Xəbər lenti

"OPEC+ ölkələri 2020-ci ilin mayında öz aralarında anlaşdıqları neftin miqdarından hardasa 500 milyon barrel az neft çıxardıblar". 

"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-ın Şimali Daktoa Universitetinin professoru, maliyyəçi Fariz Hüseynli bildirib. O, misal kimi 2022-ci ilin mayında kvotalardan günə 2.7 milyon barrel daha az neft hasil olunduğunu göstərib. "İndi yeni məlumata görə, Səudiyyə Ərəbistanı iyun ayı kvotasından günə 200 min barrel az istehsal edib. Belə görünür, nə qədər istəsələr də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) əlavə neft çıxartma imkanları zəifdir. Nigeriyanın kvotası artıb, Rusiya ilə bağlı vəziyyət də qəlizdir",-maliyyəçi qeyd edib.

Səbələrə gəlincə, professor bildirir ki, görünür, illərlə bu sahəyə yatırımların azalması öz təsirini göstərir, istehsalı elə də asanlıqla artırmaq olmur: "Adətən OPEK+ üzvləri kvotaya qədər istehsal edərdi, bəzən, daha çox. Ola bilsin, “iqlim” səbəbindən neftə xoş baxmayanlara “cavab verirlər”. Yaxud bu mövzuda BMT-də əsas səsləri olan Rusiyaya yarınırlar. Ya da siyasi vəziyyətdən istifadə edib siyasi-hərbi qazanc əldə etməyə çalışırlar".

F.Hüseynli əlavə edir ki, təklifin problemli olduğunu görən bazarlar daha çox tələbin necə dəyişəcəyinə baxırlar: "Faizlər artdıqca iqtisadi durğunluq yaranacağına inananlar çoxalsa, neft qiymətləri düşəcək. İstehsalçıların satınalma indeksinə baxsaq, Qərb ölkələrində yavaşlama görünür. Maraqlı bir nümunə olan Almaniyanın ucuz rus qazı üzərində qurduğu sənayesi indi böyük problemlə üzləşib. Misin qiymətlərində də kəskin azalma var. Dəmir, gümüş, taxta və oxşar başqa əmtəələr də ucuzlaşır. Bunlar adətən qarşıdan zəif iqtisadiyyat proqnozları gələndə baş verir. Düzdür, bu qiymətlərə "futures" təsir edir, orada da manipulyasiya çox olur, ona görə hələ tam demək olmaz ki, aşağı trend sağlamdır ya yox".

Maliyyəçi xatırladır ki, inflyasiyaya əsas təsir edən enerji, xammal və daşıma xərcləridir. "Onların da əsasında təklif və istehsalla bağlı problemlər dayanır. Tələb azaldıqca bəlkə bu problemlər zəifləyər. Paralel istiqamətdə isə dolların güclənməsi baş verməlidir, o da FED-in faiz siyasətindən asılıdır. Faizlər artan kimi dollar indeksi demək olar, son 20 ilin ən yüksək səviyyəsinə qalxıb. Avro, pound və ən əsası yapon yenin zəifləməyinə bağlıdır. Ola bilsin, bu üçü arasında yen güclənməyə başlayar, çünki çox zəifləyib. Resessiya güclənsə, yəqin bir az da yen güclənər", - F.Hüseynli vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 019          Tarix: 6-07-2022, 20:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma