Xəbər lenti
Dünən, 21:43
Dünən, 19:31
Dünən, 14:55
Dünən, 13:38
Dünən, 12:14
Dünən, 10:18
22-11-2024, 23:59
22-11-2024, 21:40
22-11-2024, 18:46
22-11-2024, 14:24
22-11-2024, 11:23
22-11-2024, 10:54
22-11-2024, 09:27
Son 2 ildə dünya iqtisadiyyatı ciddi sınaqlardan keçdi: koronavirus pandemiyası, bütün dünyada məhsul istehsalı və tədarükü ilə bağlı problemlər, istehlakçı tələbinin azalması və daha sonra artması, həmçinin yüksək inflyasiya.
2020-2021-ci illərin bütün problemlərini həll etmək mümkün olmasa da, onlar 2022-ci ilin tendensiyalarının formalaşdırmasının əsasını qoydu.
Qlobal bərpa templərinin azalması
Dünya iqtisadiyyatı bərpa olunmaqda davam edir, lakin 2022-ci ildə templər azala bilər. Bu, həm koronavirusun yeni ştamının (“Omikron”) yayılması, həm də müxtəlif ölkələrdə büdcə-maliyyə dəstəyi proqramlarının həyata keçirilməsi və artan inflyasiya ilə bağlıdır.
Dünya Bankının məlumatlarına görə, 2020-ci ildə 3,4 %-lik azalmadan sonra 2021-ci ilin yekunlarına görə dünya iqtisadiyyatı 5,5 %-lik artım nümayiş etidirib. 2022-ci ildə artım tempinin 4,1 %, 2023-cü ildə isə 3,2 %-dək azalması gözlənilir.
Bankın analitikləri iqtisadiyyatların artım templərinin pandemiyadan əvvəlki orta vəziyyətə gələcəyini gözləyirlər. Bəzi ölkələrdə bu, əvvəlkindən daha yüksək, bəzi ölkələrdə isə daha aşağı olacaq. Azərbaycana gəlincə, artım templəri orta onillik göstəriciləri üstələyərək, 2022-ci il üçün 3,1 %, 2023-cü il üçün 2,7 % təşkil edəcəyi gözlənilir.
2021-ci ildə Azərbaycan yaxşı göstəricilər nümayiş etdirdi. İlin yekunlarına görə artım 5,6 %, qeyri-neft iqtisadiyyatında artım 7,2 %, qeyri-neft sənayesində artım 18,9 % təşkil etdi. Xarici ticarət dövriyyəsi üzrə məlumatlar hələ məlum olmasa da, yanvar-noyabr aylarının göstəriləri ticarətin, o cümlədən ixracın əhəmiyyətli dərəcədə artdığını düşünməyə əsas verir. Təkcə qeyri-neft ixracı 2,4 milyard ABŞ dolları təşkil edib ki, bu da tarixi rekorddur.
Lakin heç də bütün sektorlar tam özünə gələ bilməyib. Məsələn, turizm hələki pandemiyadan əvvəlki vəziyyətə qayıda bilməyib. Sənayedə ümumi artıma baxmayaraq, bəzi istehsal və emal sahələri hələ də aşağı səviyyədə qalmaqda davam edir. Logistika və nəqliyyat bazarında da azalma müşahidə olunur. Lakin 2022-ci ildə qlobal satış zənciri ilə bağlı problemlər tam həll olunmasa da, ən azı minimuma enəcək. Koronavirusun yayılması ilə bağlı fəaliyyətin dayandırılması fonunda yüklənmiş ABŞ, Avropa və Asiya ölkələrinin limanları tədricən normal iş rejiminə qayıdır.
İxracyönümlü Asiya ölkələri olan Tailand, Vyetnam, Malaziya və digər ölkələrdə əhalinin böyük hissəsi artıq peyvənd olunub, bu isə zavodlarda işin növbəti dəfə dayanması ehtimalını azaldır.
İqtisadiyyatın rəqəmsallaşdırılması və texnologiyaların inkişafı
Ötən il ən çox müzakirə olunan mövzulardan olan rəqəmsal valyuta 2022-ci ildə yeni səviyyəyə çıxacaq. Bu il Çin Milli Bankı “rəqəmsal yuan” üçün elektron pul kisəsini istifadəyə verib. Yerli IT-nəhənglər onun istifadə dairəsinin genişləndirilməsinə kömək edəcək, qlobal banklararası informasiya ötürülməsi sistemi ilə son birgə təşəbbüs və SWIFT ödəmələrinin həyata keçirilməsi “rəqəmsal yuan”ın transmilli valyutaya çevriləcəyini düşünməyə əsas verir.
Kanadada, Türkiyədə, İsveçdə, Rusiyada və bir çox digər ölkələrdə analoji tədqiqatlar aparılır. Çin kimi bəzi ölkələr artıq rəqəmsal valyutadan istifadəyə başlayıb, Rusiya isə bu il ilk sınaqlara başlayacaq.
Azərbaycan da bu trendə qoşulub. Ötən ilin ortalarında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov rəqəmsal manatın tətbiqi ilə bağlı araşdırmanın aparıldığını və bunun mütəmadi olaraq Türkiyə Mərkəzi Bankı ilə müzakirə olunduğunu bildirmişdi. O, rəqəmsal valyutanın rəqəmsal iqtisadiyyatın ciddi bir hissəsini təşkil edəcəyini qeyd etmişdi.
Başqa sözlə, Azərbaycanda bu tendensiya ciddi əks-səda doğurub. Dəqiq tarix hələ məlum olmasa da, artıq bu il AMB-nin apardığı araşdırmanın yeni təfərrüatları barədə yeni xəbərlər eşidə bilərik.Rəqəmsal valyuta bütün dünyada müşahidə olunan onlayna keçid prosesinin yalnız bir hissəsidir.
COVID-19 pandemiyası blokçeyn kimi qabaqcıl texnologiyaların dövlət qurumları və özəl şirkətlər üçün nə dərəcədə əhəmiyyətli olduğunu göstərdi. Hələ 2020-ci ildə koronavirus bütün dünyada yayılmağa başladığı və dövlət orqanlarnın (xəstəxanaların, məktəblərin və s.) fəaliyyətində problemlər yaratdığı bir zamanda, Estoniyada hökumət qurumların fasiləsiz fəaliyyətini operativ şəkildə təşkil etməyə nail olmuşdu. Onlayn rejimdə girişə malik onlayn-dərslər, rəqəmsal tədris materialları və böyük spektrli dövlət xidmətləri hələ pandemiyadan öncə Estoniyada mövcud idi. Artıq onlayn rejimə keçmiş bəzi dövlət xidmətləri əvvəlki qaydada göstərilirdi. Digər xidmətlər də qısa müddət ərzində yeni vəziyyətə uyğunlaşa bildi, çünki dövlət artıq illər boyu rəqəmsal texnologiyaların inkişafına sərmayə yatırırdı. Ölkədə bir çox xidmətlər blokçeyn-texnologiyalar əsasında işləyir.
Hazırda bütün dünyada, o cümlədən Azərbaycanda bu istiqamətdə geniş tədqiqatlar aparılır. “International Data Corporation”ın məlumatına görə, blokçeyn texnologiyaları əsasında işləyən servis və xidmətlərə sərmayə qoyuluşları ildən-ilə həndəsi silsilə ilə artmaqdadır. Əgər 2017-ci ildə bu məqsədlə 1 milyard ABŞ dollarından daha az vəsait ayrılmışdısa, 2021-ci ildə bu sahəyə investisiyalar 6,6 milyard ABŞ dolları təşkil etməli (hələlik yekun məlumatlar yoxdur), 2024-cü il üçün isə 19 milyard ABŞ dolları məbləğində vəsaitlərin qoyuluşu proqnozlaşdırılır.
Düzdür, rəqəmsal texnologiyalar heç də hər zaman xeyirli olmur. Karantin tədbirləri ilə əlaqədar olaraq, bütün dünyada şirkətlər və dövlət orqanları öz əməkdaşlarını məsafədən işə keçirdi. Bu, bir tərəfdən yeni servis və texnologiyaların meydana gəlməsinə səbəb olsa da, digər tərəfdən insanların daha çox işləməsinə gətirib çıxardı.
“Robert Half” rekruitment şirkətinin apardığı sorğu göstərib ki, distant işləyən insanların, təxminən, 70 %-i istirahət günlərində işləməli olub, 45 %-i isə adi günlərdə 8 saatdan çox işləməyə məcbur olub. “The Guardian”ın məlumatına görə, Avropada iş saatları orta hesabla 2 saat artıb.
Məsələ onda deyil ki, iş həcmi artıb, sadəcə evdə olan insanlar daha az tələsməyə başlayıblar. Əvvəlcə iqtisadçılar hesab edirdilər ki, rəqəmsal texnologiyaların inkişafı və proseslərin avtomatlaşdırılması əməkdaşların iş vaxtını azaltmağa imkan verəcək, lakin yeni tədqiqatlar göstərir ki, koronavirus pandemiyası səbəbindən proses əks istiqamətdə inkişaf edib.
Qiymət artımı ilə mübarizə
Koronavirus pandemiyası fonunda meydana gələn və 2021-ci ilin ikinci yarısında yeni mərhələyə qədəm qoyan daha bir iqtisadi trend yüksək inflyasiyadır.
ABŞ-da illik inflyasiya son 40 ilin maksimumuna – 7 %-ə, Avropada 5 %-ə (son 31 ilin rekordu) çatıb. Türkiyədə inflyasiya 36,08 % (son 19 ilin ən yüksək səviyyəsi), İtaliyada 1,9 % (son 10 ilin rekordu), Böyük Britaniyada 5,4 % (son 30 ilin rekordu), Almaniyada 5,3 %-ə (son 30 ilin rekordu), Çex Respublikasında 6,6 % (son 13 ilin rekordu), Rusiyada 8,4 % (son 7 ilin rekordu),
Qazaxıstanda 8,4 % (son 6 ilin rekordu), Ukraynada 10 % (son 5 ilin rekordu) təşkil edib. Ukraynada sənaye inflyasiyası 62,2 %-ə çatıb (son 26 ilin rekordu).
FAO-nun ərzaq qiymətləri indeksi 2021-ci ildə son 10 ilin maksimumuna - 133,7 bəndə çatıb.
Dünya Bankının məlumatlarına görə, ötən il dünya ölkələrinin çoxunda inflyasiya səviyyəsi son 10 ilin maksimlarına çatıb. Bazarı formalaşmış ölkələrin 80 %-i son bir neçə ay ərzində kəskin inflyasiya ilə üzləşib, onların 1/3 hissəsində inflyasiya səviyyəsi ikirəqəmli göstərici təşkil edib. Qiymət artımı hələ 2023-cü ildə də davam edə bilər.
Bir çox ölkələr qiymət artımı ilə mübarizə çərçivəsində həvəsləndirmə proqramları və maliyyə dəstəyi tədbirləri həyata keçirməyə başlayıb.
Dövlət Statistika Komitəsinin məlumatlarına görə, Azərbaycanda 2021-ci ilin yekunlarına görə inflyasiya 6,7 % təşkil edib, bu isə 12,9 % inflyasiyanın qeydə alındığı 2017-ci ildən sonra ən yüksək göstəricidir.
Qiymət artımının (söhbət əsasən ərzaq məhsullarından gedir) davam etməsinin qarşısını almaq üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti 6 baza prinsipi qəbul edib: ərzaq məhsullarının yerli istehsalına diqqətin artırılması, istehsalın subsidiyalaşdırılması, ərzaq məhsullarının qiymətinin liberallaşdırılması, süni qiymət artımının qarşısının alınması, biznes üçün marjanın təmin edilməsi və nəticələr əsasında subsidiyalaşdırma.
Son illərdə hökumət ölkənin əsas kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində ciddi addımlar atıb. Məsələn, mal ətinə olan tələbatın 90 %-i, qoyun əti və yumurtaya olan tələbatın 100 %-i yerli istehsal hesabına təmin edilir. Bundan başqa, süd məhsulları və toyuq əti 80 %-dən çox, balıq məhsulları 81,7 %, kartof 90,6 %, tərəvəz 110,4 %, pomidor 131 %, meyvə və giləmeyvə 116,3 %, qoz və fındıq 138 %, xörək duzu 111,4 %, qazlaşdırılmış və mineral su 90-95 %, pendir – 88,1 %, meyvə şirələri 130,5 % və s. yerli istehsal hesabına təmin edilir.
Buğda ilə bağlı müəyyən çətinliklər var. Hər il ölkədə, təxminən 3 milyon ton buğda istehlak edildiyi halda, istehsal həcmi 3 milyon ton təşkil edir. İşğaldan azad edilmiş ərazilərdə yerləşən əkinə yararlı torpaq sahələri hesabına əlavə 200 min ton buğda istehsal etmək mümkün olacaq, lakin bu da tələbi tam təmin etməyə imkan vermir.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi üzrə daha bir tədbir kimi Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 14-ü Kiyevə səfəri zamanı imzalanmış sənədləri göstərmək olar.
Bu yaxınlarda Ukraynanın aqrar siyasət və ərzaq naziri Roman Leşenko AzTV-yə müsahibəsində bildirmişdi ki, hər iki ölkə artıq profilli işçi qrupu yaradıb. Onun bu il Bakıya planlaşdırılan səfəri zamanı kənd təsərrüfatı sahəsində əməkdaşlığın dərinləşdirilməsi və imzalanmış sənədlərdən irəli gələn məsələlərin müzakirə ediləcəyi gözlənilir.
Report.az
Azad Həsənli, analitik
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar