Xəbər lenti

Neftin bir barrelinin qiyməti 80 dolları ötüb. Bu, son üç ilin ən yüksək göstəricisidir.

Treyderlər gözləyirlər ki, təbii qazın yüksək qiyməti energetika sferasında emal edilən digər yanacaq növlərinin də istehlakını artıracaq. Demək olar ki, bu, artıq baş verir. Belə ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatına görə, yaxın yarım il ərzində neft istehlakı gündəlik 500 min barrel arta bilər. Agentliyin məlumatında deyilir: ”Dünya iqtisadiyyatının dirçəlməsi ilə əlaqədar təbii qazın, sıxılmış təbii qazın və kömürün tədarükündə yaranmış kəskin qıtlıq, enerji daşıyıcılarına sürətli tələbat artımına gətirib çıxarıb ki, bu da eyni zamanda enerji əldə edilməsi üçün kütləvi şəkildə neft məhsullarına keçidə səbəb olub. Avqust ayının məlumatları göstərir ki, neft yanacağına olan yüksək tələbat mövsümi deyil”.

BEA tərəfindən təqdim olunmuş analizdə sənayesi inkişaf etmiş ölkələrin energetika siyasətinə aid tövsiyələr yer alır. Həmin analizdə təbii qazın qıtlığının digər bazarlara və ümumən iqtisadiyyata necə neqativ təsir göstərəcəyi izah edilir. Qeyd olunur ki, yaşanan qaz böhranı indiki neft qıtlığını dərinləşdirə və həm də OPEK-in hasılatı tədricən bərpa etmə planını poza bilər. Belə bir böhran sənayenin və dünya ölkələrinin Ümumi Daxili Məhsulunun böyüməsini təhlükəyə atır, inflyasiya tempini artırır.

Qiymət artımı ilə əlaqədar təbii qazdan neftə keçid neft nəqlindəki qlobal qıtlığı dərinləşdirəcək. BEA özünün neft hasilatı ilə bağlı proqnozunda dəyişiklik aparıb. Həmin proqnoza görə, bu il tələbat gündəlik olaraq 5,5 milyon barrel artacaq. BEA-nın hesablamasına görə, enerji əldə olunması istiqamətində qazdan neftə keçid gələn rüb özünü daha kəskin şəkildə göstərəcək.

Bu məsələ ilə bağlı Agentlik bildirir: ”Təbii qazın qiymətinin kəskin yüksəlməsi bütün qlobal enerji zəncirini silkələyib. Enerji daşıyıcıları qiymətinin yüksəlişi inflyasiyanı gücləndirir. Elektrik enerjisindəki kəsintilər istehsal aktivliyini azalda bilər ki, bunun da nəticəsində iqtisadiyyatın dirçəlməsi ləngiyəcək”.

OPEK və onun müttəfiqləri gündəlik hasilatı əlavə 400 min barrel yüksəltmək planının tərəfdarıdırlar. İri neft istehlakçısı olan ölkələrin hasilatı daha çox artırmaq xahişlərinə baxmayaraq, OPEK və onun müttəfiqləri gündəlik hasilatın əlavə olaraq, hələlik 400 min barrel yüksəltmək planının üstündə durublar.

OPEK+ öz planından heç cür geri çəkilməmək əlamətlərini nümayiş etdirir. Moskvada keçirilən Rusiya enerji həftəsində çıxış edən Səudiyyə Ərəbistanı şahzadəsi və bu ölkənin energetika naziri olan Əbdül Əziz Bin Salman hasilatın tədricən və mərhələli artırılmasının tərəfdarı olduğunu bir daha vurğulayıb. Onun sözlərinə görə, energetikanın digər sahələrini əhatə etmiş böhran göstərir ki, OPEK+ ölkələri hasilatın tənzimlənməsi istiqamətində yaxşı işlər görüblər.

Amma buna baxmayaraq, ilin sonuna kimi neftin gündəlik qlobal hasilatı təxminən 2,7 milyon barrel artacaq, çünki OPEK+ məhdudiyyətləri götürməkdə davam edir, ABŞ-dakı hasilat isə “İda” qasırğasının vurduğu ziyandan sonra tədricən bərpa edilir.

Hətta bu əlavə həcm artırılmalarına baxmayaraq, BEA-nın hesablamalarına görə, bu il bazarlarda təxminən gündəlik 700 min barrel qıtlıq müşahidə ediləcək.

“Bloomberg” – (ABŞ)

Tərcümə: “AzPolitika.info”



Ana səhifəyə qayıt        Baxış: 3 277          Tarix: 18-10-2021, 14:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma