Xəbər lenti

“Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Dövlətimiz bütün beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edir. Təşkilatın Aşqabadda keçirilən növbəti zirvə görüşündə Prezidentimiz cənab İlham Əliyev təşkilata daxil olan ölkələrin əməkdaşlığının əhəmiyyətini vurğulayıb”.

“Report” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliliklə irəli sürdüyü ideyaların zamanı gəldikcə həyata vəsiqə qazanıb:

“Bu konteksdə tezliklə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda fəaliyyətə başlayacağı böyük önəm kəsb edir. Ulu öndər Heydər Əliyev 2002-ci ildə İstanbulda keçirilmiş İƏT üzv ölkələrinin dövlət və hökumət başçılarının 7-ci Zirvə Görüşündə İƏT-in Tədqiqat Mərkəzinin Bakıda yaradılması təklifi ilə çıxış edib, 2006-cı ildə İƏT-in Bakıda keçirilmiş 9-cu Zirvə Görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən təkrar olaraq irəli sürülüb, 2021-ci ilin mart ayında İƏT-in Türkiyənin sədrliyi ilə video-konfrans vasitəsilə keçirilmiş 14-cü Zirvə Görüşündə Mərkəzin nizamnaməsi imzalanıb. İƏT-in Tədqiqat Mərkəzinin əsas məqsədi iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün İƏT-ə və üzv ölkələrə yardım etməkdir”.
Millət vəkilinin sözlərinə görə, Soçi görüşündən sonra Prezident İlham Əliyevin İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan edib:

“Bu o deməkdir ki, tezliklə dəhlizin gerçəyə çevrilməsi istiqamətində əməlli addımlar atılacaq. Ermənistan buna əngəl olmaq imkanında deyil. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək, İƏT-ə üzv ölkələri də bu dəhlizdən böyük fayda götürəcək.

Məlumdur ki, Azərbaycan son illər faktiki olaraq Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunda yeni imkanlar yaradacaq.

Ərazilərin azad olunmasından dərhal sonra Azərbaycanın bu torpaqlarda genişmiqyaslı yenidənqurma işlərinə başlaması, yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salması, Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edilməsi kontekstində Azərbaycan Prezidenti İƏT-də də “qurucu lider” kimi tanınır. Təşkilatın üzvü olan ölkələrin rəhbərlərinin dövlətimizin başçısını qələbə münasibətilə təbrik etməsi bir daha cənab İlham Əliyevin yüksək beynəlxalq nüfuzundan xəbər verir”.

Fatma Yıldırım qeyd edib ki, suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında qalib ölkə olan Azərbaycanın məğlubiyyətin fəlakətli nəticələrə gətirib çıxardığı Ermənistanı sülh sazişi üzərində işə başlamağa dəvət etməsi, xüsusilə Soçi görüşündən sonra Ermənistanın bu çağırışa artıq müsbət reaksiyalarının müşahidə edilməsi region üçün yalnız faydalı olacaq:

“Artıq beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldən Aərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatları Azərbaycanın mövqelərinin ildən-ilə daha da gücləndirir. Eləcə də, genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqliminin yaradılması, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycanın 190 ölkə arasında 28-ci yerdə qərarlaşması və digər mühüm beynəlxalq statistik göstəricilər Azərbaycanın xarici sərmayələr üçün açıq və cəlbedici ölkə edib”.



Ana səhifəyə qayıt        Baxış: 2 848          Tarix: 28-11-2021, 23:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma