“İnkişaf etmiş ölkələrdə inflyasiya müxtəlif dövrlərdə baş verib. Bu, kapitalizm üçün normal hadisə hesab olunur. Lakin faiz dərəcələri var. Bəzi faiz dərəcələri var ki, olduqca yüksək olur”.
Bunu ərzaq və gündəlik istifadə mallarının bahalaşması ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Emin Qəribli deyib.
Xatırladaq ki, Azərbaycanda son iki ayda bütün malların qiymətində nəzərəçarpacaq dərəcədə artım müşahidə edilir. Bahalaşma təkcə ərzaq məhsulları ilə məhdudlaşmır, qeyri-ərzaq məhsullarının qiymətlərində də oxşar tendensiya var. Hətta qardaş ölkə Türkiyədən gətirilən məhsulların da baha qiymətə satılması təəccüb doğurur.
Bəs görəsən, bahalaşmaya səbəb nədir?
İqtisadçının sözlərinə görə, bazar institutları formalaşmadığına görə bu hallar daha da çoxalıb:
“İnflyasiya xarici və daxili amillərlə əlaqədar ola bilər. Dünyada baş verən inflyasiyanın bir neçə səbəbi var. Səbəbin biri pandemiya dövründə əksər ölkələrdə, elə ABŞ-ın özündə trilyonlarla, trilyardlarla pul emissiya olundu. Dövriyyədə pul kütləsi artdı. Pulun miqdarı çoxdursa, onun dəyəri də düşəcək. Pul dəyərdən düşməyə başladı. İnflyasiya baş verdi. O dövrdə əlavə maaşlar da artırıldı. Bütün dünyada eyni proses baş verdi”.
E.Qəribli qeyd edib ki, nəqliyyat və logistik problemlərin yaranması məhsulun vaxtında çatdırılmaması və qiymətlərin artımına gətirib çıxardı:
“Məhdudiyyətlər yaranan dövrdə bəzi istehsal sahələri dayandırıldı. Məhsullar azaldı və tələb çoaldı. Bu isə qiymət artımına səbəb oldu. İnkişaf etmiş ölkələrdən olan ABŞ-da adətən üç faiz, ən kəskin halda beş faizə qədər inflyasiya olarsa, artıq mövcud səkkiz faiz inflyasiyanın nə qədər artdığını aşkar göstərir. Biz dünya iqtisadiyyatının bir parçasıyıqsa, bundan qaçmaq mümkün deyil. Başqa bir məsələ də var - bəzi hallarda bundan sui-istifadələr olur”.
Ekspert bildirib ki, bəzən sahibkarlar sui-istifadə edib, qiymətləri artırırlar:
“Dövlətin müdaxiləsinə ehtiyac var. Elə məhsullar var ki, qiymətinin artması 80 faiz idxal inflyasiyası ilə əlaqədardır. Sahibkarlar sui-istifadə də edə bilərlər. Digər bir səbəbi bazar institutlarının formalaşmamasıdır. Qiymət artımından istifadə edərək, sahibkarlar öz pis niyyətlərini həyata keçirirlər”.
Paylaş: