Xəbər lenti
Bu gün, 11:23
Bu gün, 10:54
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
Ötən ilin dekabr ayında dünyanın əksər ölkələrində rekord inflyasiya göstəriciləri qeydə alındı. Cari ildə də inflyasiya dalğaları, qiymət artımları və bahalaşmalar davam etməkdədir. Pandemiyadan sonra inflyasiya sözün əsl mənasında qlobal problemə çevrilib. Azərbaycanda da bu sarıdan vəziyyət digər ölkələrdəki kimi, hətta bəzi pozisiyalar üzrə daha narahatedicidir. Amma nəzərə almaq lazımdır ki, iqtisadiyyatı güclü olan Qərb dövlətləri, ABŞ və s. kimi ölkələr də inflyasiyanın təsirlərindən qoruna bilmirlər.
Ekspertlər problemin səbəbini koronavirus pandemiyası dövründə tətbiq olunan karantinlərlə əlaqələndirirlər. Eyni zamanda qeyd olunur ki, koronavirus uzun müddət davam edərsə, “Omicron” ştamı yenidən qapanmalara səbəb olarsa, inflyasiya göstəriciləri bir qədər də artacaq.
Bu ilin yanvar ayında bəzi ölkələr əvvəlki aylarda qeydə alınan inflyasiya rəqəmlərini ictimaiyyətə açıqladılar. Yanvarın 11-də ABŞ-ın açıqladığı rəqəmlər son 40 ilin ən yüksək inflyasiya göstəricisi kimi qeydə alındı. Amerikada ötən ilin dekabr ayında 1982-ci ildən bu yana ilk dəfə 7 faizlik inflyasiyanın olduğu bildirilir. Almaniya Federal Statistika Komitəsinin 1 həftə öncə açıqladığı məlumat da bu ölkədə 2021-ci ilin dekabr ayında son 30 ilin ən yüksək inflyasiyasının yaşandığını göstərir. Almaniyada ərzaq qiymətləri 2020-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz artıb, illik ortalama inflyasiya göstəricsi 3,1 faiz olub.
Türkiyə də inflyasiyadan əziyyət çəkən ölkələrin önündə gəlir. Son açıqlanan rəqəmlərin 19 ilin ən yüksək inflyasiya göstəricisi olduğu bildirilir. Ölkədə istehlak inflyasiyası illik 36,08 faiz, orta aylıq inflyasiya isə 13,88 faiz olub.
Rusiyanın ötən ilin noyabr ayında açıqladığı statistikaya əsasən, ölkədə son 5 ildə ən yüksək inflyasiya qeydə alınıb. Ötən il Rusiyada illik inflyasiya 8,13 faiz olub. 2021-ci ilin ilk 10 ayı ərzində ərzaq qiymətləri 10,9 faiz bahalaşıb.
Qonşu Gürcüstanda 2021-ci ildə inflyasiya 13,9 faiz, Ermənistanda isə 9.6 faiz təşkil edib.
Avropada ən yüksək inflyasiya göstəricisi Estoniyada qeydə alınıb. Yanvarın 8-də verilən məlumatda dekabr ayında inflyasiyanın 12 faiz olduğu bildirilir. Həmin ilin dekabr ayında inflyasiya göstəriciləri Litvada 10,7, Latviyada 7.7, Belçikada 6,5 ,Hollandiyada 6.4, Fransada 3.4 faiz təşkil edib.
Pandemiyadan sonra Azərbaycanda da inflyasiya artan templə davam etməkdədir. Qeyd etdiyimiz kimi, bu, qlobal problemdir və xarici bazardan asılılığın yüksək olması isə ölkədəki böhranı bir qədər də dərinləşdirir. Son bir-iki ildə mağazalarda qiyməti artmayan məhsul tapmaq mümkün deyil. Demək olar ki, ildə 3-4 dəfə məhsulların qiymətində bahalaşma müşahidə olunur. Cari ildə də anoloji vəziyyət davam etməkdədir. İlin ilk günlərindən un və çörəyin qiymətinin artması, ərzaq məhsullarının yenidən bahalaşması insanların yaşam standartlarını bir qədər də aşağı salıb.
2021-ci ilin noyabr ayında Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, ölkədə istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz artıb. Ərzaq məhsulları, içkilər, tütün məmulatları 14,9 faiz bahalaşıb. Qida məhsullarının qiyməti isə təkcə noyabr ayında 15,2 faiz artıb. 2021-ci ildə orta inflyasiya göstəricsi 6,2 faiz olub.
İqtisadçı-ekspert Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, 2021-ci ildən dünyada ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində artım müşahidə olunur: “Bunun əsas səbəbi pandemiya dövründə tətbiq edilən karantinlərdir. Qlobal miqyasda qapanmaların olması iqtisadiyyatın dəyər zəncirində problemlər yaradıb. Dünya ticarətinin 80 faizini özündə birləşdirən okean daşımaçılığı 5 dəfə bahalaşıb. Tələbin aşağı düşməsi ilə şirkətlərin işində qeyri-müəyyənlik yaranıb. Nəticədə təchizat zəncirində də problemlər ortaya çıxıb. Birdən-birə iqtisadiyyatın normallaşması tələbin artmasına, bu da öz növbəsində qiymətlərin bahalaşmasına səbəb olub. Sonra dünya bankları iqtisadi aktivliyi qorumaq üçün ucuz pul vahidləri istehsal etməyə başladılar ki, nəticədə pulun da dəyəri düşdü və inflyasiya artımları baş verdi. Avropa Mərkəzi Bankı və Amerika Mərkəzi Bankı iqtisadiyyatda pul dövriyyəsini artırdılar ki, iqtisadi aktivlik tələb tərəfindən dəstəklənsin. Yəni insanlarda pul olsun ki, alış-veriş edə bilsinlər”.
X.Kərimli xatırladır ki, 2020-ci ilin aprel-may aylarında enerji qiymətləri həddindən artıq aşağı düşüb: “Məsələn, Rusiya və Qazaxıstan daxili təlabatı qorumaq üçün ixrac vergisi rüsumunu artıraraq, müəyyən məhdudiyyətlər tətbiq etməyə başladılar. Bütün bu proselər inflyasiyanın artmasına səbəb oldu. Hazırda Azərbaycanda da inflyasiya baş verir. Təkcə ərzaq qiymətlərində inflyasiya göstəricisi 15 faizdən yuxarıdır. Təəssüf ki, bunun qarşısını almaq mümkün deyil”.
Ekspert qeyd edib ki, qlobal miqyasda qiymət artımının dayanması 2022-ci ilin ikinci yarısında baş verə bilər: “Əslində qiymət artımı birdən-birə baş verən proses deyil. Yeni məhsullar gəldikcə, köhnə anbar məhsulları yenisi ilə əvəz olunduqca qiymətlər artmağa başlayır. Hazırkı qiymət artımı ilin birinci yarısında da davam edəcək. İlin ikinci yarısından etibarən isə dayanacaq. Ötən illə müqayisədə 2022-ci ildə inflyasiyanın daha aşağı olması gözlənilir. Azərbaycandakı qiymət artımlarının səbəbi idxal vasitəsi ilə dünyadan gələn inflyasiyadır. Ona görə ölkədə qiymət artımlarının olması qaçılmazdır. Düşünürəm ki, bundan sonra Dünya Bankı pul siyasətini sərtləşdirərək, faiz dərəcələrini artıraraq inflyasiyayla mübarizə aparmağa çalışacaq”.
Elvin Bəyməmmədli
“AzPolitika.info”
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar