Xəbər lenti


Dünya bazarında neftin  qiyməti artım dinamikasını davam etdirir. Dünən Brent markalı neftin avqust fyuçerslərinin qiyməti son iki ildə ilk dəfə olaraq 75 dolları keçib. WTI nefti isə 74 dollara yaxınlaşıb. Azərbaycanın hasil etdiyi “Azeri Light” (CIF) markalı neftin qiyməti də 75 dolların üzərinə çıxıb.

Ümumilikdə, 2021-ci ilin əvvəlindən bəri neftin qiyməti 40 faiz bahalaşıb: ABŞ, Çin, Avropa kimi dünyanın 3 ən böyük iqtisadi mərkəzlərində iqtisadi aktivliyin sürətli bərpası bir sıra digər regionlarda ağır pandemik vəziyyətin olmasına rəğmən bazarda tələbatı artırır.
Bu artımın əsas səbəbləri sırasında pandemiyadan sonrakı sürətli iqtisadi canlanma fonunda tələbin yüksəlməsi, bazara yönəlik təklifin bu artıma adektvat olmayacağı ehtimalının yaranması ilk yerdə gəlir. Analitik mərkəzlər bildirirlər ki, yaxın həftələrdə nəqliyyatın hərəkətindəki aktivlik tələbi sürətlə artıracaq ki, istehsalçıların belə             qısa müddətdə bazara əlavə həcmlər çıxarması çətin olacaq. Bazara mənfi təsir göstərəcək yeganə amil kimi İranla nüvə sənayesi sahəsində aparılan danışıqların bu ölkənin neft bazarına qayıtmasına gətirəcək sonluqla bitməsi göstərilir.

Lakin Qərblə İran arasındakı danışıqlar hələ davam edir və yaxınmüddətli dövrdə sanksiyaların aradan qaldırılmasına gətirəcək razılaşmaların əldə olunması real görünmür.
Dünya bazarındakı mövcud vəziyyət beynəlxalq mərkəzlərin qiymətlərlə bağlı proqnozlarında nikbinliyi xeyli artırıb. Hətta “Bank of Amkerika”nın analitikləri 2022-ci ildə neftin qiymətinin 100 dollara çatacağını gözləyirlər. “Bank of Amkerika”nın neft bazarına dair hesabatına əsasən belə bahalaşma üçün tələb baxımından üç, təklif baxımından isə daha üç mühüm amil var.

Tələblə bağlı qiymətləri artıracaq amillərdən biri pandemiya ilə bağlı tətbiq edilmiş lokdaunlar dövründə yığılmış tələbin bazara axması, ikincisi turist axınının çoxalması nəticəsində şəxsi avtomobil daşımalarının ümumi yükdaşımalarda önə çıxması, üçüncüsü isə məsafədən işləmənin “avtomobildən işləmə” formatına keçməsi nəticəsində şəxsi avtomobillə qət edilən məsafələrin artması ola bilər.
Təkliflə bağlı amillər kimi “Bank of America” analitikləri ilk növbədə şirkətlərin Paris iqlim razılaşması çərçivəsində qarşıya qoyulan hədəflərə çatılması üçün kapital xərclərini artırmasını qeyd edirlər. Həmçinin investorlar maliyyə və davamlı inkişaf istiqamətlərinə yatırılan vəsaitləri artırmaqla enerji sektorunda daha aktiv rol oynamağa başlayıblar. Bundan əlavə, ictimaiyyətin də istixana qazları tullantılarının azaldılması ilə bağlı təzyiqləri artır.

Bütün bu amilləri nəzərə alan “Bank of America” analitikləri neftin qiymətinə dair 2021-ci il üzrə proqnozlarını 60 dollardan 68 dollara qaldırıblar. Bu zaman onlar dünyada koronavirusa qarşı peyvəndləmənin sürətini, qlobal mobilliyin artmasını, OPEK+ ölkələrinin təkliflə bağlı intizamlı davranışını əsas götürüblər. 2022-ci il üzrə proqnozu isə bank ekspertləri 60 dollardan 75 dollara qaldırıblar. 2023-cü ildə isə qiymət gözləntisi 65 dollar civarındadır.

“Bank of America” mütəxəssisləri hesabatda neftin qiymətinə mənfi təsir göstərəcək amilləri də qeyd ediblər. Bunlardan birincisi sanksiya təzyiqləri azalan İranın 2021-ci ilin ikinci yarısından neft bazarına qayıtması ehtimalıdır. İkinci amil peyvəndləmə prosesinin zəifləməsi, koronavirusun mövcud peyvəndlərə qarşı dözümlü mutasiyalarının yaytılmasıdır. Daha bir amil kimi isə OPEK+ razılaşmasının şərtlərinə əməl olunmaması ehtimalı göstərilir.

Yeri gəlmişkən, OPEK+ ölkələri mövcud hasilat həcmlərini daha uzun müddətə saxlaya bilər. Bu barədə Rusiya baş nazirinin müavini Aleksandr Novak məlumat verib: “Bunu 10 gündən sonra görəcəyik, prinsipcə, fərqli seçimlərimiz var - bir və ya bir neçə aylıq qəbul etmək. Bu, həm də daha uzun müddəti əhatə edə bilər. Bunu həmkarlarımızla birlikdə müzakirə edəcəyik. Hazırda konkret təkliflər yoxdur, onları görüşə yaxın hazırlayacağıq”.

Qeyd edək ki, “OPEC+” ölkələrinin iclası iyulun 1-də keçiriləcək. İyunun 1-də keçirilmiş iclas nəticəsində alyans razılaşmanın əvvəlki parametrlərini sabit saxlayıb, yəni iyul ayında neft hasilatı bir qədər artırılacaq (gündəlik 2,1 milyon barel).
Neft sənayesi üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban bildirir ki, beynəlxalq mərkəzlərin yaxın aylar, gələn il üçün proqnozları bazardakı mövcud şərtlər əsasında hazırlanır: “Məsələn, ”Bank of Amerika"nın göstərdiyi səbəblər bu günün prizmasından baxanda ağlabatandır: görünən budur ki, neft sektoruna investisiyalar 2020-ci ildən azalır, kəşfiyyat işləri yavaşıyır və ümumən sektorda əmək qüvvəsinin ixtisarları gedir.

İlham Şaban: “Proqnozlar bazarın indiki şərtlərinə əsaslanır, lakin”...
Bundan əlavə, dünyada iqlim dəyişmələri nəticəsində birdən-birə cari qış daha soyuq, yay isə daha isti keçməyə başlayıb - bu isə enerjiyə olan tələbatı artırır, baxmayaraq ki, dünya iqtisadiyyatının hazırkı artım tempi üçün bu qədər enerji lazım deyildi. Yəni proqnoz edilməyən hallar daha çoxdur və bu baxımdan indi modelləşdirəndə 2022-ci ildə neft 100 dollar da ola bilər, onu aşa da bilər".

Ekspertə görə, proqnozlar çox nisbidir: “2022-ci ildə real nə gözləyir dünyanı? Dünyaya nə qədər enerji lazım olacaq və hansı hissəsini alternativ mənbələrdən əldə edə biləcək! Bu sualların cavabından neftin real qiyməti 1 il sonra formalaşacaq, hazırda isə ancaq güman ediləndir”.
OPEK+ razılaşmasının üzvü olan Azərbaycanda neft hasilatının təbii azalması prosesi gedir. Belə ki, rəsmi statistikaya əsasən 2021-ci ilin may ayında ölkə üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 674 min barrel olub. Bunun 586 min barelini xam neft, 88 min barelini isə kondensat təşkil edib.

Xatırladaq ki, “OPEC plus” ölkələri nazirlərinin müvafiq iclaslarında qəbul edilmiş razılaşmalar çərçivəsində ölkəmizdə orta günlük xam neft hasilatının cari ilin may ayında 603 min barel, iyun ayında 610 min barel, iyul ayında isə 620 min barel səviyyəsində saxlanılması müəyyənləşib. Bu isə o deməkdir ki, neft hasilatı OPEK+ razılaşmasında nəzərdə tutulan həcmdən daha aşağıdır.
2020-ci ildə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasilatın həcmi 174,6 milyon barel təşkil etməklə, proqnoza (174,6 milyon barel) nisbətən 100 faiz icra olunub. Dəyər ifadəsində AÇG-də hasil edilmiş mənfəət neftinin satışından Dövlət Neft Fonduna 3 milyard 522,7 milyon dolları vəsait daxil olub ki, bu da büdcədə nəzərdə tutulmuş vəsaitə (3 milyard 453,6 milyon dollar) qarşı 2 faiz çox təşkil edib. Neft Fondunun

2020-ci ilin büdcəsində xam neftin proqnoz dövrü üzrə ixrac qiyməti 35 dollar proqnozlaşdırıldığı halda, il ərzində bir barelin ortaçəkili qiyməti 38,5 dollar təşkil edib. Beləliklə, 2020-ci ildə fondun yataqlar üzrə faktiki daxilolmalarının həcmi 3 milyard 833,43 milyon dollar təşkil edib.
2021-ci ildə AÇG-dən xam neft hasilatının həcminin 171,6 milyon barel olması proqnozlaşdırılır ki, bu da hasilatın aşağı düşməsi səbəbindən 2020-ci ilin göstəricisinə nisbətən (174,6 milyon barel) 3 milyon barel azdır. 2021-ci ildə mənfəət neftinin və qazın satışı üzrə fondun daxilolmaları 3 milyard 787,84 milyon dollar və ya 6 milyard 439 milyon 325,7 min manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsilə 2019-cu ilin müvafiq icra göstəricisindən 8 175,4 milyon manat və ya 55,9 faiz az, 2020-ci ilin proqnoz və gözlənilən icra göstəricisindən müvafiq olaraq 207,6 milyon manat və ya 3,1 faiz və 99,3 milyon manat və ya 1,5 faiz azdır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycanda əmtəəlik neft hasilatı 5,9 faiz azalmaqla 14,3 milyon ton təşkil edib. Eyni dövrdə ölkədən xaricə satılan xam neft və neft məhsullarının həcmində də azalma baş verib. Dövlət Gömrük Komitəsinin məlıumatına əsasən 5 ayda Azərbaycan 4 milyard 927 milyon 241,27 min dollar dəyərində 11 milyon 921 min 162,88 ton xam neft və neft məhsulları ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 2,5 faiz, həcm ifadəsində isə 13,5 faiz azalma deməkdir.

Onu da bildirək ki, ötən il AÇG-dən hasil olunan neftin 46,6 faizi mənfəət nefti kimi Azərbaycan dövlətinə çatıb. İ.Şabanın sözlərinə görə, bir neçə il əvvəl dövlətin payı 56 faiz civarında idi: “Daha əvvəl isə 60% idi. Bu nəyi göstərir? Yəni AÇG-dən hasil edilən neftin maya dəyəri get-gedə bahalaşır. Belə hala normal yanaşmaq lazımdır”.

Vüqar Bayramov: “Neftin baha olması Azərbaycana bir sıra üstünlüklər qazandırır”
Neftin qiymətinin bahalaşması Azərbaycan üçün bir sıra üstünlüklər yaradır. Millət vəkili, Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, bu üstünlüklərdən ən mühümü dövlət gəlirlərinin artmasıdır: “Beynəlxalq analitik mərkəzlər pandemiyanın mənfi təsirlərinin azalması fonunda neftə tələbatın artması istiqamətində proqnozlar verirlər. Qeyd edim ki, hələ bir müddət də neft qiymətləri pandemiyanın gedişindən asılı olacaq. İndiki mərhələdə pandemiya ilə bağlı proseslər pozitivdir. Buna görə də neft bazarında müsbət gözləntilər hökm sürür. Neftin bahalaşması ölkəmizə daxil olan valyutanın artmasına səbəb olur. Dövlət büdcəsində neftin qiyməti 40 dollar olaraq götürülüb, amma faktiki göstərici bundan yüksəkdir. Bu isə həm dövlət büdcəsinə, həm də Neft Fonduna əlavə gəlirlərin daxil olmasını təmin edəcək”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycanın yaxın onillikdə əlavə vəsaitlərə ehtiyacı böyük olaraq qalacaq: “Vətən müharibəsi nəticəsində Ermənistanın işğalından azad olunmuş ərazilərin bərpası irihəcmli vəsait tələb edir. Bu baxımdan, Azərbaycan qısa və ortamüddətli dövrlərdə böyük həcmli pullar xərcləməli olacaq. Neft qiymətlərinin yüksək olması bu kontekstdən də Azərbaycan üçün üstünlük yaradır. Ölkənin investisiya imkanları güclənir”...

Dünya SAKİT,

“Yeni Müsavat”



Ana səhifəyə qayıt        Baxış: 3 728          Tarix: 23-06-2021, 09:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma