Azərbaycan Mərkəzi Bankı (AMB) pul siyasətinə cari ildə, 2022-ci ildə olduğu kimi, səkkiz dəfə baxmağı planlaşdırır. Belə ki, AMB-nin pul siyasəti qərarları ictimaiyyətə 1 fevral, 29 mart, 3 may, 21 iyun, 26 iyul, 20 sentyabr, 1 noyabr və 20 dekabr tarixlərində açıqlanacaq. Məlumata görə, fevral, may, iyul və noyabr aylarındakı qərarları qurumun sədri Taleh Kazımov mətbuat konfransında elan edəcək.
Məsələni Oxu.Az-a şərh edən Bakı Ali Neft Məktəbinin (BANM) Biznesin idarə edilməsi kafedrasının müdiri, dosent Altay İsmayılov qeyd edib ki, bu qərarlar, əsasən, faiz dəhlizinin parametrlərinin müəyyənləşdirilməsinə dair olur:
“Burada mövcud vəziyyətə bağlı olaraq uçot dərəcəsini artırmaq və ya azaltmaq qərarı verilir. Eyni zamanda ictimaiyyətə tədiyyə balansı, inflyasiya, iqtisadi fəallıq, manatın məzənnəsi və risklərlə əlaqədar hesabat təqdim olunur.
Ən son toplantıda uçot dərəcəsi 8,25 faiz olaraq müəyyənləşdirilib. Həmin görüşdə faiz dəhlizinin alt sərhədi artırılaraq 6,25 faizə çıxarılıb, üst sərhəd isə əvvəlki kimi 9,25 faiz olaraq saxlanılıb. Bundan sonrakı dövrdə uçot dərəcəsi daha da artırıla bilərmi? Açığı, hazırda Azərbaycanda uçot faizi kifayət qədər yüksəkdir. Artırılıb-artırılmaması daha çox bir sıra daxili və xarici amillərdən asılı olacaq. Ümumilikdə, AMB-nin 2023-cü ildə pul siyasəti beynəlxalq miqyasda proqnozlaşdırılan resessiya gözləntilərindən təsirlənəcək. Əgər dünya bazarında önəmli təsirə malik dövlətlər, gözlənildiyi kimi, sərt pul siyasətini seçsələr, onda bu, inflyasiyanın qismən səngiməsinə səbəb olsa da, işsizliyin artması kimi bir digər problemə gətirib çıxara bilər. Bu baxımdan Mərkəzi Bankın builki qərarlarında bu amilin nəzərə alınması da vacib nüanslardan biri olacaq”.
Ekspert manatın məzənnəsi ilə bağlı gözləntilərdən də söz açıb:
“Manatın məzənnəsi ilə bağlı keçən 2022-ci ilin 11 ayının göstəricilərinə baxdıqda görünür ki, manatın nominal effektiv məzənnəsi 7,9 faiz olub. Bu o deməkdir ki, manat müxtəlif valyutalar qarşısında 7,9 faiz bahalaşıb. Əslində, bu bahalaşma inflyasiya təzyiqinə azaldıcı təsir göstərməlidir. Amma görünür ki, təsir qismən olub, çünki biz iqtisadiyyatda, xüsusilə ərzaq sektorunda kifayət qədər yüksək inflyasiya ilə üz-üzə qalmışıq.
Əhalini daha çox maraqlandıran manat-dollar məzənnəsinə gəldikdə isə bu daha çox ölkəyə daxil olan valyutanın həcmindən, konkret olaraq isə neft-qaz resurslarının qiymətindən asılı olacaq. Çünki keçən il bu bazarda qiymətlərin kifayət qədər yüksək olması ixracın da 93 faizə yaxın hissəsinin neft-qaz sektorunun payına düşməsinə gətirib çıxarıb. Cari ildə bu resursların qiyməti yüksək olduğu təqdirdə manatın məzənnəsi üzərində xüsusi bir təzyiq yaratmaya bilər. Ancaq qeyd olunduğu kimi, resessiya və başqa amillərin təsiri ilə durum dəyişə bilər”.
Müsahibimiz diqqətə çatdırıb ki, bu məsələdə siyasi amillər də rol oynayır:
“Bizə yaxın regionda baş verən hadisələr, müharibələr, münaqişələr, qeyri-müəyyənliklər prosesə ciddi təsir edir. İqtisadiyyatı mənfi təsirlərdən qismən də olsa, qorumaq üçün neft-qaz resurslarından asılılığı azaltmaq, qeyri-neft sektorunun inkişafını artırmaq prioritet istiqamətlər kimi aktuallığını qorumalıdır. Xüsusilə real sektor inkişaf etdirilməlidir. İstehsal sahələri genişləndirilməli, ərzaq məhsullarında xaricdən asılılıq azaldılmalıdır. Bu istiqamətdə dövlətin əlaqədar strukturlarının təşviq mexanizmi daha da genişləndirilməlidir”.
Sayad Həsənli
Paylaş: