Xəbər lenti

 

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitarovic İon-Adriatik qaz boru kəmərinin (IAP) Trans-Adriatik Boru Kəməri (TAP) ilə birləşməsini Xorvatiya və Albaniya üçün strateji əhəmiyyətli həll adlandırıb.

"Report" Albaniya KİV-inə istinadən xəbər verir ki, bu barədə K.Qrabar-Kitaroviç Albaniya Prezidenti İlir Meta ilə görüşdə bildirib.

"İon-Adriatik qaz boru kəməri və onun TAP ilə birləşməsi Xorvatiya və Albaniya üçün strateji əhəmiyyətli layihədir", - K.Qrabar-Kitaroviç deyib.

Qeyd edək ki, IAP Azərbaycan qazının Avropaya nəqli üçün inşa olunan Trans-Adriatik Boru Kəmərinə (TAP) birləşdirilmək üçün nəzərdə tutulub. IAP Xorvatiya ərazisində 249 km, Monteneqroda 95 km, Albaniyada 167 km, Bosniya və Herseqovinada isə 22 km boyunca uzanacaq. Boru kəmərinin ötürücülük gücünün illik 5 mlrd. kubmetr olması nəzərdə tutulur. Beləliklə, 530 km uzunluğunda olacaq boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçəcək və Xorvatiyada başa çatacaq. İlkin məlumatlara görə, layihə 610 milyon avro qiymətləndirilir.

2016-cı ilin avqust ayında SOCAR, Xorvatiya, Albaniya, Bosniya və Herseqovina və Monteneqro arasında IAP-ın inşasına dair Anlaşma Memorandumu imzalanıb.

Cənub Qaz Dəhlizinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri ilə ilkin mərhələdə ilə hər il "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan 10 milyard kubmetr qazın Avropaya nəql olunacağı nəzərdə tutulur. Yunanıstanla Türkiyə sərhədindəki Kipoy kəndi yaxınlığında Trans-Anadolu Boru Kəmərinə (TANAP) qoşulacaq TAP Yunanıstan, Albaniya ərazisindən keçərək Adriatik dənizinin dibi ilə İtaliyanın cənubunadək uzanacaq.

2013-cü il iyunun 28-də "Şahdəniz" konsorsiumu tərəfindən rəsmi olaraq seçildiyi açıqlanan TAP kəmərinin uzunluğu 878 kilometrdir. Bunun 550 kilometri Yunanıstan, 215 kilometri Albaniya ərazisinin, 105 kilometri Adriatik dənizi dibinin, 8 kilometri İtaliya ərazisinin payına düşür. Marşrutun Albaniya ərazisində yerləşən ən hündür nöqtəsi 1800 metr yüksəklikdə, dəniz dibindəki ən alçaq nöqtəsi 820 metr dəniz səviyyəsindən aşağıdır.

Təməlatma mərasimi 17 may 2016-cı il tarixində Yunanıstanın Saloniki şəhərində keçirilən TAP vasitəsilə Avropaya Azərbaycandan ilk qazın 2020-ci ilin əvvəllərində nəql ediləcəyi gözlənilir.

TAP vasitəsilə Bolqarıstanın qaz ehtiyaclarının 33 faizi, Yunanıstanın 20 faizi, İtaliyanın 10,5 faizinə qədəri ödəniləcək.




Ana səhifəyə qayıt        Baxış: 440          Tarix: 31-10-2019, 12:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma