Xəbər lenti

Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə baş verən zəlzələlər Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Malatya, Kilis və Adanada ciddi dağıntılara səbəb olub. Zəlzələdən sonra həlak olanların sayı 14 014, yaralananların sayı isə 63 794 nəfərə yüksəlib.

Türkiyədə baş verən zəlzələlərin iqtisadi baxımdan ciddi təhdid təşkil etməsi ilə bağlı fikirlər səslənir. Türkiyənin ən böyük ticarət müttəfiqimiz olduğunu düşünsək, bu, qaçılmazdır.

Bəs görəsən, Azərbaycan Türkiyədən sırf hansı malları idxal edir? İdxal üçün hansı alternativlərimiz var? Türkiyədə baş verən zəlzələ oradan ölkəmizə gətirilən hansı məhsulların qiymətində artım yarada bilər?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Emin Qəriblinin sözlərinə görə, Türkiyənin zəlzələ baş verən bölgələri ixracda o qədər də önəmli rol oynamır.

“Türkiyədən daha çox trikotaj, sənaye məhsulları alırıq. Bəzi qida məhsulları da bu sıradadır. Lakin zəlzələ baş verən bölgələrə nəzər yetirsək, görərik ki, onların ixrac payları o qədər də çox deyil. Bununla yanaşı sənaye məhsulları əsasən şimal-qərb bölgələrindən gətirilir. Alternativ variantlarımız da var”.

Ekspert 2023-cü ilin ilk aylarından qida məhsullarının dünya bazarlarında qiymət enişinin müşahidə olunduğunu qeyd edib:

“Ən çox qida məhsulları idxal etdiyimiz ölkələr Rusiya və Ukraynadır. Rusiya və Ukrayna arasında müharibə başladı. Dünya iqtisadiyyatı qlobaldır. Asılılıq istər-istəməz var. Bu səbəbdən də həmin bölgələrin ölkə iqtisadiyyatında ixrac payını müəyyənləşdirmək lazımdır.

Həmin bölgələr xüsusi sənaye bölgəsi deyil. Burada sənaye məhsulları bir qədər çoxdur. Türkiyə iqtisadiyyatına, zəncirvari digər sahələrə də təsir edəcək. Azərbaycana mühüm bir təsir edə bilməz”.

E.Qəribli qeyd edib ki, zəlzələ Türkiyə iqtisadiyyatına mənfi təsir göstərərsə, devalvasiya baş verəcək:

“Bu zaman əksinə dollar nisbətində qiymətlər düşəcək. Burada istehsal olunan məhsullar azala bilər. Alternativ ölkələr var. Bununla belə Türkiyə kənd təsərrüfatı məhsullarını da idxal edən ölkədir. Hesab edirəm ki, narahatlığa səbəb yoxdur.

Zəlzələ Türkiyə iqtisadiyyatının artımına təsir göstərəcək. Kəmiyyət baxımından təsir edəcək. Təbii ki, Türkiyə bizim ən böyük ticarət müttəfiqimiz və idxalçımızdır. Bu səbəbdən alternativ bazarlara üz tutacağıq”.

İqtisadçı-ekspert Xalid Kərimli əlavə edib ki, Azərbaycan Türkiyədən çox məhsul alır:

“Türkiyə Azərbaycanın ticarət dövriyyəsində ilk sıralardadır. Xüsusən də idxal baxımdan Türkiyədən ərzaq, tikinti, sənaye məhsulları, gündəlik geyim əşyaları, texniki avadanlıqlar idxal olunur. Türkiyə Azərbaycanın idxalında ilk yerlərdədir. Ümumi ticarət dövriyyəsində 3-cü sırada yer alır”.

X.Kərimli qeyd edib ki, Türkiyə zəlzələdən sonra borclana bilər:

“Zəlzələnin Türkiyənin iqtisadiyyatına təsiri ciddi olacaq. Həmin ərazidə insanlara yeni evlər, sənaye müəssisələri tikilməlidir. Güclü vəsait olmalıdır. Türkiyənin ehtiyatları pandemiyada aşağı düşdü.

Güman etmirəm ki, zəlzələ hər hansı bir məhsulun qiymətini kəskin artıracaq. Zəlzələ məhdud ərazidə olub. Ümumi Türkiyə iqtisadiyyatı sıradan çıxmayıb. Lirə üzərində təzyiq yarana bilər. Əksinə Türkiyə hökuməti borclana bilər. Səhm kapitalının dəyəri düşə bilər. Türkiyə iqtisadiyyatı ixrac yönümlüdür. Ümumi iqtisadiyyatın gücü ilə həll edəcəklər. Azərbaycan üçün isə problem olmayacaq”.




Ana səhifəyə qayıt        Baxış: 3 628          Tarix: 9-02-2023, 16:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma