Xəbər lenti


"Mən burada Azərbaycan istehsalçılarını deyil, Rusiya tərəfini günahlandırıram. Rusiya ən korrupsiyalaşmış və kriminallaşmış ölkələrdən biridir və belə ehtimallar çox yüksəkdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim, sabiq deputat Nazim Bəydəmirli Azərbaycan pomidorunun Rusiyaya buraxılmamasının arxasında hər hansı bir siyasi oyunun olub-olmamasını şərh edərkən deyib. Onun sözlərinə görə, beynəlxalq ticarətdə qida təhlükəsizliyi ilə bağlı ölkələr arasında müəyyən anlaşmalar var:

"Əgər Azərbaycan tərəfindən müvafiq fitosanitar karantin sertifikatları verilirsə və onu Rusiya tərəfi tanıyırsa, belə hadisələr çox az olmalıdır. Mətbuatda da məlumat verilmişdi ki, ekspertizaya müxtəlif  monopolistlər əl qoyub. Pomidorun bir qutusunu ekspertiza etmək üçün sahibkarlardan 5 dollar pul alırlar. Bunlar qeyri-rəsmi olaraq həyata keçirilir. Burada müxtəlif ehtimallar ola bilər. Təbii ki, ehtimallardan ən böyüyü və realı budur ki, Rusiyaya belə məhsul aparanları bizim monopolistlər Dağıstanda, Rusiyanın müxtəlif bölgələrində əlaqə qurduqları həmin dövlət orqanlarının əli ilə vurub bazardan çıxarırlar. Keçən ilin sonlarından başlayaraq bir neçə dəfə belə addımlar atılmışdı. Bütövlükdə Azərbaycandan gedən alma, pomidor və digər məhsulları Rusiyaya daxil olmasını guya standartlara cavab vermədiyi əsas gətirərək bloklamışdılar”.
 
Nazim Bəydəmirli qeyd edib ki, bunu müxtəlif danışıqlar araparaq aradan qaldırdılar və bir neçə şirkətə individual olaraq icazə verilməyə başladılar:
"Məndə ciddi şübhələr yaramdı ki, bu, məmur sahibkarlığının monopoliya yaratmağı ilə bağlıdır. Hesab edirəm ki, bu bizim üçün yenilik deyil. Rusiya iqtisadi bazardan həm də bir ticarət silahı kimi istifadə edir. Müxtəlif addımlar ataraq zaman-zaman məhdudlaşdırır və bunu siyasi təzyiq kimi tətbiq etdiyi hökumətlərlə "danışıq” mövzusuna çevirir”. 

Qeyd edək ki, Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Qafqaz Bölgələrarası İdarəsi Azərbaycandan Rusiya ərazisinə meyvə və tərəvəzin gətirilməsinə icazə verməyib. Karantin fitosanitar nəzarəti nəticəsində Azərbaycandan gətirilən 83,2 ton pomidor və 36,9 ton şaftalı Rusiya ərazisinə buraxılmayıb. Meyvə-tərəvəzin buraxılmamasının səbəbi Ümumrusiya Bitki Karantin Mərkəzinin Dağıstan şöbəsinin məhsullarda pomidor güvəsi (Tuta absoluta Povolny) və şərq güvəsinin (Grapholitha molesta) aşkarlanmasını təsdiqləyən laboratoriya hesabatı olub.



Ana səhifəyə qayıt        Baxış: 3 055          Tarix: 15-07-2021, 21:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma