Xəbər lenti

Neft-qaz olmasaydı 2021-ci ilin 9 ayı üzrə Azərbaycanın xarici ticarətində 4.6 milyard dollar həcmində kəsir yaranardı. Bu, 2021-ci ilin 9 ayın yekunları üzrə Azərbaycanın tədiyə balansından məlum olub.

Xarici ticarət balansı
Balansda qeyd edilib ki, 2021-ci ilin 9 ayı üzrə xarici ticarət dövriyyəsi 21.4 milyard dollar təşkil edib, neft-qaz sektoru üzrə 11 milyard dollar həcmində profisit, qeyri-neft sektoru üzrə 4.6 milyard dollar həcmində kəsiri bağlanıb və nəticədə xarici ticarət balansında 6.4 milyard dollarlıq profisit yaranıb. Hesabat dövründə Azərbaycanın dünyanın 183 dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 14%-i MDB üzvü olan dövlətlərin, 86%-i isə digər xarici dövlətlərin payına düşür.

Əmtəə ixracı
Hesabat dövründə əmtəə ixracı 13.9 milyard dollar (42.3% artma) təşkil edib. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin ötən ilin müvafiq dövrünə nisbətə bahalaşması (49% və ya 1.5 dəfə) səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 43% artaraq 12.2 milyard dollar olub. İxrac olunmuş neft məhsullarının (9.6 milyard dollar) 8.9 milyard dollarını xam neftin, 627 milyon dolları isə neft emalı məhsullarının payına düşür. 2021-ci ilin 9 ayı üzrə qeyri-neft ixracı 38.1% artaraq 1.7 milyard dollar olub.

Əmtəə idxalı
2021-ci ilin 9 ayı üzrə əmtəə idxalı ötən ilin müvafiq dövrünə nisbətən 0.9% artaraq 7.5 milyard dollar təşkil edib, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 3.6 milyard dollar olub. Bunun da 1.2 milyard dolları ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 3.2% artaraq 6.2 milyard dollara çatıb.

Qeyri-neft idxalının strukturunda gəmilər, qayıqlar və üzən konstruksiyaların (1.9 dəfə), əczaçılıq məhsullarının (1.5 dəfə), ətir və kosmetik vasitələrinin (44%), minik avtomobillərinin (40%), dəmiryol nəqliyyat vasitələrinin (39.4%), şəkərin (36.6%), mebel məhsullarının (25.6%), alkoqollu və alkoqolsuz içkilərinin (21%), daş və şüşə məmulatlarının (20%), ağac məmulatlarının (16.3%), tütün və tütün məhsullarının (12%), tərəvəz məhsullarının (10.4%), kağız məmulatlarının (7%) və palma yağının (4.5%) idxalı artıb, uçuş aparatlarının (11.4 dəfə), dənli bitkilərin (13.5%), metalların (11.4%), sabun və yuyucu vasitələrinin (8%) və kərə yağının (6.7%) idxalı isə azalıb. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 8.4% təşkil edərək 0.6 milyard dollar olub. (Marja)


Ana səhifəyə qayıt        Baxış: 2 921          Tarix: 9-12-2021, 22:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma