Xəbər lenti

Müəllif: Orxan Bağırov
Azərbaycan prezidenti İlham Əliyevin bu il iyulun 7-də imzaladığı fərmanla ölkənin yeni iqtisadi rayonunlarının bölgüsü təsdiqlənib. Fərmana əsasən, iqtisadi rayonların sayı 10-dan 14-ə çatdırılıb.

Azərbaycanın paytaxtı Bakı ayrıca iqtisadi rayondur. Əlavə olaraq, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları da yaradılıb. Qarabağ iqtisadi rayonu Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonlarını əhatə edir. Fərmanda deyilir ki, “özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılması vacibdir”.

Yeni yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonuna Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları daxildir. Bu rayonlar Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşir, Zəngəzur dağ silsiləsi ilə əhatə olunur.

Şərqi Zəngəzur iqtisadi rayonu Laçın və Kəlbəcərdən Naxçıvana qədər uzanır. Bu rayonlar tarixən eyni məkanda yerləşib. Bu ərazilər uzun illər ərzində 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibinə daxil olub. Odur ki, ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıq sadalanan rayonların vahid iqtisadi rayonda birləşdirilməsinə ehtiyac yaratmışdı.

Beləliklə, Azərbaycanda iqtisadi rayonların yeni bölgüsü iqtisadi ixtisaslaşmanı, effektiv investisiya siyasətinin həyata keçirilməsini və çevik regional idarəetməni təmin edəcək. Üstəlik, yeni iqtisadi rayonların yaradılması 44 gün davam etmiş İkinci Qarabağ müharibəsindən sonra azad edilmiş ərazilərin inkişafına və bərpasına təkan verəcək.

Buna görə iqtisadi rayonların yeni bölgüsü azad edilmiş ərazilərin inkişafı üçün vahid planın yaradılmasında mühüm addım kimi qiymətləndirilə bilər.

Bu, həmin ərazilərin Azərbaycan iqtisadiyyatına yenidən inteqrasiyası baxımından vacibdir. Odur ki, iqtisadi rayonların inkişafına dair planlaşdırma işlərinin effektivliyinin artırılması, iqtisadi sahədə effektiv idarəçiliyin təmin edilməsi və bu iqtisadi rayonların strukturlarına yenidən baxılması tələb olunurdu.

Şübhəsiz ki, azad edilmiş ərazilərin iqtisadi imkanlarının reallaşdırılması Azərbaycan iqtisadiyyatına ciddi müsbət təsir göstərəcək. Xatırladaq ki, Azərbaycan ərazilərinin 1990-cı illərin əvvəllərində işğal edilməsi nəticəsində Qarabağda 7 min müəssisə bağlanıb.

Bu müəssisələr Azərbaycanın taxıl istehsalının 24, spirtli içki istehsalının 41, kartof istehsalının 46, ət istehsalının 18, süd istehsalının isə 34%-ni təmin edirdi. Üstəlik, bu ərazilərdə qızıl, mis, civə, xromit, qurğuşun-sink kimi zəngin faydalı qazıntılar var. Ermənistan işğal dönəmində bu mədənləri istimar edib.

Bu istehsal sahələrinin bərpası, əslində müxtəlif iqtisadi sahələrin, xüsusilə kənd təsərrüfatının inkişafına əhəmiyyətli dərəcədə təsir edəcək. Məsələn, ilkin hesablamalara əsasən, yeni yaradılmış Şərqi Zəngəzur iqtisadi rayonu önümüzdəki illərdə Azərbaycan iqtisadiyyatının təxminən 4%-ni formalaşdıracaq. İşğal dönəmində bu ərazilərin Azərbaycanın ümumdaxili məhsuldakı payı 0,1%-ə qədər azalıb.

Lakin yaxın gələcəkdə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında 1,76 milyard dollar dəyərində kənd təsərrüfatı və sənaye məhsulları istehsal etmək mümkün olacaq.

Azad edilmiş ərazilər bərpa olunan enerji, xüsusilə hidroenerji ilə bağlı böyük potensiala malikdir. Məsələn, Azərbaycanın yerli su ehtiyatlarının 25%-i və ya 2,56 milyard kubmetri məhz Qarabağın payına düşür. Bu, su elektrik stansiyalarının yaradılmasına imkan verir. Yeri gəlmişkən, 44 günlük müharibə nəticəsində Azərbaycan erməni işğalçıları tərəfindən dağıdılmış 30 su elektrik stansiyası üzərində nəzarəti bərpa edib.

Bundan başqa, Qarabağın kifayət qədər günəş və külək enerjisi potensialı da var. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin ilkin hesablamalarına əsasən, azad edilmiş ərazilər 4 min meqavatdan çox günəş enerjisi və 5 yüz meqavata qədər külək enerjisi potensialına malikdir. Kəlbəcər və Laçın rayonlarının külək enerjisi, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarının isə günəş enerjisi ilə bağlı böyük potensialı var.

Bu arada, azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşması üçün dayanıqlı nəqliyyat infrastrukturunun olması vacibdir. Buna görə də azad edilmiş ərazilərin bərpası proqramının əsas istiqamətlərindən biri hərtərəfli nəqliyyat infrastrukturunun yaradılmasıdır.

Qarabağda ilk hava limanı olan Füzuli Beynəlxalq Hava Limanı artıq istifadəyə verilib və sınaq uçuşları həyata keçirilib. Bu hava limanının uçuş-enmə zolağının uzunluğu 3000, eni isə 60 metrdir. Bundan başqa, Laçın və Zəngilan rayonlarında iki beynəlxalq hava limanının da təməli qoyulub.

Azad edilmiş ərazilərdə hava limanları ilə yanaşı, avtomobil və dəmir yolları şəbəkəsinin bərpası, genişləndirilməsi işləri də davam etdirilir. Bəzi magistral yollar artıq istifadəyə verilib. Bu yollar Qarabağa şimal, şərq və cənub istiqamətlərindən girişi təmin edəcək və onu regionun nəqliyyat qovşağına çevirəcək.

Bir sözlə, azad edilmiş ərazilərin kənd təsərrüfatı, enerji, nəqliyyat və s. imkanları göstərir ki, iqtisadi rayonların yeni bölgüsü Qarabağ daxil olmaqla, Azərbaycan iqtisadiyyatının inkişafına mühüm töhfə verəcək.

Qarabağda həyata keçirilən bərpa işlərinin əsas hədəflərin biri onun Azərbaycan iqtisadiyyatındakı payının işğaldan əvvəlki göstəriciyə çatdırılmasıdır. Üstəlik, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının iqtisadi inkişafı və onların beynəlxalq “Şimal-Cənub”, “Şərq-Qərb” nəqliyyat dəhlizlərinə, həmçinin Zəngəzur dəhlizinə çıxışının olması Qarabağı bütün Cənubi Qafqazın iqtisadi drayverinə çevirəcək.

Nəticədə Qarabağ erməni işğalı dövründəki kimi, münaqişə bölgəsi deyil, regional əməkdaşlığın rəmzi olacaq.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Eurasia Review


Ana səhifəyə qayıt        Baxış: 3 860          Tarix: 1-10-2021, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma