Xəbər lenti


Bu ilin yanvar-aprel aylarında “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin törəmə müəssisəsi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC 34,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin may ayına olan “İxrac İcmalı”nda belə deyilir. Məlumata görə, bu, ötən ilin eyni ayları ilə müqayisədə 23,8 milyon ABŞ dolları və yaxud 3,2 dəfə çoxdur. Belə ki, 2020-ci ilin yanvar-aprel aylarında “Azərpambıq” MMC cəmi 10,8 milyon ABŞ dolları dəyərində məhsul ixrac etmişdi.

Qeyd edək ki, Azərbaycanda pambıq tədarükü ilə əsasən 2 iri müəssisə məşğul olur. Bunlardan biri MTK İK, digəri isə Azərpambıq MMC-dir. Prezident İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə 2016-cı ildə ölkəmizdə pambıqçılığın inkişafı ilə əlaqədar önəmli addımların atılmasına qərar veriləndən sonra ön plana çıxan bu şirkətlər tədarük zincirində cidid rol oynamağa başladılar. Təsadüfi deyil ki, 2019-cu ildə tədarük edilən 294 ton pambığın 225 tonu məhz bu şirkətlərin payına düşürdü. Hardasa, dördə üç hissəsi.

“Azərpambıq”ın ölkənin əsas pambıq tədarükçülərindən birinə çevrilməsində ölkə başçısının xüsusi əməyi vardır. Məlum olduğu kimi, 2018-ci il 25 may tarixində Prezident İlham Əliyevin irəli sürdüyü prinsiplər rəhbər tutularaq "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin təsisçiliyi ilə "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC yaradıldı. Cəmiyyətin təyinatı pambıq istehsalı, tədarükü, emalı və emaldan alınan məhsulların (pambıq mahlıcı, texniki çiyid, pambıq yağı, köməkçi məhsullar, çiyid cecəsi və s.) satışıdır. Şirvan Pambıq Emalı zavodunda texniki çiyiddən yağ emal edən sex də fəaliyyət göstərir. Göründüyü kimi, tarladan emala qədər bütün istehsal sahələrini əhatə edən bu kompleks qısa müddət ərzində ölkəyə valyuta gətirən quruma çevrildi. Halbuki, bu qurum yaradılmamışdan əvvəl 2017-ci ildə Azərbaycanın illik pambıq ixracı cəmi 17 milyon dollar dəyərində olmuşdu. 2018-ci ildə “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-in qurulması ilə pambıq emalında və ixracında mühüm irəliləyişlər müşahidə olunmağa başladı.



Rəsmi statistikaya inansaq, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC yarandıqdan bir il sonra 2019-cu ili 3,568 milyon manat xalis mənfəətlə başa vurmuşdu. Bu isə 2018-ci illə müqayisədə təxminən 209 dəfə çoxdur. 2020-ci il yanvarın 1-nə “Azərpambığ”ın aktivləri 168,171 milyon manat olmuşdu ki, bu da illik müqayisədə 3,9 dəfə çox idi.

2021-ci ilin ilk rübünə gəldikdə isə şirkətin ixracının 2017-ci ildə bütün ölkənin ümumi ixracından 2 dəfə olduğunu görə bilərik. Belə ki, cari ilin yanvar-aprel ayında şirkətin ixracının 34 milyon dolları keçdiyini görürük. 2017-ci ildə ölkənin ümumi pambıq ixracı 17 milyon dollar idi. Sözsüz ki, qarşıdakı rüblərdə bu rəqəmin daha da artacağına şübhə yoxdur.

Bəs, “Azərpambıq” bu uğurunu necə əldə edib?

Zənnimizcə, bu sualın cavabı Prezidentin 2019-cu ilin dekabrın 19-da keçirilən pambıqçılıq müşavirəsində mövsümün yekunlarına dair səsləndirdiyi çıxışındakı bəzi fikirlərdə gizlidir. Prezident deyirdi:

“Rəqəmlər göstərir ki, özəl şirkət məhsuldarlıqla bağlı daha səmərəli işləyir. Bunun, əlbəttə, bir izahı ola bilər ki, “Azərpambıq” indi yeni əsaslarla qurulur, əvvəlki dövrlərdə bu sahədə çox böyük pozuntulara yol verilmişdi. Yeni şirkət olaraq əlbəttə ki, müəyyən qədər vaxt lazımdır”, - ölkə başçısı il yarım bundan əvvəl belə demişdi.




“Azərpambıq”ın son 4 ayın yekunlarına dair ixrac göstəriciləri ölkə başçısının pambıqçılığın inkişafı strategiyasının uğurundan xəbər verir. Pambıqçılığın inkişafı isə təkcə ölkəyə kapital gətirmək demək deyil. Bu həm də 100 minlərlə insanın işlə təmin olunması deməkdir. Prezident də məsələyə bu aspektdən yanaşır və onun aşağıdakı sözləri dediklərimizi bir daha təsdiqləyir:
“Bütövlükdə son illərdə pambıqçılıqla məşğul olan insanların sayı 200 minə yaxınlaşır. Bu insanların böyük əksəriyyəti işləmirdi, ancaq bu gün işlə təmin olunurlar.

Əlbəttə ki, bu, xüsusən bölgələrdə işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi sosial sahədir. Mən əvvəlki çıxışlarımda da bunu qeyd etmişəm, bu gün də qeyd etmək istəyirəm, bizim üçün pambıqçılığın inkişafında əldə edilmiş nəticələr arasında məhz sosial amil ön plandadır. İş yerlərinin yaradılması əsas vəzifəmizdir, biz buna da nail ola bilmişik.”




Mürvət Həsənli,
İş adam




Ana səhifəyə qayıt        Baxış: 3 907          Tarix: 2-06-2021, 09:42      

Xəbəri paylaş


Paylaş:   

Prizma