Rusiya gündəlik neft hasilatını daha da azaldarsa…
"Mart ayında Rusiya könüllü olaraq hasilatı sutkada 500 min barel azaldacaq. Bu, bazar münasibətlərinin bərpasına kömək edəcək. Növbəti qərarlar qəbul edərkən biz bazarda mövcud vəziyyətə əsaslanaraq hərəkət edəcəyik". Rusiya baş nazirin müavini, energetika naziri Novak belə deyib. Qeyd edək ki, Novak bundan əvvəl Rusiyanın neft hasilatını azalda biləcəyini demişdi. Bu isə gündə təxminən 500-700 min barel az neft hasilatı deməkdir. Bu, Rusiyada gündəlik neft hasilatının beş-yeddi faizini təşkil edir.
Onun sözlərinə görə, Rusiya indi bütün neftini tam satır, lakin qiymət tavanına birbaşa və ya dolayısı ilə əməl edənlərə satmayacaq. O səbəbdən qlobal neft bazarına təhlükəni azaltmaq üçün hasilatı azaltmaq niyyətindədir.
Yada salaq ki, Avropa İttifaqı dekabrın 5-də xam neftin və bu həftə neft məhsullarının dəniz yolu ilə idxalına qadağalar tətbiq edib. Böyük iyirmilik (G7) dövlətləri tərəfindən qəbul edilmiş proqrama əsasən, Qərb provayderləri Rusiya həcmlərini G7-yə daxil olmayan istiqamətlərə daşımaq üçün əsas maliyyə və daşıma xidmətlərini təmin etməyə davam edə bilər, bir şərtlə ki, bu yanacaqlar xüsusi qiymət hədləri altında alınsın. Bu məhdudiyyətə əsasən, Rusiya neftinin qiyməti bir barel üçün 60 dollardan çox olmamalıdır.
Fevralın 1-də isə Rusiya prezidentinin neftin yuxarı həddi dəstəkləyən dövlət və şirkətlərə satışı qadağan edən fərmanı qüvvəyə minib.
Əslində ABŞ Rusiya neftinin qiymət tavanını onunla əsaslandırıb ki, Rusiyanın satışdan əldə etdiyi gəliri azaltmaq istəyirlər, eyni zamanda dünya bazarlarında qıtlığın qarşısını alırlar.
Rusiya, təbii ki, ABŞ-ın onu müflis etməyini gözləyəsi deyildi. İndi isə neft hasilatı və buna uyğun olaraq neft tədarükü neftin qiymətinin artmasına səbəb olmalıdır. Novakın sözlərinə görə, Rusiyanın neft hasilatını daha da azalda biləcəyi variantı istisna edilmir.
Qeyd edək ki, hazırkı qərar OPEC+ ilə məsləhətləşmədən qəbul edilib. Rusiya prezidenti son günlər bir sıra neft hasil edən dövlətlərin, o cümlədən Səudiyyə Ərəbistanı vəliəhdi ilə danışıqlar aparıb.
OPEC+ Rusiya neft hasilatının azaldılmasını kompensasiya etməyəcək, çünki Rusiya öz neft hasilat kvotası çərçivəsində fəaliyyət göstərir. Bunun qiymətlərə necə təsir edəcəyini tezliklə görmək mümkün olacaq.
Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib ki, Moskva neft qiymətlərinə tavanın tətbiqi fonunda neft hasilatının azaldılması ilə Qərbə qarşı “silah” kimi istifadə etmək niyyətindədir.
Kirbinin sözlərinə görə, ABŞ Rusiya neft hasilatının azaldılması məsələsində OPEK-lə məsləhətləşəcək. Kirbi OPEK ilə müzakirələrin gündəmində hansı məsələlərin olacağını açıqlamayıb.
Orxan ƏLİYEV,
Musavat.com
Paylaş: