Xəbər lenti


Anadolu Ajansı, Türkiyə
29.11.2021


Müəllif: Ruslan Rəhimov
Azərbaycan Prezidenti İlham Əliyev: “Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin önəmli hissəsinə çevriləcək”.
Azərbaycan Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Türkmənistanın paytaxtı Aşqabadda keçirilən XV Zirvə Toplantısında çıxış edib.

Ölkəsinin son 18 ildə əldə etdiyi iqtisadi nailiyyətlərdən söz açan Əliyev bildirib ki, miqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılıb. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşdığını vurğulayan dövlət başçısının sözlərinə görə, Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.

Bakının koronavirus pandemiyası ilə mübarizəsindən də danışan İlham Əliyev deyib ki, Azərbaycan əhalisinin 60%-dən çoxuna ikinci doza peyvənd vurulub. Onun sözlərinə görə, Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. “Bununla yanaşı, Bakı “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq”, - deyə Əliyev qeyd edib.
2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoymuş 44 günlük müharibənin Ermənistanın məğlubiyyəti ilə nəticələndiyini xatırladan prezident deyib ki, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin edib.

İ.Əliyev bildirib ki, işğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib: “Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıdıb və təhqir edib, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə edib. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılıb, digər iki məscidə isə ciddi zərər dəyib. Qəbiristanlıqlar da vandalizmə məruz qalıb. Ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılıb. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaq. Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir”.

“İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər”, - deyə İlham Əliyev vurğulayıb.

(Rus dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Anadolu Ajansı


Ana səhifəyə qayıt        Baxış: 3 864          Tarix: 29-11-2021, 14:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma