Xəbər lenti

İnkişaf etmiş dünyanın ağır sanksiyaları ilə üzləşən Rusiya ilə İran arasında əlaqələr getdikcə dərinləşir. Bu proses 22 il diqqətdən kənarda qalan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin “sandıqdan” çıxarılaraq icrası üçün aktiv fəaliyyətlərin həyata keçirilməsinə səbəb olub. Ötən ildən başlayaraq Rusiya ilə İran bu dəhlizin işlək hala gəlməsi üçün ciddi səylər göstərirlər. Bunun da səbəbi aydındır: hər iki ölkənin əsas ixrac malı olan neft və neft məhsullarının iki mühüm alıcısı Asiyadadır. Məhz Çin və Hindistan Qərbin sanksiyalarına rəğmən Rusiya və İrandan neft-qaz, neft məhsulları alır, onlara məhsul satırlar. Rusiyanın Çinlə quru, İranın Hindistanla dəniz əlaqəsi var. Avropa, inkişaf etmiş dünyanın limanları, gəmiləri hər iki ölkənin üzünə bağlıdır. Belə bir şəraitdə onlar üzlərini Asiyaya çevirib, Hindistan və Çinlə əlaqələri dərinləşdirməyə çalışırlar.

Qeyd edək ki, 2000-ci ildən icrasına başlanan Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinə on il əvvəl Azərbaycan da qoşulub. Ölkəmiz İran üzərindən Hindistandan, Fars körfəzi ölkələrindən gələcək yüklərin Rusiyaya, Avropaya ötürülməsində iştirak etmək niyyətini büruzə verib, layihənin icrasında aktiv iştirak niyyətini bəyan edib. Lakin uzun müddət İran və Rusiyanın layihəyə ciddi maraq göstərməməsi üzündən onun icrası ləngiyib. İran dəhlizin bir seqmenti olan Qəzvin-Rəşt dəmiryol xəttini 8 ilə güclə çəkib başa çatdırıb.

Avropa Yenidənqurma və İnkişaf Bankının hesablamalarına görə, dəhlizin bütün infrastrukturunu inkişaf etdirmək üçün icrası nəzərdə tutulan yüzlərlə layihəyə 38,2 milyard dollara yatırıma ehtiyac var. Bunlardan Rusiyanın icrasına başladığı və planlaşdırdığı layihələrin dəyəri 12,87 milyard dollardır.

İndiyədək Hindistan layihənin icrasına 2,1 milyard dollar sərf edib. Bunun bir hissəsi İran ərazisində nəqliyyat infrastrukturunun yaradılmasına yönəldilib.

2022-ci il sentyabrın 9-da Bakıda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev, Rusiyanın baş nazirinin müavini Aleksandr Novak və İranın yollar və şəhərsalma naziri Rüstəm Qaseminin görüşü keçirilib. Görüşdən sonra dəhlizin inkişafına dair Azərbaycan, Rusiya və İran üçtərəfli görüşünün yekunlarına dair Bakı Bəyannaməsi imzalanıb. Bəyannaməyə əsasən, tərəflər dəhlizin potensialından tam istifadə etmək üçün infrastruktur və nəqliyyat imkanlarının qiymətləndirilməsi, eləcə də təhlili sahəsində əməkdaşlığa hazır olduqlarını bildiriblər və 2030-cu ilə qədər 3 ölkənin ərazisi arasında 30 milyon ton tranzit və ikitərəfli yüklərin təklif olunan hədəflərini nəzərə alırlar.

Dəhlizin tərkib hissəsi olan Rəşt-Astara dəmiryol xəttinin birbaşa uzunluğu 145 km, tunel və digər ötürücülərlə birlikdə uzunluğu isə 170 km-ə yaxındır. 2015-ci ildən sonra Azərbaycanın bu yolun çəkilişində yüksək marağını görən Tehran bundan istifadə etmək qərarına gəldi. Bakıya yolun tikintisinə güzəştli şərtlərlə kredit ayırmaq təklif olundu. Azərbaycan tikintini öz şirkətlərinin aparması şərtilə təklifi qəbul etdi. Razılaşmalara əsasən kreditin ilk hissəsi - 500 milyon dollar ayrıldı. Lakin 2018-ci ilin mayında ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsindən sonra layihənin icrası donduruldu.

Azərbaycansız Şimal-Cənub dəhlizi? -

Rəşt-Astara dəmiryol xəttinin çəkilməsi bir də 2022-ci ildə aktuallaşmağa başladı. Bu dəfə təşəbbüskar rolunda Tehran və Moskva çıxış edirlər. Rusiya Prezidenti Vladimir Putin 2022-ci il uyulun 19-da Tehranda mətbuat konfransında bildirib ki, Rusiya “Şimal-Cənub” nəqliyyat dəhlizinin işə salınması üçün Rəşt-Astara dəmir yolunun İran ərazisindən keçən hissəsini tikməyə hazırdır: “İlk sınaq qatarı artıq Şimal-Cənub marşrutu ilə hərəkət edib. Bu, İran limanlarına, buradan Fars körfəzinə və Hindistana gedən qısa yoldur. Xüsusi bir bölgə var - Rəşt-Astara. Bu, İran ərazisində kiçik bir ərazidir, 146 kilometrdir. Azərbaycan bu hissənin tikintisində maraqlıdır. Biz bu yaxınlarda Xəzər sammiti çərçivəsində prezident Əliyevlə görüşdük və bu barədə müzakirələr apardıq. İran da bunda maraqlıdır və iranlı tərəfdaşlarımız bunu indi təsdiqləyiblər. Rusiya da bunda maraqlıdır, çünki bizim Rusiyanın şimalından, Sankt-Peterburqdan birbaşa Fars körfəzinə çıxışımız olacaq. Çox maraqlı və perspektivli marşrutdur. Orada məsələ bir hissəni tikməkdir, təkrar edirəm, cəmi 146 kilometr. Rusiya tərəfi bunu etməyə hazırdır”.

Rusiya mənbələri çətin relyefli, həmçinin kənd təsərrüfatına yararlı torpaq sahələrindən keçdiyinə görə Rəşt-Astara xəttinin çəkilməsinin 2 milyard dollara başa gələcəyini bildirirlər. Bunun 500 milyon dollarını Azərbaycan ayırıb, İran bu yatırımın qalan 1,5 milyard dollarlıq hissəsinin Rusiya tərəfindən qoyulmasını, əvəzində daşıma tariflərində güzəşt tətbiq edilməsini təklif edir.

Bu ilin yanvarında İranın nəqliyyat və şəhərsalma nazirinin nəqliyyat üzrə müavini Şəhriyar Əfəndizadə İRNA agentliyinə bildirib ki, İran Rusiyanın Rəşt-Astara dəmir yolu layihəsində necə iştirak edəcəyini və sərmayə qoyacağını müəyyən etmək üçün 16 maddədən ibarət memorandumunu təqdim edib: “Rusiya hökuməti maliyyə yardımı göstərməklə Rəşt-Astara dəmir yolunun tamamlanmasında iştirak etməkdə maraqlıdır”.

Əfəndizadənin sözlərinə görə, İran və Rusiya arasında keçirilən 13-cü birgə iclasda 2023-cü ilə qədər 10 milyon ton malın transferi ilə bağlı anlaşma əldə olunub. Üç ölkə - İran, Rusiya və Azərbaycan 15 milyon ton yükün ötürülməsinə razılıq verib.

İran rəsmisi həmçinin bildirib ki, Rəşt-Astara dəmiryol xəttinin tikinti işlərini tamamilə yerli şirkətlər icra edəcək və proses 3 ilə yekunlaşacaq.

Xatırladaq ki, Azərbaycan İran Astarasından bizim Astaraya qədər olan 3 km-lik hissəni tikib, İran ərazisində zəruri infrastrukturu, o cümlədən yük terminallarını öz hesabına yaradıb. Əvəzində İran həmin terminalları 25 illiyə Bakıya icarəyə verib.

Şimal-Cənub dəhlizi ilə bağlı üçtərəfli təmaslar İranın Azərbaycana qarşı təhdid, şər və böhtan kampaniyası başlatmasından sonra minimuma ensə də, Moskva ilə Tehran digər seqmentlər üzrə fəallığı davam etdirirlər. Bu seqmentlərdən biri dəniz daşımaçılığıdır. İRNA xəbər verir ki, İranın yol və şəhərsalma naziri Mehrdad Bazrpaş və Rusiya prezidentinin köməkçisi İqor Levitin hava, dəniz, dəmir yolu, avtomobil və “multimodal daşımalar” sahəsində əməkdaşlığın inkişafını müzakirə ediblər. Bazrpaş bu görüşdə Xəzər dənizi vasitəsilə yüklərin tranziti imkanlarından istifadə etməyə çağırıb.

İranlı nazir Rusiyanın RORO tipli yük gəmisinin 21 ildən sonra ilk dəfə İranın Noşəhr limanına gəlməsini qeyd edərək, bu cür daşımaları İran və Rusiya arasında dəniz ticarətində böyük addım adlandırıb. Nazirin sözlərinə görə, Xəzər dənizində İran və Rusiya arasında gəmiqayırma müqavilələri vacibdir və ötən il Şimal-Cənub Beynəlxalq Dəhlizi çərçivəsində Rusiyanın ilk tranzit yüklərinin gəlişi ilə “multimodal daşımaların” inkişafı daha səmərəli nəqliyyat əməkdaşlığı vəd edə bilər: “Şərq-Qərb dəhlizləri də daxil olmaqla, Xəzər dənizinin dəhlizləri vasitəsilə dəniz marşrutunun tranzit imkanlarının genişləndirilməsi Qafqazda quru nəqliyyatın intensivliyini azaltmaqda effektiv ola bilər”.

O qeyd edib ki, Rəştdən Xəzər limanına qədər olan 35 km-lik dəmir yolunun tikintisinin başa çatması ilə Kaspian limanı, Ənzəli limanı və Xəzər limanlarının dəmir yolu şəbəkəsi vasitəsilə ölkənin Fars körfəzindəki cənub limanları ilə, xüsusən də Bəndər Abbasla birləşdirməsi başa çatacaq: “Bu, Xəzər dənizinin şimalındakı Rusiya limanları ilə multimodal daşımalarda mühüm hadisə olacaq”.

Mart ayında Rusiya biznesi ilə görüşündə Vladimir Putin onları Şimal-Cənub nəqliyyat dəhlizinin Xəzər dənizi ilə daşınmaları sahəsinə investisiya yatırmağa çağırıb: “Bu, çox yaxşı, rentabelli, preferensial layihədir. Bizim bir çox tərəfdaşlarımız, o cümlədən ərəb dünyasından bu layihəyə çox aktiv maraq göstərirlər”. Putinin sözlərinə görə, Şimal-Cənub Süveyş kanalı, Bosfor, Dardanel boğazları kimi gəlirli olacaq, buna görə də “hələ də yetərincə pulu olan” sahibkarlar ona vəsait yatırmağa tərəddüd etməməlidilər.

İranın Azərbaycanı Şimal-Cənub dəhlizində aktiv iştirakdan kənarda qoymağa çalışması artıq açıq şəkildə hiss olunmaqdadır. Tehranın dəniz daşımaçılığından əlavə, Türkmənistan və Qazaxıstan ərazisindən Rusiyaya avtomobil magistralı çəkilməsi ideyasını aktiv dəstəkləməsi göstərir ki, Bakının müstəqil mövqeyini qəbullanmayan molla rejimi bütün gücü ilə dəhlizin Azərbaycandan yan keçən seqmentlərini inkişaf etdirməyə çalışır. Eyni zamanda Azərbaycanın maliyyə ayırdığı Rəşt-Astara layihəsinə Rusiyanı da qoşmaqla ölkəmizin ondan bəhrələnmək imkanlarını məhdudlaşdırmaq niyyətindədir. Lakin hazırkı imkanlar şəraitində İranın bu arzularına çatması real görünmür. Belə ki, Rusiya mənbələrinin məlumatına əsasən, hazırda Xəzər dənizində quru yükdaşımaları həyata keçirən 600 gəminin 250-si bu ölkəyə məxsusdur və onların çoxunun istismar müddəti 2035-ci ilədək bitəcək. Buna görə də gəmi parkının sürətli yenilənməsi üçün həmin dövrə qədər Rusiya minimum 49 ədəd orta ölçülü (Volqa-Xəzər kanalı ilə hərəkət edə bilən) yük gəmisi inşa etməlidir. Daha 32 gəmi konteyner daşımaları üçün vacibdir. İran tərəfi isə 300-dək gəmiyə ehtiyacının olduğunu bəyan edib. Bundan əlavə, Rusiyanın Xəzər sahilindəki limanlarının yük ötürmək imkanları məhduddur, onların genişləndirilməsi milyardlarla dollar investisiya tələb edir.

Beləliklə, aydın olur ki, Xəzərlə daşımaları zəruri həcmə çatdırmaq üçün yaxın 10 ildə nə İranda, nə də Rusiyada zəruri infrastruktur yoxdur. Bu baxımdan, Azərbaycan üzərindən avtomobil və dəmiryol daşımaçılığı onlar üçün zərurətdir. Lakin mövcud şərtlərlə Azərbaycanı buna razı salmaq üçün Tehran öz böhtan və təhdid ritorikasından tam imtina etməli, ölkəmizin daxilində zərərli fəaliyyətlərini dayandırmalıdır. Onsuz da Qərbin sanksiyaları altında olan iki dövlətin marağına cavab verən layihədə iştirakla riskə gedən Bakı üçün hazırda daha əlverişli olan Şərq-Qərb nəqliyyat dəhlizinin genişlənməsidir...

Dünya SAKİT,

“Yeni Müsavat”




Ana səhifəyə qayıt        Baxış: 3 329          Tarix: 14-04-2023, 09:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma