Xəbər lenti

İyulun 26-da Azərbaycanın Minskdəki səfiri Lətif Qəndilovu qəbul edən Belarus prezidenti Aleksandr Lukaşenko maraqlı fikirlər səsləndirib.

O, Azərbaycana Qərb dövlətlərinin təzyiqlərinə baxmayaraq, onun ölkəsinin neft təchizatına görə səfirə təşəkkürünü bildirib: "Belarusa karbohidrogen xammalının verilməsinə görə təşəkkür edirəm. Afərin sizə, siz Qərb ölkələri tərəfindən təzyiqə boyun əymədiniz. Siz sözünüzün sahibisiniz. Necə danışmışıqsa, elə də hərəkət edirsiniz. Müasir dünyamızda bunun dəyəri çox yüksəkdir”.

Lukaşenka vurğulayıb ki, Azərbaycan da Belarusun dəstəyinə güvənə bilər: “Biz mənim bu yaxınlarda Azərbaycana səfərim zamanı əldə etdiyimiz razılaşmaları həyata keçirməyə hazırq”.

Xatırladaq ki, Azərbaycan 2020-ci ildə, Rusiya şirkətləri yaranmış mübahisələrə görə Minskə xam neftin nəqlini dayandıranda, Belarusun əsas alternativ təchizatçılarından biri olub. TASS agentliyinin yazdığına görə, Azərbaycan həmin il Belarusa 1 milyon ton neft çatdırıb.

2021-ci ildə də Belarusun Azərbaycandan xam neft alması davam etdirilib. Azərbaycanın xam nefti Belarusa Ukrayna ərazisindən ötürülür.

Lukaşenko Azərbaycana Qərbin təzyiqlərindən bəhs etsə də, bu barədə ətraflı danışmayıb. Doğurdan da belə bir təzyiq baş verə bilərdimi və onun elementləri müşahidə olunubmu?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "AzPolitika.info"-ya açıqlamasında bildirirb ki, Lukaşenko məsələni bir qədər şişirdilmiş formada təqdim edib.

Onun sözlərinə görə, Lukaşenkonun əmri ilə Minsk hava limanına məcburi endirilən "Ryanair" təyyarəsi ilə bağlı qalmaqaldan sonra Qərb ölkələri Belarusa müxtəlif sanksiyalar qoyub: "Söhbət bu ölkədə istehsal edilən, Qərbin başqa mənbələrdən də əldə elə biləcəyi məhsullardan gedir. Bu sıraya neft məhsulları daxil deyil. Çünki Belarusda illik istehsal gücü 22 milyon ton neft olan nəhəng "Mozır" Neft Emalı Zavodu "Avro-5" standartlartına uyğun olan yanacaq istehsal edir. Bu müəssisənin əsas alıcıları arasında Avropa şirkətləri də var və bu ticarət davam edir. Azərbaycan da ötən il ərzində bu zavoda 600 min tondan çox xam neft göndərib. Bir müddət əvvəl SOCAR-ın nümayəndəsi açıqlamışdı ki, xam neft Ceyhan və Supsa limanlarından Ukraynanın Odessa limanı vasitəsi ilə ötürülüb".

Ekspert vurğulayır ki, əgər "Mozr" zavodu Avropaya sərbəst məhsul sata bilirsə, Avropanın xam neft tədarükünə görə Azərbaycana təzyiq göstərməsi barədə fikirlər məntiqli deyil.

"AzPolitika.info"



Ana səhifəyə qayıt        Baxış: 2 321          Tarix: 27-07-2021, 21:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma