Xəbər lenti
 
 
“Gömrük  orqanlarının qüsurları, həm sahibkarların, həm də Dövlət Vergi xidmətinin fəaliyyətinə mənfi təsir göstərir”.
 
Ovqat.com xəbər verir ki, iqtisadçı ekspert Elçin Qurbanov redaksiyamıza göndərdiyi məqalədə bu iddianı irəli sürüb.
 
Məqalədə deyilir:
 
“Dövlət siyasətinin önündə vətəndaş və vətəndaşın rifahı dayanır! Vergi qanunvericiliyinə edilən sonuncu dəyişikliklər birbaşa mikro və kiçik sahibkarlıq subyektlərinin inkişafının təmin edilməsi və məşğulluğun səviyyəsinin yüksəldilməsi kimi hədəflərə kökləndiyi danılmaz həqiqətdir. Son dəyişiklərdə nəzərdə tutulan vergi güzəştləri də mikro və kiçik sahibkarlıq subyektlərinin davamlı fəaliyyətinin təmin olunmasına, məşğulluğun səviyyəsinin yüksəldilməsinə, bununla da sosial təminatla bağlı dövlətin yükünün azaldılmasına yönələn mühüm addımlardan biridir.


 
Məlumdur  ki, iqtisad elmi qarşısında dayanan əsas hədəflərdən biri də vergilərin sahibkarlar tərəfindən hiss olunmaz səviyyədə təşkilidir. Elə etmək lazımdır ki, vergitutma siyasəti iqtisadiyyatın inkişafına mane olmasın. Lazımi məqsədə çatmaq üçün vergi mədəniyyətinin formalaşdırılması, vergitutmanın könüllülük prinsipləri əsasında təşkili və bu sahədə ideoloji işlərin görülməsi məsələləri çox ciddi əhəmiyyət daşıyır. Əlbəttə, son illər vergilər sahəsində nəzərəçarpacaq səviyyədə müsbət sıçrayışlar baş verib. Demək olar ki, qanunsuz vergi hesablamaları, sahibkarların hüquqlarının pozulması halları aradan qaldırılmış, vergi auditi sahəsində   partlayış səviyyəsində irəliləyiş əldə olunmuşdur. Sahibkarlıq subyektinə getmədən səyyar vergi yoxlamasının (elektron auditin)  həyata keçirilməsi demək olar ki, məmur sahibkar münasibətlərinin minimuma endirilməsinə, bu da öz növbəsində korrupsiya ilə mübarizə sahəsində əhəmiyyətli nəticələrin əldə edilməsinə səbəb olmuşdur. Əlbətdə ki, innovasiya intensiv prossesdir və durğunluğu sevmir. Problemləri isə bitmiş hesab etmək olmaz. Çünki məmur sahibkar münasibətləri tam məhdudlaşdırılmayıb. Əgər qardaş Türkiyə modelini misal çəksək, deyə bilərik ki, orada vergi orqanlarının əməkdaşlarını sahibkarlar tanımırlar. Onların ünsiyyəti demək olar ki, tamamilə olmur. Avropa ölkələrində də belədir. Təssüflər olsun ki, ölkəmizdə ən sadə məsələlərdə sahibkarlıq subyektlərinin yersiz əngəllərlə üz-üzə qaldığı hallar hələ də mövcuddur. Bu da yeni dövrün çağırışlarının əsas hədəfi olan şəffaflığın bərpasına, kölgə iqtisadiyyatının aradan qaldırılmasına sarsıdıcı mənfi təsirini göstərir. Problem gömrük orqalarının fəaliyyəti ilə bağlıdır. Mən əvvəl də bu barədə çoxsaylı məqalələrlə problemi işıqlandırmışam. Çox yaxın keçmişdə gömrük orqanlarında korrupsiya və rüşvətlə mübarizə çərçivəsində Baş Prokurorluq Yanında Korrupsiya ilə mübarizə baş İdarəsi tərəfindən tədbirlər həyata keçirildi. Lakin ölkədə uçot siyasətinin təkmilləşdirilməsi və hesabatlılıqla bağlı problemin həllinə önəmli irəliləyişlərin əldə olunması üçün daha çox işlərin görülməsinə ehtiyac var. Diqqətə çatdırmaq istəyirəm ki, gömrük orqanlarının fəaliyyətində baş verən ən xırda qüsurlar yalnız sahibkarların işinə deyil, həm də vergi orqanlarının fəaliyyətinə mənfi təsir göstərir.
 
Belə ki, gömrük orqanları idxal əməliyyatlarında idxal mallarının müqavilə dəyərini deyil, bazar dəyərini əsas götürürlər. Bu da çox vaxt statistik dəyərin süni şişirdilməsi kimi anlaşılır. Statistik dəyər isə gömrük dəyərinin valyutada ifadəsidir. Problem ümumi gömrük dəyərinin müəyyən edilməsi və vergitutulan idxalın dəyərinin hesablanmasıdır. Gömrük orqanları tərəfindən idxal dəyəri bir çox hallarda yerli bazara uyğun müəyyənləşdirilir. Əgər idxal mallarının alış qiyməti , invoys dəyəri məlumdursa , bunu təsdiq edən müvafiq ödəniş sənədləri və müqavilə varsa , o zaman belə hesablamalar qanunla yolverilməzdir. Gömrük oranları tərəfindən demək olar ki, satış dəyərinə hesablanmalı ƏDV məbləğinin ödənilməsi tələb olunur. Bu da vergi yığımlarına ciddi mənfi təsir göstərir. Daha sadə isə belə ifadə etmək mümkündür, sahibkar idxal etdiyi malın yerli bazarda satış dəyərinə uyğun ƏDV ödədikdən sonra daha ucuz qiymətə satmaq imkanı olan mallara görə əlavə dəyər yaranmaya da bilər. Mənfəət və gəlir vergisinin hesablanması zamanı isə xərc maddələrinin əsas hissəsi kimi, vergitutulan idxalın dəyəri əsas götürülür. Yəni sahibkar haqlı olaraq gömrük orqanı tərəfindən süni şişirdilərək yaranan (vergitutulan idxalın dəyəri) idxal dəyərini satışın dəyərində nəzərə almalı olur. Beləliklə gömrük orqanları tərəfindən  ƏDV-nin düzgün hesablanmaması, satışda ticarət əlavəsinin kiçilməsinə və buna görə görə Dövlət Vergi Xidməti tərəfindən  ƏDV yığımlarının həcminin azalmasına, bu səbəbdən İdxal dəyərinin şişirdilməsi isə öz növbəsində   mənfəət və gəlir məqsədləri üçün vergi yığımlarının azalmasına səbəb olur. Bununla da şəffaflığın və hesabatlılığın təmin olunması problem olaraq qalır.Bundan sonra isə vergi orqanlarının uyğunsuzluqla bağlı yönələn tələblərinə sahibkarlar məruz qalırlar. Bu da haqlı narazılıqlara səbəb olur. Əlbətdə ki, məsələni bütün idxal mallarına münasibətdə şamil etmək doğru olmaz. Məntiqə əsaslanaraq hesab edirəm ki, gömrük yığımlarının həcminin öncədən planlaşdırılması iqtisadi proqnozlaşdırmalar üçün məqbul sayıla bilməz. Gömrük sisteminin fəaliyyətinin əsas məqsədi yerli təlabatın idxal və ixrac əməliyyatları çərçivəsində tənzimlənməsi və dempinq siyasətinin həyata keçirilməsidir. Problemin yaranma səbəbini ilk baxışdan ƏDV yığımlarının operativliyinin təmin edilməsi və plan proqnozun icrası kimi qiymətləndirmək olar. Amma bu yolla iqtisadiyyatı şəffaflaşdırmaq mümkün deyil. Onu da xüsusi vurğulamaq lazımdır ki, mövcud problem süni qiymət artımına da şərait yaradır.  Mən hesab etmirəm ki, hər-hansı sahibkar vergi risklərinin yüksək olmasından zövq ala bilər, bəzi dırnaqarası sahibkarlar istisna olmaqla. Mən bəzi iş adamlarının fikrini öyrənməyə çalışmışam. Belə qənaətə gəlmək olar ki, sahibkarlar vergi ödəməkdən deyil, uçot uyğunsuzluğu səbəbindən daha çox nigaran qalırlar. Bu da onların mənəvi və psixoloji yüklənməsinə və fəaliyyətlərinin effektivliyinə mənfi təsir göstərir. Gömrük orqanlarının əməkdaşları , vəzifəli şəxsləri başa düşməlidir ki,, idxalçı, ixracatçı və sahibkar yoxdursa nə gömrük, nə də vergi orqanları dövlətə lazım deyil. Bu dövlət orqanları gömrük və vergi qanunvericiliyi ilə tənzimlənən münasibətlərin digər iştirakçılarına dövlət xidməti göstərmək üçün yaradılıb və qanuni sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə cinayət təqibinə məruz qoyulur.
 
 Bütün bunları nəzərə alaraq mövcud problemlərin çevik həllinə nail olmaq üçün gömrük orqanlarının fəaliyyətinə kənar nəzarətin təşkilini və münasibətlərin tamamilə elektronlaşdırılmasının vacib olduğunu düşünürəm. Kənar nəzarət isə komissiyon qaydada müxtəlif dövlət qurumlarının və ictimai institutların iştirakı ilə birgə təşkil olunsa daha yaxşı olar”.  
 


Ana səhifəyə qayıt        Baxış: 4 865          Tarix: 22-06-2021, 18:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma