Xəbər lenti

Rəsmi rəqəmlərə görə, 2021-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-oktyabrına nisbətən 5.7 faiz yüksək olub.

Ötən ilin 1 noyabrı ilə müqayisədə isə bu il noyabrın 1-də inflyasiyanın səviyyəsi 10 faizdir. Ayrı-ayrı istiqamətlərdə qiymət artımlarının səviyyəsi fərqlənir. Məsələn, Azərbaycanda xərclərin yarıya yaxını olan qida xərclərində inflyasiya artıq ikirəqəmli həddədir. Statistika Komitəsinin açıqlamasına görə, son bir ildə Azərbaycanda qida məhsulları 13.4 faiz bahalaşıb. Bu hal diqqət çəkir, axı rəsmi açıqlamalarda ikirəqəmli inflyasiyanın qeyd edilməsinə bir o qədər də tez-tez rast gəlinmir.
Qida məhsulları arasında ayrı-ayrı məhsul qrupları üzrə inflyasiya da fərqlənir. Ölkədə ən çox bahalaşan qida məhsulları tərəvəzdir. Təkcə son bir ayda bu məhsullar 14.3 faiz bahalaşıb. Ay ərzində ən çox bahalaşan məhsullardan biri yumurtadır - 8 faiz. Nəzərə almaq lazımdır ki, pomidor, ağ kələm, göy lobya, xiyar, badımcan kimi məhsullar son bir ildə iki dəfəyə yaxın bahalaşıb. Qeyri-ərzaq məhsulları və əhaliyə göstərilmiş ödənişli xidmətlərin qiymətlərindəki artımsa 5 faiz civarındadır.

Hesablama Palatasının gələn ilin dövlət büdcəsi ilə bağlı rəyində ayrıca toxunulan məsələlərdən biri qiymət artımı səviyyəsinin yüksəlməsi haqqındadır. Palata öz rəyində qiymət artımlarını daha çox xarici amillərə bağlayır. Rəydə qeyd edilir ki, idxal olunmuş məhsulların yanvar-avqust ayları ərzində 21.7 faiz bahalaşması, o cümlədən dünya bazarlarında ərzaq məhsullarının il ərzində 32.8 faiz bahalaşması istehlak bazarında qiymət artımına təkan verib. Rəydə qiymət artımım səviyyəsinin yüksək olmasına təsir göstərən amillərdən biri də Tarif Şurasının ilboyunca mal və xidmət qiymətlərini artırması olub.

Hesablama Palatasının rəyində qeyd edilir ki, bu il ölkədə orta illik inflyasiya 3 faiz həddində proqnozlaşdırılsa da, müşahidə olunan meyllər nəzərə alınmaqla, dəqiqləşdirmələr zamanı inflyasiya gözləntisi iki dəfə artırılaraq 6 faizə qaldırılıb. "Cari ilin 9 ayında orta illik inflyasiyanın 5.2 faiz qeydə alınması faktı və tərəfimizdən aparılan hesablamalar orta illik inflyasiyanın 6 faiz ətrafında olacağını deməyə imkan verir", – deyə rəydə bildirilib.

İstehlak mallarının bahalaşması ilə bağlı Palatanın əsas narahatlığı ölkədə qeyri-neft məhsullarının ixracından əldə edilən gəlirlərin hələ də istehlak məhsullarının idxalına sərf edilən vəsaitdən az olmasındandır. Tədiyyə balansı barədə məlumatlara görə, 2021-ci ilin birinci yarısında ölkəyə 2 milyard 351 milyon dollar həcmində istehlak malları idxal edilib. Bu rəqəm ölkənin bütün idxalının yarısına bərabərdir. Həmin müddət ərzində Azərbaycanın qeyri-neft ixracından əldə etdiyi gəlir 20 faiz artıb. Hökumət rəsmiləri də tez-tez qeyri-neft ixracı səviyyəsinin yüksək olması ilə bağlı öyüngən açıqlamalar verir. Amma nəzərə almaq lazımdır ki, qeyd edilən müddət ərzində Azərbaycanın qeyri-neft ixracı 20 faiz artsa da, hələ də qeyri-neft məhsulları ixracından əldə edilən gəlir istehlak mallarının idxalına sərf edilən vəsaitdən 2.2 dəfə geri qalır.

Məhz bu amil istehlak bazarını xarici amillərə qarşı həssaslaşdırır və bazar üçün əsas risk amillərindən biri olaraq diqqət çəkir. (azadliq.org)



Ana səhifəyə qayıt        Baxış: 3 353          Tarix: 22-11-2021, 14:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma