Xəbər lenti
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
“Azərbaycan və Türkmənistan arasında "Dostluq" dəniz yatağının (əvvəllər Azərbaycanda "Kəpəz" və Türkmənistanda isə "Sərdar" adlandırılırdı) birgə kəşfinə dair Anlaşma Memorandumu Xəzər dənizinin enerji xəritəsində müsbət dəyişikliklərə səbəb olacaq”.
Ovqat.com xəbər verir ki, Avropanın tanınmış nəşrlərindən olan “Modern Diplomacy” saytı “Azərbaycan Xəzər dənizinin enerji xəritəsini necə dəyişdirdi?” sərlövhəli təhlilində bu iddia ilə çıxış edib.
Məqalə müəllifi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) mütəxəssisi Şahmar Hacıyevin qələmə aldığı məqaləni təqdim edirik:
Şahmar Hacıyev,
BMTM
Sovet İttifaqının dağılmasından sonra xam neft və təbii qaz Xəzər regionunun geosiyasətində mühüm rol oynamağa başladı. Karbohidrogenlərdən əldə edilən gəlirlər Xəzər hövzəsinin Azərbaycan, Qazaxıstan və Türkmənistan kimi ölkələri üçün iqtisadi artımın mühüm mənbəyinə çevrildi. Müstəqillik əldə etdikdən az sonra 1990-cı illərin əvvəllərində Xəzəryanı dövlətlər öz milli mənafelərini müdafiə etmək üçün özünəməxsus enerji siyasəti aparırdılar. BP-nin dünya energetikasının 2020-ci il üzrə statistik icmalına əsasən, Xəzəryanı dövlətlərin ümumi təsdiq edilmiş enerji ehtiyatları: Qazaxıstan-30,00 milyard barrel neft və 2,7 trilyon kubmetr qaz, Azərbaycan-7,00 milyard barrel neft və 2,8 trilyon kubmetr qaz, Türkmənistan-0,6 milyard barrel neft və 19,5 trilyon kubmetr qaz təşkil edir.
Belə zəngin hidrokodon ehtiyatları Xəzəryanı dövlətlərə dünya enerji bazarlarına əhəmiyyətli töhfələr verməyə zəmin hazırlamışdır. Bu gün Xəzəryanı dövlətlər neft və təbii qazı müxtəlif enerji bazarlarına çıxarır və onlar ixrac həcmlərinin artırılmasında və nəql marşrutlarının şaxələndirilməsində maraqlıdırlar. Enerji daşıyıcılarını əsasən, Çinə və Rusiyaya tədarük edən Türkmənistan və Qazaxıstanla müqayisədə Azərbaycan bu təbii sərvətlərin Avropaya və transatlantik məkana ixracı üçün əsas yaradıb. Çünki Xəzər dənizinin dənizə çıxışı yoxdur, onun karbohidrogen ehtiyatları dünyanın əsas enerji istehlakçılarından uzaq məsafədə yerləşir, enerji infrastrukturunun yaradılması neft və qazın ixracı üçün çox vacib idi.
Bu məqsədlə Azərbaycan ilk Xəzər neftinin və təbii qazın çatdırılması üçün mərhələ yaratmış, Bakı-Tbilisi-Ceyhan (BTC) və Cənub Qaz Dəhlizi (CQD) kimi meqa enerji layihələri həyata keçirmişdir. İndi demək olar ki, hər iki layihə Azərbaycanın apardığı uğurlu enerji siyasətinin nəticəsidir. COVİD-19 resessiyasına baxmayaraq, Azərbaycan neftinin dünya enerji bazarlarına nəqli davam edib. Ümumilikdə, BTC kəməri ilə əsasən, Azərbaycandan Azəri-Çıraq-Günəşli (AÇG) xam nefti və "Şahdəniz" kondensatı nəql edilir. Bundan başqa, BTC ilə Türkmənistan, Rusiya və Qazaxıstandan da xam neft və kondensatın digər həcmləri nəql edilməkdədir. Məlum olduğu kimi, BTC boru kəməri Xəzərin neft ehtiyatlarını Qərb enerji bazarları ilə birbaşa birləşdirir. BTC boru kəməri, 2020-ci ildə Ceyhan terminalında 278 tankerə yüklənmiş 27,8 milyon tondan çox xam neft ixrac edib. Azərbaycan neftinin əsas alıcıları Avropa və Asiya ölkələri, iki əsas idxalçısı isə İtaliya (26,2%) və Çindir (14%).
Cənub Qaz Dəhlizinin tikintisinin uğurla başa çatması da Azərbaycanın Xəzər regionunda mövqeyini möhkəmləndirdi. Avropanın enerji bazarlarına ilk Xəzər təbii qazı SQD-nin Avropa seqmenti olan Trans Adriatik Boru Kəməri (TAP) ilə 2020-ci ilin dekabrında tədarük edildi. TAP AG konsorsiumunun məlumatına görə, ümumilikdə Azərbaycandan bir milyard kubmetr təbii qaz hazırda Yunanıstanın Kipai birləşdirici şəbəkəsi vasitəsilə Avropaya daxil olub. TAP layihəsi Avropada mənbələrin və təchizat marşrutlarının şaxələndirilməsinə əhəmiyyətli töhfə verir.
Xəzər regionuna təsir göstərən daha bir tarixi hadisə Türkmənistanla Azərbaycanın yaxınlaşması oldu. Azərbaycan və Türkmənistan arasında "Dostluq" dəniz yatağının (əvvəllər Azərbaycanda "Kəpəz" və Türkmənistanda isə "Sərdar" adlandırılırdı) birgə kəşfinə dair Anlaşma Memorandumu Xəzər dənizinin enerji xəritəsində müsbət dəyişikliklərə səbəb olacaq mühüm hadisəyə çevrildi.
Artıq Türkmənistan Məclisi və Azərbaycan parlamenti "Dostluq"yatağında karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunu ratifikasiya ediblər. Qeyd etmək lazımdır ki, bu sənəd iki Xəzəryanı dövlətin enerji sahəsində əməkdaşlıq barədə ilk razılıq memorandumudur və Türkmənistandan Azərbaycana Transxəzər boru kəmərinin (Trans-Caspian Pipeline – TCP) gələcəyi üçün pəncərə açır. Bu cür əməkdaşlıqlar və Türkmənistan neftinin və qazının Azərbaycanın mövcud enerji infrastrukturu vasitəsilə tranzitinin gələcəyi transregional əlaqələrdə mühüm dönüş nöqtəsi olacaq.
Xəzər və Mərkəzi Asiya təbii qazının Avropa enerji bazarlarına nəqli həmişə cəlbedici olmuşdur. Bu səbəbdən, Transxəzər Boru Kəməri ABŞ və Aİ üçün də strateji enerji layihəsidir. Xəzər Konvensiyası imzalandıqdan sonra Aİ rəsmiləri Türkmənistanla TCP layihəsi ilə bağlı danışıqları bərpa ediblər. Türkmənistan Prezidentinin neft-qaz məsələləri üzrə müşavirinin rəhbərlik etdiyi nümayəndə heyətinin 2019-cu ilin may ayında Avropaya səfəri Türkmənistan-Avropa İttifaqı arasında texniki məsləhətləşmələrin keçirilməsi məqsədi daşıyırdı. Türkmənistan nümayəndə heyəti səfər çərçivəsində Avropa Komissiyasının enerji üzrə Baş İdarəsinin, "Britiş Petroleum", "Şell" və "Total" şirkətlərinin təmsilçiləri ilə görüşmüşdür. TCP Aİ üçün qaz mənbələrinin və marşrutlarının şaxələndirilməsini dəstəkləyən layihədir, Aİ-yə Türkmənistan və Azərbaycandan Gürcüstan və Türkiyə vasitəsilə qaz nəqlini nəzərdə tutur. Odur ki, "Transxəzər Qaz Kəməri" (TCP), "Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi Perspektivi" (“South-Caucasus Pipeline Future Expansion” (SCPFX)) olaraq tanınan kombinasiyasının tərkib hissəsi kimi Aİ üçün də "ümumi maraq doğuran layihə"yə çevrildi.
Şübhəsiz ki, Azərbaycan regionda əsas enerji oyunçusudur. Ölkənin meqa enerji layihələri Xəzər neftinin və qazının dünya enerji bazarlarına çıxarılmasında mühüm rol oynayır. Lakin İkinci Qarabağ müharibəsi regionda sülhün və təhlükəsizliyin vacibliyini ortaya qoydu. BTC boru kəməri və birbaşa Xəzər enerjisini Qərb enerji bazarları ilə əlaqələndirən Cənub Qaz Dəhlizi Ermənistanın davamlı təhdidi altında idi. Prezidentin xarici siyasət məsələləri üzrə müşaviri Hikmət Hacıyevin də dediyi kimi,"Ermənistan Yevlax rayonundan keçən BTC boru kəmərinə kaset raketi atmışdı". Xoşbəxtlikdən, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan öz strateji infrastrukturunu müdafiə etdi və heç bir enerji kəsintisi yaşanmadı. Lakin kritik enerji infrastrukturuna edilən hücumlar göstərir ki, regionda qeyri-sabitlik vəziyyətin davamı təkcə Azərbaycanın deyil, bir çox dövlətlərin maraqlarına ziyan vuracaq.
Nəticə etibarilə, Azərbaycan Xəzər dənizinin enerji xəritəsini dəyişdirərək, meqa-enerji layihələrini başa çatdırıb, regionunda enerji əməkdaşlığı üçün zəmin yaradıb. Azərbaycanın İkinci Qarabağ müharibəsində qalib gəlməsindən sonra ölkə tam regional iqtisadi inteqrasiyanı dəstəkləyir, bütün nəqliyyat və kommunikasiya əlaqələrini açır. İndi Xəzər regionunun əhəmiyyəti daha da artıb və Azərbaycan Türkmənistandan və Aralıq dənizindən CQD vasitəsilə təbii qaz nəqli ideyasını dəstəkləyir. Belə əməkdaşlıqlar CQD-nin geostrateji əhəmiyyətini, eləcə də Azərbaycanın tranzit ölkə kimi rolunu daha da artıracaqdır.
Tərcümə etdi: Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar