəlirliliyinin təmin edilməsindəki imkanları bir o qədər inamlı görünür. Bu, indi - Azərbaycan Qarabağda milyardlarla dollarlıq sərmayə tələb edən genişmiqyaslı bərpa işlərinə başladığı dövrdə daha vacibdir. Əlbəttə ki, dövlət zəruri xərclərin böyük hissəsini öz üzərinə götürür, lakin Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, xarici investorların bu işlərdə iştirakı alqışlanır və hətta zəruridir.

“Sabit”dən “müsbət”ə
Bu baxımdan qeyd edək ki, ümumilikdə Azərbaycanın builki reytinq qiymətləri sevindirməyə bilməz. Bu yaxınlarda elə həmin “Moody's” Azərbaycanın uzunmüddətli emitent və təminatsız borclar üzrə reytinqi ilə bağlı proqnozunu “sabit”dən “müsbət”ə qaldırıb.
"Bu proqnoz “Moody’s”in ölkədə idarəetmənin, xüsusilə də siyasi idarəetmənin yaxşılaşmasını qiymətləndirməsini, həmçinin aşağı səviyyədə olsa da hökumətin dayanıqlı kredit profilini əks etdirir. Xüsusilə monetar və mikro siyasət çərçivəsində bank sektorunun şoklara qarşı davamlılığını artırmaq məqsədi ilə sabitliyin təşviqi, fiskal buferlərdən effektiv istifadə hökumətin maliyyə və borc göstəricilərindəki pisləşmənin qarşısını ala bilər", - deyə agentlik bəyan edib.

Həmçinin bugünlərdə “Fitch” beynəlxalq reytinq agentliyi İpoteka və Kredit Zəmanət Fondunun xarici və yerli valyutada uzunmüddətli reytinqini “BB+” səviyyəsində təsdiq edib, reytinq üzrə proqnozunu “mənfi”dən “sabit”ə yüksəldib. “Fitch Ratings”ə görə, ölkə pandemiya dövründə güclü xarici tarazlığı qorumağa davam edir. Bundan əlavə, ölkəmizin əsas ixrac məhsulu olan neft qiymətlərində artım müşahidə olunur və bu da makroiqtisadi riskləri azaltmağa doğru tənzimləməyə imkan verir. Ən əsası isə Qarabağda yenidən hərbi əməliyyatların başlanması riski çox azdır ki, bu da reytinq proqnozlarına müsbət təsir göstərir.

Qeyd edək ki, ümumilikdə beynəlxalq reytinq agentlikləri və nüfuzlu maliyyə qurumları bu il Azərbaycan iqtisadiyyatındakı böyümə şansını çox yaxşı səviyyədə qiymətləndirirlər. Belə ki, son məlumatlara görə, BVF 2021-ci ildə ölkənin ÜDM artımının 2,3%-dən çox olacağını, Dünya Bankı 2,8%, “Moody's” 3,5%, “Fitch Ratings” 2,5%, “S&P Global Ratings” 2,1% həcmdə olacağını hesab edir.
Burada əlavə edək ki, yuxarıda göstərilən rəqəmlərin, demək olar, hamısı üzrə qiymətləndirmədə bir öncəkinə nisbətən yaxşılaşma var. Özü də bu, bilindiyi kimi, COVID-19 səbəbindən tətbiq olunan məhdudiyyətlər və OPEC+ sazişi çərçivəsində neft hasilatının azalması ilə bağlı ötən ilin yekunlarına görə Azərbaycanın ÜDM-də 4,3% azalma olduğu halda yaşanır.
Bir sözlə, göründüyü kimi, iqtisadiyyatın, eləcə də bütünlükdə həyatın və onun tərkib hissələrinin dövri inkişafı göz qabağındadır: tənəzzüldən sonra artım dövrü başlayıb. Bir də pandemiya və karantin kimi gözlənilməz “sürprizlər” olmasa, neft bazarları “çalxalanmasa”, inkişaf və artım dövrü yaşanan çətinliklərdən daha uzun olacaq kimi görünür.

//report.az/
Qulu Nuriyev - ekspert




Ana səhifəyə qayıt        Baxış: 3 402          Tarix: 25-05-2021, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma