Qlobal maliyyə bazarları Rusiya-Ukrayna müharibəsinin davam etməsi ilə təzyiqlərlə üzləşir və Çin fürsət taparaq ABŞ dollarının hegemonluğunu aradan qaldırmağı hədəfləyir.
ABŞ iqtisadiyyatındakı bahalaşma və inflyasiya Çinin dünya bazarlarında yeni strateji mövqelərə yiyələnməsi üçün yaşıl işıq yandırır.
ABŞ isə rəqiblərinin dəyirmanına su tökməmək üçün iqtisadi alətlərindən aqressiv şəkildə istifadə etmək məcburiyyətindədir. ABŞ dolların dominantlığını saxlamaqdan ötrü pul siyasətini yenidən şəkilləndirməlidir, ABŞ Federal Ehtiyatlar Bürosu (FED) buna görə faiz dərəcələrini artırmağı qarşıya məqsəd qoyur.
FED faiz dərəcələrini artırarsa, qlobal vitrinlərdə dollarlaşma sürətlənəcək və Çin valyutası yuan bəzi mövqelərini tərk edəcək.
ABŞ xarici investorları dollarla sərmayə qoymağa cəlb etmək üçün dollarlaşmanı sürətləndirmək ehtiyacı ilə qarşı-qarşıya olduğundan, bunun digər milli valyutalara mənfi təsir edəcəyi riski də ortalığa çıxır.
Dolların gücü investorları dollarla ifadə olunan aktivləri almağa məcbur edir, lakin Çin alternativ alətləri dünyaya gətirmək üçün hərəkət içərisindədir. Etiraf etmək lazımdır ki, ABŞ dolları beynəlxalq miqyasda ən etibarlı valyuta və iqtisadi təhlükəsizliyi təmin edən sığınacaq olaraq qalır.
Bəzi ölkələr beynəlxalq ticarətdə hər nə qədər milli valyuta ilə mübadilə həyata keçirməyə çalışsalar da, dollarla ifadə olunan aktivlərə bazar tələbi aşağı düşmür, əksinə, əlavə dəstək qazanır.
Buna görə milli valyutalarla beynəlxalq iqtisadi sistemdə ticarət müşkülə çevrilir, Rusiya, Türkiyə və İran da alternativ bir presedent yaratmaq imkanlarından məhrum kimi görünürlər.
Milli valyutaların məzənnəsinin dolların bahalaşması ilə tərs mütənasibliyi böyük şirkətlərin risklərdən qaçmaq üçün ABŞ valyutasına olan etibarını yüksəldir.
Lakin Çin dolları oturduğu taxtdan endirmək üçün səylərini əsirgəmir, Pekində böyük bir inam var ki, ABŞ valyutasını çökdürmək baş tutacaq.
Çin öz axtarışlarında uğur qazanarsa, bu, onun təsir dairəsində dollara əsaslanan nizamı pozacaq.
Lakin ABŞ-ın dollar hegemonluğu tezliklə yox olmayacaq. Sadəcə, qlobal bazarlardakı qeyri-sabitliyin hazırkı raundu Çinə öz alternativ potensialını inkişaf etdirmək imkanı verir.
Çinin alətləri effektiv nəticələr hasil etsə, onda ABŞ dünyanı dollarla yeni sınağa çəkəcək və digər valyutaların devalvasiyası qaçılmaz olacaq.
oxu.az
Paylaş: