Xəbər lenti
Dünən, 23:44
Dünən, 19:23
Dünən, 17:45
Dünən, 16:14
Dünən, 14:30
Dünən, 11:47
20-11-2024, 23:59
20-11-2024, 23:00
20-11-2024, 21:41
20-11-2024, 18:40
20-11-2024, 17:11
20-11-2024, 16:41
20-11-2024, 15:36
20-11-2024, 14:19
20-11-2024, 13:48
Ermənistanda iqtisadi vəziyyət müharibədən sonrakı kəskin şəkildə pisləşmiş və ölkənin iqtisadi təhlükəsizliyi ilə bağlı ciddi təhdidlər formalaşmışdı. Bu təhdidlərə dövlət borcunun kəskin artması, maliyyə vəsaitlərinin çatışmazlığının yaranması, fiskal siyasətin icrası ilə bağlı çətinliklərin formalaşması, milli valyutanın ucuzlaşması, qiymət artımı və digərləri aiddir. Qeyd edilən təhdidlər içərisində qiymət artımı özünü müharibədən sonrakı ilkin dövrdə o qədər də göstərmirdi. Buna isə pandemiya dövründə mövcud olan iqtisadi durğunluq şərait yaradırdı. 2021-ci ildə isə pandemiya ilə bağlı qadağaların aradan qalxması ilə iqtisadi aktivliyin bərpa edilməsi və müharibənin iqtisadi nəticələrinin özünü daha aydın göstərməsi qiymət artımının sürətlənməsinə imkan yaratdı. Müharibə nəticəsində Ermənistanın enerji və kənd təsərrüfatı sahəsində bir çox ehtiyatlardan məhrum olması və yaranmış maliyyə problemləri ucbatından kommunal xərclərin artması qiymət artımını daha da sürətləndirdi. Bundan əlavə müşahidə edilən qlobal inflyasiya da Ermənistanda qiymət artımına təsir etməyə başladı. Bütün bunların nəticəsində isə 2021-ci ildə Ermənistanda qiymət artımı əsaslı sürətdə davam etdi və bu proses hazırda da davam etməkdədir. Ona görə də Ermənistanda qiymət artımı ilə bağlı hazırkı vəziyyəti nəzərdən keçirək.
Ermənistanda qiymət artımı
Hazırda Ermənistanda mövcud olan əsas iqtisadi problemlərdən biri inflyasiyadır. Bütün dünyada gedən qiymət artımı prosesi Ermənistana da öz təsirini göstərməkdədir. Lakin, Ermənistanda inflyasiya yalnız xarici faktorların təsiri ilə formalaşmır. Burada daxili iqtisadi faktorların da təsiri vardır. 2021-ci ilin yekun göstəricilərinə əsasən Ermənistanda inflyasiya illik ifadədə 7.7% səviyyəsinə çatmışdır. Ərzaq məhsullarının qiymətində 11%, qeyri-ərzaq məhsullarının qiymətində isə 8.7%-lik artım qeydə alınmışdır. Bu artımlar xidmətlər üzrə tariflərin orta hesabla 1.9% artması fonunda baş vermişdir. İnflyasiyaya milli valyutanın dəyərində baş verən dəyişikliklər əsaslı şəkildə təsir edə bilməmişdir. Bu təsir 0.25%-0.5% arasında qiymətləndirilir.
Ümumilikdə, dünya üzrə 2021-ci ildə ərzaq məhsullarının qiymətinin orta hesabla 20%-dən çox artdığı qeyd edilir. Bu prosesə təsir edən əsas amillərdən biri enerji daşıyıcılarının qiymətlərinin artımıdır. Neft və qazın qiymətinin ötən il ərzində kəskin artması bir çox ölkələrdə ümumi qiymət artımına əsaslı şəkildə təsir etmişdir. Lakin, enerji daşıyıcılarının qiymətinin artımının 2021-ci ildə Ermənistana təsiri böyük olmamışdır. Ona görə ki, Ermənistan il ərzində qazı müqavilə əsasında sabit qiymət ilə əldə etmişdir. Dünyada enerji daşıyıcılarının qiymətinin artması istehsal xərclərinin çoxaltmaqla digər məhsulların da qiymətinin artmasına səbəb olduğundan neft və qazın qiymətinin artımı Ermənistan iqtisadiyyatına birbaşa deyil, dolayı olaraq təsir etmişdir. Qazın qiymətinin artımının Ermənistana az təsir etməsinə baxmayaraq inflyasiyanın yüksək olması onu göstərir ki, dünya üzrə ərzaq məhsullarının qiymətində müşahidə edilən artım Ermənistanda inflyasiyaya daha çox təsir edir. Bu isə onu deməyə əsas verir ki, Ermənistanda qida məhsullarının istehlakında idxal edilən məhsulların payı çoxdur. Ona görə də qlobal qiymət artımı Ermənistanda sosial-iqtisadi vəziyyətə birbaşa təsir edir.
Ermənistanda inflyasiyaya təsir edən daxili faktorlara isə iqtisadi inkişaf potensialının azalmasıdır. Buna əhalinin ölüm nisbətinin pandemiya, müharibə və digər səbəblərə görə yüksəlməsi və əhalinin kütləvi sürətdə ölkəni tərk etməsi də əsaslı şəkildə təsir edir. İşçi qüvvəsinin çatışmazlığı həm istehsal imkanlarının azalmasına, həm də iqtisadiyyat daxilində tələbin azalmasına gətirib çıxarır. Bu proseslər isə qiymət artımına şərait yaratmış olur. Digər tərəfdən isə büdcənin icra edilməsinə imkan yaratmaq üçün müxtəlif vergi və rüsumların artırılması, kommunal xərclərin, o cümlədən qazın qiymətinin artması inflyasiyaya təsir edən digər daxili iqtisadi faktorlar kimi çıxış edir. Qeyd edilən faktorlar ölkədə sosial narazılığı artırsa da hökumət ölkənin maliyyə və enerji təhlükəsizliyini qorumaq üçün bu addımları atmaq məcburiyyətindədir. Ermənistanda qiymət artımı ilə bağlı vəziyyəti müəyyən etmək üçün qiymət artımına təsir edən faktorları ayrı-ayrılıqda nəzərdən keçirək.
Kommunal xərclərin artımı
Ermənistanda istər ötən illərdə, istərsə də cari ildə kommunal xərclərin artırılması qiymətlərin ümumi artımına təsir edən əsas amillərdən biri kimi çıxış edir. Ermənistan hökuməti tərəfindən qəbul edilmiş yeni dəyişikliklərə əsasən 2022-ci ilin fevralın 1-dən etibarən Ermənistanda elektrik enerjisinin qiymətinin artımı baş verəcəkdir. Yeni dəyişikliklərə əsasən ayda 200 kilovatt saata qədər enerji istifadə edən istifadəçilər üçün gecə və gündüz tariflərindən asılı olaraq hər saat kilovatın qiyməti 3-5%, 200-400 kilovatt saata qədər enerji istifadə edən istifadəçilər üçün hər saat kilovatın qiyməti 8-11%, 400 kilovattdan çox istifadə edən istifadəçilər üçün isə 15-18% artırılacaqdır. Bu artım nəticəsində Ermənistanda elektrik enerjisinin qiymətinin orta hesabla 4.7% artacağı gözlənilir. Bu artımın istehlak qiymətləri indeksinə 5% səviyyəsində təsir edəcəyi proqnozlaşdıırılır.
Bundan başqa, 2021-ci ildən fərqli olaraq Ermənistanda qazın qiymətinin 2022-ci ilin aprel ayının 1-dən etibarən artacağı gözlənilir. Dünya bazarlarında qazın qiymətinin kəskin artması fonunda Rusiya Ermənistana satdığı qazın qiymətini də artırmağı planlaşdırır. Ermənistanda bir çox mütəxəssislər hesab edirlər ki, bununla bağlı noyabr ayında artıq razılıq əldə edilib. Lakin, Ermənistan hökuməti sosial narazılığın yaranmaması üçün hələ ki, bunu rəsmi şəkildə elan etmir. Verilən məlumatlara əsasən Ermənistana xaricdən satılan qazın qiyməti 5% həcmində artacaqdır. Ölkə daxilində isə qazı güzəştli tariflər ilə alan əhali üçün qazın qiymətinin 33%, istixana və emal müəssisələri üçün 23.8%, avtomobil qaz doldurma stansiyaları, istilik elektrik stansiyaları və digər böyük müəssisələr üçün 8.3% artacağı gözlənilir. Ayda 10 min kubmetrədək qaz istehlak edən subyektlər üçün isə tarif 4,2% azaldılacaqdır. Qazın qiymətinin artımı isə öz növbəsində ərzaq məhsullarının qiymətinin artımının davam etməsinə və yerli istehsalçıların rəqabət qabiliyyətinin azalmasına səbəb olacaqdır. Elektrik enerjisi və qazın qiymətinin artımı ilə yanaşı 2021-ci ilin yanvarın 1-dən etibarən suyun tarifi hər kubmetr üçün 11% artırılmışdır.
Ermənistanda qazın qiymətinin davamlı şəkildə artırılmasına təsir edən faktorlardan biri də Ermənistan hökuməti ilə “Qazprom Ermənistan” arasında 2013-cü ildə bağlanan müqavilədə şirkətin illik gəlirlərinin 9% səviyyəsində saxlanılması bəndinin daxil edilməsidir. Ona görə də qazın idxalı şirkət üçün bahalaşdıqda gəlirlilik səviyyəsini qorumaq üçün şirkət Ermənistanın Dövlət Xidmətlərinin Tənzimləmə Komissiyasına tariflərin artması ilə bağlı müraciət etməli olur. Komissiya ötən illər ərzində müraciətləri tam təmin edə bilməsə də müəyyən səviyyədə qaz tariflərinin artırılmasına imkan vermişdir. Müqavilədə qeyd edilən şərtin olması onu deməyə əsas verir ki, bu proses qarşıdan gələn dövrdə də davam edəcəkdir. Ermənistanda ictimaiyyət isə müqavilədə qeyd edilən məsələ ilə bağlı dəyişikliklərin edilməsi üçün cəhd etməməsinə görə hökuməti tənqid edirlər.
Ermənistanda enerji sektoru ilə bağlı mövcud olan digər problem elektrik enerjisi istehsalının qazın qiymətləri ilə əlaqəli olmasıdır. Belə ki, atom stansiyasından sonra istilik elektrik stansiyaları ölkədə elektrik enerjisinin istehsalında ikinci ən böyük paya malikdir (40%). İstilik elektrik stansiyaları isə qaz ilə işləyir. Ona görə də qazın qiyməti artdıqda hökumət elektrik enerjisinin də qiymətini artırmaq məcburiyyətində qalır. Yəni, Ermənistanın qazdan olan asılılığı eyni zamanda elektrik enerjisi istehsalına da təsir etməklə əhalinin maddi durumunu pisləşdirir. Bu asılılığın yaratdığı qiymət artımının qarşısını almaq üçün Ermənistan hökuməti müəyyən tədbirlər görməyə çalışsa da hələ ki bu tədbirlər səmərəli deyildir. Məsələn, hökumət Razdan İstilik Elektrik Stansiyasının 5-ci enerji blokunun qazla təmin edilməsi xərclərini öz üzərinə götürərək Qazprom Ermənistana ildə 31.79 milyon dollar vəsait ödəyir. Lakin, bu tədbir belə, ölkədə elektrik enerjisinin qiymətinin artımının qarşısını almağa kifayət etmir. Qeyd edilən faktorlara görə bir çox mütəxəssislər Ermənistanın enerji siyasətinin səmərəsiz olduğu vurğulayırlar. Onlara görə, 2021-ci ildən sonra 2022-ci ildə də elektrik enerjisinin qiymətinin artırılması ölkənin enerji sistemində böhranın və ciddi sistematik risklər mövcud olduğunu göstərir.
Vergi və rüsumların artımı
Kommunal xərclərin artımı ilə yanaşı Ermənistanda yanvarın 1-dən etibarən müxtəlif vergi və rüsumlara edilən dəyişikliklər də qiymət artımına yol açmaqdadır. Yeni dəyişikliklərə əsasən 2022-ci il yanvarın 1-dən etibarən Ermənistan vətəndaşları üçün gəlir vergisi 1% azaldılaraq 20% səviyyəsində müəyyən edilib. Eyni zamanda əmək haqqından pensiya fonduna ayırmalar üçün faiz dərəcəsi 1% artırılaraq 4,5% səviyyəsinə çatdırılıb. Əmlak vergisinin həcmi isə 5% artırılıb. Bundan başqa etil spirtinin və spirtli içkilərin bir litri üçün aksiz vergisi 30%, siqaret üçün aksiz vergisi isə 14% artırılmışdır. Aksiz vergilərinin artırılması isə öz növbəsində bir çox məhsulların son qiymətlərinin artmasına səbəb olur.
Edilmiş yeni dəyişikliklər həm də idxal edilən qida məhsullarının qiymətinin artmasına şərait yaradacaqdır. Belə ki, 2022-ci il yanvarın 1-dən üçüncü ölkələrdən idxal olunan mallara, xüsusən də ərzaq məhsullarına və ya qida məhsullarının istehsalında istifadə olunan xammala görə gömrük rüsumları artırılmışdır. Məsələn, dondurulmuş mal əti üçün gömrük rüsumu 25%, toyuq əti üçün 30%, düyü və marqarin üçün 2% artırılmışdır. Kartof və lobya toxumlarının və səməni ekstraktı əsasında hazırlanan uşaq qidası məhsullarının idxalı üçün gömrük rüsumu isə 1% artırılmışdır. Bundan başqa, qabartma tozunun idxal rüsumları 4.5%, şüşə qablar üçün rüsum 6%, qiymətli və yarımqiymətli daşlar üçün (nefrit, yaqut, zümrüd, sapfir) gömrük rüsumu növdən asılı olaraq 1-5% aralığında artırılmışdır. Bahalı metallardan isə gümüşün gömrük rüsumu 4,5%, qızılın rüsumu isə 3-6% artırılmışdır.
Əmlak bazarında qiymət artımı
Ermənistanda əsaslı qiymət artımının müşahidə edildiyi sahələrdən biri də əmlak sektorudur. Ümumiyyətlə, Ermənistanda 2018-ci ildəki hakimiyyət dəyişikliyindən sonra daşınmaz əmlakın qiyməti orta hesabla 20-25% artmışdır. 2021-ci ilin göstəricilərinə gəldikdə isə Ermənistanın regionlarında yaşayış evlərinin qiyməti orta hesabla 9.7% artmışdır. Təkcə noyabr ayında 1.8%-lik artım qeydə alınmışdır. Ayrı-ayrı regionları nəzərdən keçirdikdə məlum olur ki, bəzi rayonlarda daha yüksək artımlar qeydə alınmışdır. Ermənistanın kurort şəhəri hesab edilən Tsaxnadzorda evlərin hər kavdratmetrinin qiymətinin illik artım 14.6% səviyyəsində, Abovyan şəhərində 16.9% səviyyəsində, Vaqarşapat şəhərində 12.4%, Vanadzorda 23.8%, Aştarakda 17.9%, Spitakda 18.6% təşkil etmişdir. Göründüyü kimi Ermənistanın hələ əhalisi daha kasıb olan regionlarında belə evlərin qiyməti əsaslı şəkildə artmaqdadır. Bu artımlara baxmayaraq, Sünik regionunun Sisyan icmasında illik ifadədə evlərin qiyməti 1.2% ucuzlaşmışdır. Sünikin digər icmalarında isə mənzillərin qiymətində orta hesabla 3%-lik artım qeydə alınmışdır. Digər regionlarla müqayisədə bu regionda mənzillərin qiymət artımının az olması və hətta Sisyanda azalması onu göstərir ki, Zəngəzur Koridorunun açılması məsələsi Ermənilər üzərində ciddi psixoloji təsirə malikdir. Ona görə də Sünik regionunda əhalinin mənzillərə olan tələbatı daha aşağı səviyyədədir.
Təqaüd və müavinətlərin artımı
Qeyd edilən qiymət artımlarının mənfi təsirlərindən qorunmaq üçün hökumət eyni zamanda pensiya və müavinətlərin müəyyən qədər artırılması üçün də qərarlar qəbul etmişdir. Belə ki, yanvarın 1-dən etibarən pensiyaların minimal həddi 7% artırılaraq 59.3 ABŞ dolları (bundan sonra dollar) səviyyəsində, 2 yaşına qədər olan uşaqların saxlanılması üçün verilən müavinət də eyni dərəcədə artırılaraq 59.3 dollar səviyyəsində müəyyən edilmişdir. Bundan başqa hərbi qulluqçular üçün əlillik pensiyası və şəhid olan hərbçilərin ailələrinə verilən pensiyalar 6.2 dollar səviyyəsində artırılmışdır. Nəticədə, şəhid ailələrinə verilən pensiyanın səviyyəsi 62.2 dollar səviyyəsinə çatmışdır. Əlil uşaqlar üçün müavinət isə 21.8 dollar artırılaraq 76.7 dollar səviyyəsində müəyyən edilmişdir.
Göründüyü kimi müavinət və təqaüdlərə edilən artımlar çox cüzidir və artan qiymətlərin fonunda əhaliyə əsaslı şəkildə dəstək vermək imkanı yaratmır. Bu məsələ ilə bağlı danışan Ermənistanın hökumət nümayəndələri bildirirlər ki, hazırda hökumətin maliyyə imkanları buna çatır. Ona görə də onlar bütün təqaüdləri deyil, yalnız dəstəyə ən çox ehtiyacı olan təbəqə üçün təqaüdlərini artırmışdır. Lakin, onlar qeyd edirlər ki, hökumətin beşillik proqramına əsasən, 2026-cı ilədək orta pensiya minimum istehlak səbətinə çatdırılacaqdır və daimi əsasda inflyasiyaya uyğunlaşdırılmaqla bu səviyyədə saxlanılacaqdır. Sonuncu dəfə belə uyğunlaşdırma 2019-cu ilin əvvəlində icra edilmişdi. Sonrakı dövrdə pandemiya və müharibə ilə bağlı yaranmış maliyyə problemləri bu prosesin davam etdirilməsinə imkan verməmişdi. Eyni zamanda, həmin dövrədək ehtiyacı olanların vəziyyətini yüngülləşdirmək üçün hökumət pensiya və müavinətləri ilin əvvəlində deyil, il ərzində artırmağı planlaşdırır. Ümumiyyətlə, Ermənistanda 2021-ci ilin ikinci rübünün göstəricilərinə əsasən orta qiymətlərlə minimum istehlak səbətinin dəyəri təxminən 140 dollar, minimum ərzaq səbətinin dəyəri isə 79 dollar səviyyəsində olmuşdur.
Qiymət artımına təsir edən faktorların və Ermənistanda hazırda mövcud olan iqtisadi vəziyyətin təhlili onu göstərir ki, Ermənistan hökuməti qiymət artımlarının qarşısını ala bilmir. İlk növbədə ona görə ki, qlobal səviyyədə qiymət artımı davam edir və bu artımın təsirlərinin qarşısını almaq üçün Ermənistan hökumət xaricdən idxalı qısa zamanda aradan qaldıra bilmir. Bu asılılıq isə daxili bazarda qiymətlərin artmasına səbəb olur. Digər tərəfdən isə büdcə siyasətinin düzgün aparılması və bu çərçivədə müəyyən edilən proqnozların əldə edilməsi üçün hökumət kommunal xərcləri, vergi və rüsumları artırmalı olur. Bundan əvvəlki illərdə büdcə proqnozunun icrası ilə bağlı problemlərin yaranması səbəbindən hökumət büdcə layihəsini bir neçə dəfə dəyişmək məcburiyyətində qalmışdı. Bununla yanaşı, hökumət dövlət borcunun yüksək olduğu dövrdə maliyyə təhlükəsizliyini təmin etmək üçün əlavə borclanmaya getmək istəmir. Kommunal xərclərin artmasına imkan yaradan qazın idxalı qiymətinin artmasına da hökumət təsir edə bilmir. Bu proseslər isə sözsüz ki, əhalinin sosial-iqtisadi vəziyyətinə pis təsir edir və ölkədə narazılığı artırır. Buna baxmayaraq, hökumət iqtisadi sabitliyi qorumaq üçün qiymət artımına getməyə məcburdur. Yaranmış narazılığı azaltmaq üçün müavinət və pensiyalar müəyyən qədər artırılsa da bu ölkədə gedən qiymət artımını kompensasiya etmək üçün çox azdır. Hökumət özü də etiraf edir ki, təqaüd və müavinətləri çox artırmaq iqtidarında deyil. Mümkün neqativ sosial nəticələri nəzərə alaraq Ermənistan hökuməti mümkün qədər kommunal xərclərin artımının kasıb əhaliyə təsirinin qarşısını almağa çalışır. Bu həmin təbəqəni ölkədə baş verən ümumi qiymət artımından qoruya bilmir. Qiymət artımının mənfi nəticələrini aradan qaldırmaq üçün daha böyük həcmli və səmərəli dəstək tədbirlərinin həyata keçirilməsinə ehtiyac vardır. Ermənistan hökumətini isə hazırda bunun üçün kifayət qədər maliyyə imkanlarına malik deyildir.
Orxan Bağırov,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində aparıcı məsləhətçi
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar