Xəbər lenti

“Azərbaycan Prezidenti İlham Əliyevin aprelin 13-də Bosniya və Herseqovinaya baş tutan səfəri ilə rəsmi Bakı Avropada daha bir strateji tərəfdaş qazanıb”.

"Report" xəbər verir ki, bu barədə Ceymstaun Fondunun (“The Jamestown Foundation”) məqaləsində deyilir.

Yazıda qeyd olunur ki, son illər Azərbaycan ilə Bosniya və Herseqovina arasında münasibətlər intensivləşib: Azərbaycan pandemiya dövründə bu ölkəyə humanitar yardım göndərib, 2021-ci ildə isə Sarayevoda səfirlik açıb.

"Ukraynadakı müharibə Asiya ilə Avropa arasında alternativ enerji mənbələri və nəqliyyat marşrutlarının aktuallığını əhəmiyyətli dərəcədə artırıb. Azərbaycan bütün Avropada Rusiya qazını tamamilə əvəz edəcək qədər qaz həcminə malik olmasa da, müəyyən Qərb ölkələri üçün bu məsələdə həlledici rol oynayır", - Ceymstaun Fondu qeyd edir.

Avropa İttifaqı (Aİ) qitədə sabitliyin və təhlükəsizliyin təmin edilməsində və saxlanmasında maraqlı olduğu üçün Azərbaycanın Balkan yarımadasında və İtaliyada iştirakına böyük əhəmiyyət verir. Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin 2022-ci ildə Bakıya səfər etməsi də bunu sübut edir.

Qeyd olunur ki, Azərbaycan hazırda Balkan yarımadası ölkələrindən Bolqarıstan və Yunanıstan ilə kifayət qədər sıx əməkdaşlıq edir. 2022-ci ilin sonunda açıqlanmış məlumata görə, Trans-Adriatik Boru Kəmərinin (TAP) kommersiya istismarına verildiyi 2020-ci ildən etibarən 18 milyard kubmetrdən çox təbii qaz təhlükəsiz şəkildə Yunanıstan, Bolqarıstan və İtaliyaya nəql edilib.

Öz növbəsində, Azərbaycanla 1 milyard kubmetr təbii qazın tədarükünə dair müqaviləsi olan Bolqarıstan bu həcmi artırmaq istəyir.

Bundan əlavə, digər layihələr, o cümlədən Rumıniya-Serbiya qaz konnektorunun tikintisi üçün böyük potensial var. Şimali Makedoniya da dəfələrlə Azərbaycan qazının idxalında maraqlı olduğunu bildirib. Bundan başqa, hazırda tikintisi davam edən İon-Adriatik Boru Kəməri (IAP) Azərbaycan qazının Albaniyadan Monteneqro və Bosniya-Herseqovina vasitəsilə Xorvatiyaya, oradan isə Mərkəzi Avropaya nəqlinə imkan yaradacaq.

Beləliklə, Avrasiyada baş verən geosiyasi hadisələr fonunda Azərbaycanın öz təsirini Qafqazdan və Xəzər dənizi regionundan həm şərqə (Mərkəzi Asiya), həm də qərbə (Balkan yarımadası) genişləndirmək üçün tarixi şansı var. “Avropaya enerji daşıyıcılarının tədarükünün artırılması və ən mühüm layihələrin gələcək inkişafı rəsmi Bakının imkanlarını yalnız artıracaq”, - məqalədə deyilir.

Cənub Qaz Dəhlizinin və onun Balkan yarımadası seqmenti olan TAP-ın tikintisi ilə Azərbaycanın regionda daha fəal rol oynaması, mühüm enerji resurslarının Balkan yarımadasına və onun hüdudlarından kənara nəql etmək üçün potensial mərkəzə çevrilməsi labüddür.




Ana səhifəyə qayıt        Baxış: 3 267          Tarix: 26-04-2023, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma