Xəbər lenti

“Azərbaycan qazını Avropaya Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə nəql edən TAP Konsorsiumunda (TAP AG) təmsil olunan ölkələrin hər biri NATO üzvüdür”.

Bunu “Report”a açıqlamasında TAP AG-nin Direktorlar Şurasının üzvü Murad Heydərov Azərbaycan Prezidenti İlham Əliyevin Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclasında çıxışı zamanı Alyansın 4 ölkəsinin, o cümlədən Türkiyənin Azərbaycandan qaz idxal etdiyini və gələcəkdə bu coğrafiyanın genişləndirilməsi imkanlarının olduğu ilə bağlı çıxışına münasibət bildirərkən söyləyib.

Onun sözlərinə görə, bu gün Türkiyə, İtaliya, Bolqarıstan, Yunanıstan və Albaniya NATO Alyansının üzvləridir.

M. Heydərov bildirib ki, Azərbaycan qazını Cənub-Şərqi Avropada bir neçə ölkəyə nəqlini nəzərdə tutan İon-Adriatik Boru Kəmərinin (IAP) də iştirakçı ölkələrin əksəriyyəti NATO üzvləridir: “Monteneqro və Albaniya Avropa İtiifaqının üzvləri olmasalar da, bu ölkələr NATO üzvləridir. Üstəlik, Xorvatiya və Şimali Makedoniyanı da bura əlavə etmək lazımdır. Əgər biz deyiriksə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi Qərbi Balkanlara çıxış əldə edəcəksə, bu ölkələrin də çoxu NATO Alyansının üzvləridir. Deməli, cənab Prezident, Azərbaycan Alyansın 4 ölkəsinin, o cümlədən Türkiyənin Azərbaycandan qaz idxal etdiyini və gələcəkdə bu coğrafiyanın genişləndirilməsi imkanlarının olduğunu diqqətə çatdırıb”.

Prezident İlham Əliyev dekabrın 14-də İspaniyanın “El Pais" qəzetinə müsahibəsində qeyd edib ki,Trans-Adriatik Qaz Boru Kəməri 2020-ci il dekabrın 31-də istismara verildi və həmin vaxtdan bizim Avropaya ixracımız başladı: "Bundan əvvəl bizim ixrac bazarımız əsasən Türkiyə və Gürcüstan idi. Beləliklə, bizim qazımızı yeni alan ən böyük istehlakçı İtaliyadır, sonra isə Yunanıstan və Bolqarıstandır. Burada coğrafiyanı genişləndirmək üçün potensial mövcuddur. Bu il artıq biz Avropa İttifaqına 7 milyard kubmetrdən çox təbii qaz ixrac etmişik. Gələn il biz 9 milyard kubmetr, 2023-cü ildə isə 11 milyard kubmetr qaz ixrac etməyi planlaşdırırıq. Bu rəqəm arta da bilər, ancaq bilirsiniz ki, qaz bazarı neft bazarından fərqlidir. Burada müqavilələr əvvəlcədən bağlanmalıdır. Hazırda ixrac etdiyimiz qaz həcmlərinə dair müqavilələr boru kəmərinin istifadəyə verilməsindən öncə bağlanıb. Qaz sahəsində biznes bu şəkildə aparılır. Beləliklə, hasilatı artırmaq və ya Avropa İttifaqının yeni üzvləri ilə əməkdaşlığı planlaşdırmaq üçün praktiki səviyyədə danışıqlar aparılmalı, həmin bazarın potensialı və Avropada qaz infrastrukturu sistemlərinin bağlılığı qiymətləndirilməlidir".

Xatırladaq ki, TAP Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

TAP-ın səhmdarları SOCAR (20 %), BP (20 %), “Snam” (20 %), “Fluxys” (19 %), “Enagás” (16 %) və “Axpo” (5 %) şirkətləridir.

Qeyd edək ki, IAP Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilmək üçün nəzərdə tutulub. IAP Xorvatiya ərazisində 249 km, Monteneqroda 95 km, Albaniyada 167 km, Bosniya və Herseqovinada isə 22 km boyunca uzanacaq. Boru kəmərinin ötürücülük gücünün illik 5 mlrd. kubmetr olması nəzərdə tutulur. Beləliklə, 530 km uzunluğunda olacaq boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçəcək və Xorvatiyada başa çatacaq. İlkin məlumatlara görə, layihə 610 milyon avro qiymətləndirilir.

2016-cı ilin avqust ayında SOCAR, Xorvatiya, Albaniya, Bosniya və Herseqovina və Monteneqro arasında IAP-ın inşasına dair Anlaşma Memorandumu imzalanıb.



Ana səhifəyə qayıt        Baxış: 2 687          Tarix: 16-12-2021, 18:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma