Xəbər lenti

"Avropanın Azərbaycan qazının təchizatına çıxış əldə etməsi mühüm əhəmiyyət daşıyırdı".

Bunu “Report”a verdiyi müsahibədə BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

Onun sözlərinə görə, hazırda "Şahdəniz" yatağı Avropaya tədarük olunan Azərbaycan qazının başlıca mənbəyidir.

“Bildiyimiz kimi, Avropa İttifaqının nisbətən az qaz ehtiyatı var. Faktiki olaraq, təkcə Azərbaycanda olan qaz ehtiyatları Avropanın ümumi qaz ehtiyatlarının 75 %-dən çoxuna bərabərdir. Buna görə də, Avropanın Azərbaycan qazının təchizatına çıxış əldə etməsi mühüm əhəmiyyət daşıyırdı və bu gün "Şahdəniz" həmin təchizat həcmlərinin əsas mənbələrindən biridir. Bu da Azərbaycanı Avropa İttifaqının enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verən etibarlı enerji tərəfdaşına çevirir”, – deyə B. Aslanbəyli qeyd edib.

“Bu layihə təkcə ölkə və region üçün əhəmiyyətli deyil. Onun böyük qlobal əhəmiyyəti var. Prezident İlham Əliyev bir dəfə Cənub Qaz Dəhlizi haqqında dedi ki, o, Avropanın enerji xəritəsini dəyişəcək, Azərbaycan və region ölkələri üçün əlavə imkanlar açacaq. Bu sözlər eynilə bütün "Şahdəniz" layihəsinə aid edilə bilər - "Şahdəniz" bir çox ölkənin, xüsusən də regional enerji mərkəzi kimi Türkiyənin və Avropa İttifaqının bəzi ölkələrinin enerji qovşağına çevrilməsində mühüm rol oynayıb”, – deyə BP şirkətinin nümayəndəsi vurğulayıb.

Qeyd edək ki, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyır. 878 km-lik boru kəməri Türkiyə-Yunanıstan sərhədində, Kipoidə Trans-Anadolu Boru Kəmərinə birləşir, Yunanıstan, Albaniya və Adriatik dənizindən keçərək İtaliyanın cənub sahillərinə çatır.

31 dekabr 2020-ci il tarixindən etibarən Avropaya tǝbii qaz axınının başladığı layihədə ilk gün TAP vasitǝsi ilǝ Avropaya 10,9 milyon kubmetr tǝbii qaz nəql edilib.

TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Cənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Misal üçün Bolqarıstan təbii qaza tələbatının 33 %-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da, öz növbəsində, ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır.

Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

Xatırladaq ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Layihədə BP (operator – 28,8 %), AzSD (10 %), "SGC Upstream" (6,7 %), "LUKoil" (10 %), "Petronas" (15,5 %), NICO (10 %) və TPAO (19 %) şirkətləri iştirak edir.



Ana səhifəyə qayıt        Baxış: 3 182          Tarix: 21-12-2021, 16:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma